Naxışnərgiz muxtar respublikamızda o qədər də böyük olmayan yaşayış məntəqələrindən biridir. Babək rayonunun ərazisində, Qahab kəndinin yaxınlığında, dağların aşağı ətəklərinə sığınmış yurd yeridir. Bu kəndin maraqlı bir tarixçəsi var. Belə ki, Naxışnərgiz kəndinin əhalisi, indiki sakinlərin ulu babaları bu yerdən xeyli aralıda, Nəhəcir dağının ətəklərində, füsunkar bir yerdə yaşayıblar. Qədim yurd yerləri olan Naxışnərgiz və Süraməlik bir-birinin yaxınlığında olan səfalı kəndlər, sazlı-sözlü aşıqları, el ağsaqqalları, xanım-xatın ağbirçəkləri ilə seçilən dağ kəndləri idi. Bu kəndlərdə toxunan xalçalar, kilim və palazlar adla deyilərmiş. Bağ-bağçalardakı meyvələrin dadı-tamı bambaşqa imiş.
Lakin sonralar çətinliklər yaranıb, əhalinin yaşayışında, güzəranında problemlər baş qaldırıb, ən başlıcası isə təsərrüfat və içməli su qıtlığından sakinlər tədricən bu yerləri tərk edib, indiki Naxışnərgiz kəndində və ətraf yaşayış məntəqələrində məskunlaşıb.
Bəs bu kəndə niyə Naxışnərgiz adını veriblər? Yaşı 80-ə yaxın olan kənd ağsaqqalı İsmayıl Zamanov deyir ki, bir vaxtlar bu kənddə Nərgiz adlı bir qadın yaşayırmış. Xalça toxuyurmuş. Onun toxuduğu xalçalar keyfiyyətinə, rəng çalarlarına, cizgilərinə görə seçilərmiş. O, bu xalçaların ipliyini yerli balbas cinsli qoyunların yunundan hazırlayar, onları cəhrədə əyirərmiş. Nərgiz nənə bu iplərə yurd yerlərinin təbiətindən, geniş düzlərindən topladığı güllərdən, çiçəklərdən rəng qatarmış. Xalçaçı qadın əl işinə fərqli ilmələr vurar, mürəkkəb toxunuşa malik xalçalar toxuyarmış. Bu xalçalardan biri o vaxtlar keçirilən sərgilərin birində mükafata layiq görülmüşdür.
Deyilənə görə, həmin xalça indi də Sankt-Peterburq muzeylərinin birində qorunub saxlanılır. Kəndin yaşlı adamlarının dediyinə görə, elə o vaxtdan da bu ərazi Naxışnərgiz adlandırılıb. Onu da qeyd edək ki, kəndin indiki sakinləri də zəhmətkeş, torpağa, əməyə bağlıdırlar. Sənəti, sənətkarı qiymətləndirən, adət-ənənələri yaşadandırlar. Bu kənddə 1898-ci ildə məscid binası da inşa olunub. Qədim Pir hesab edilən yer də bu kəndin ərazisindədir.
Naxışnərgiz müstəqilliyin işığına bürünüb
Bu kiçik yaşayış məntəqəsində 178 təsərrüfat və 921 hektar ümumi torpaq sahəsi var. Naxışnərgizdə 635 sakin yaşayır. Kənd əhalisinin əksəriyyəti əkinçilik, taxılçılıq, heyvandarlıq və arıçılıqla məşğul olur. Yay günlərində əkin sahələrində qaynarlıq müşahidə edilir. Bu xoş görüntülər bizi zəhmətkeş insanların, torpaq adamlarının yanına çəkib gətirdi, onlarla elə geniş tarlalarda, bərəkət qoxuyan, çəkilən zəhmətin bəhrəsi görülən ərazilərdə həmsöhbət olmaq istəyi yarandı.
Torpaq mülkiyyətçisi Zaman Zamanovla əkin sahəsində görüşüb, hal-əhval tuturuq. Dolanışığından, kəndin müasirləşməsindən həvəslə danışır. Gördüyü işin müqabilində yaxşı qazancı olduğunu deyir. Taxıl, yonca, tərəvəz əkir, heyvandarlıqla məşğul olur.
56 yaşlı təsərrüfat adamı Bulud Nəcəfovla da həmsöhbət oluruq. Otlu, sulu sahəyə düzdüyü arı ailələrinə qulluq göstərir. Bərəkətli olsun, – deyib salamlaşırıq. Deyir ki, 25-dən artıq arı ailəsi var. Bu peşəni nəsillikcə davam etdiririk. Atam, babam arıçılıqla məşğul olublar. Zəngin təbiətimiz var. Arıçılıq üçün sərfəlidir. Bu sahə ilə məşğul olanlara dövlət qayğısı da göstərilir. Baytar həkimləri də mütəmadi olaraq gəlib arı və heyvandarlıq təsərrüfatlarına baxır, profilaktik tədbirlər görürlər. Övladlarımı da torpağa bağlı ruhda tərbiyə etmişəm. Məhsullarımızın isə dadına, tamına söz ola bilməz. Təsərrüfat suyu da boldur.
