Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar avqustun 26-da keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə bağlı Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin şöbə müdirləri Yasin Əliyevin, Elxan Novruzovun, Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmmədovun çıxışları olub. Çıxışlarda bildirilib ki, 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələrinin texniki müayinəsi təşkil edilib. Bu məqsədlə avqust ayının 11-dən 19-dək 303 ədəd avtobus və mikroavtobus texniki müayinədən keçirilib, 44 ədəd avtobusdakı bəzi nasazlıqların aradan qaldırılması üçün onlara vaxt verilib, istismara uyğun olmayan 6 avtobus marşrutdan kənarlaşdırılıb.
Avqust ayının 19-dan 25-nə kimi muxtar respublika ərazisində fəaliyyət göstərən 496 ədəd taksi payız-qış mövsümünə hazırlıq məqsədilə texniki müayinədən keçirilib, nasazlıqlar aradan qaldırılıb.
Bundan əlavə, nazirliyin reyd komissiyası tərəfindən keçirilən yoxlamalar zamanı qeyri-qanuni sərnişin və yükdaşıma ilə məşğul olan avtonəqliyyat vasitələri müəyyən olunub, sahibləri ilə profilaktik iş aparılıb.
Sonra seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Nail ƏSGƏROV