Bəli, bu şəraitdə kim pis dolanırsa, günah onun özündədir. Torpağı iş yeri hesab edirəm. Kifayət qədər torpaq var, təsərrüfat suyu var, əkinçilik üçün texnikalarımız, istehsal etdiyimiz məhsulun da alıcısı var. 15-20 il bundan əvvəl çətinliklərimiz olurdu, amma bu gün onların hamısı arxada qalıb.
Çörək ətri
Kənddə 2012-ci ildə müasirtipli çörəkbişirmə sexi də fəaliyyətə başlayıb. Sahibkar Yusif Zamanov deyir ki, əvvəllər həyətlərimizdə təndirlər qalanardı, çörək bişirilərdi. Amma indi müasirtipli lavaşbişirmə sexi qurmuşuq. 5 nəfər kənd sakini burada işlə təmin olunub. Çörəkbişirmə texnologiyasına yaxından bələd olan qadınlar yerli taxılın unundan ətirli, dadlı-tamlı çörəklər ərsəyə gətirirlər. Lavaşdan əlavə, dəstana, çıppa, qalın və digər çörəklər də bişirir, yerli undan əriştə də kəsirik.
“Rəhimə” lavaşbişirmə sexindəki səliqə-sahman göz oxşayır. Xalat geyinmiş qadınlar xüsusi həvəslə xəmir yoğurur, kündələyir, onu müasir avadanlıqların köməyi ilə bişirirlər.
Sahibkarın həyət-bacası da bolluqdan, xoş güzərandan xəbər verir. Həyətdə dadlı-tamlı meyvələr yetirən alma, armud, cəviz, heyva, nar ağacları sıralanıb. Rəngbərəng güllərin, çiçəklərin ətri ətrafa yayılıb.
Bu yerdə daha bir torpaq adamının evində olduq, nahar süfrəsinə qonaq edildik. Süfrədəki nemətlər onun özünün yetişdirdiyi təbii məhsullardır. Naxışnərgizdə təndirlərdən istifadə edilib-edilməməsi ilə maraqlandıq. Dedilər ki, təndir salınan, lavaş, dəstana, çıppa, qalın bişirilən evlər var. Elə bu gün Qəzənfər Qurbanovun evində də təndir salınıb. Maraq bizi həmin ünvana çəkdi. 4 nəfər qadın səliqə-sahmanlı təndirəsər deyilən yerdə çörək yapırdılar. Təbii ki, çörəyin ətri də uzaqdan hiss olunurdu. Burada yaşı 85-i ötmüş Quba nənə dedi ki, biz həmişə öz taxılımızın unundan təndir çörəkləri bişirmişik. Təbii məhsullarımızın isə əvəzi yoxdur. Təndir lavaşı da onlardan biridir. Məni qıvraq saxlayan da zəhmətkeş, işgüzar olmağım, bir də ki, təbii qidalardır. Bütün bunların hamısı sağlamlığın rəhnidir.
Ağsaqqal sözü, ağbirçək öyüdü
Daha bir həyətdə olduq. Evin sahibi İsmayıl kişi söhbətinə belə başladı:
– Yaşım səksənə yaxınlaşsa da, özümü qıvraq hiss edirəm. Həmişə də torpaqla, zəhmətlə, iş-güclə məşğul olmuşam, təbii qidalar qəbul etmişəm. İndinin özündə də tezdən oyanıram, mal-heyvanı naxıra ötürürəm. Beləcə, təsərrüfat qayğılarım başlayır. Gənclərimizə həmişə tövsiyə etmişəm ki, iş insanın cövhəridir. Çalışsan, zəhmət çəksən bəhrəsini də görərsən. Sağ olsunlar, sözümüzü eşidirlər. Kəndimizin gəncləri qoçaqdırlar, zəhmətkeşdirlər, qurub-yaradır, fərdi təsərrüfatlarını genişləndirirlər. İndiki dövrdə kimin ruzi-bərəkəti azdır, demək ki, o, tənbəldir.
Söhbət məqamında İsmayıl kişinin ömür-gün yoldaşı Səhər xanım da gəlir.
– İsmayıl kişi, yəqin ki, qonaq gözləyirdiniz? – deyə soruşuruq: – Bizdə may ayından ta dekabra kimi stol-stulumuz həyətdə olar. Bax sözümüzü o qədim samovar ki, görürsünüz, qış aylarına kimi həyətin yuxarı tərəfindədir. Elə gün olmaz ki, samovarı bir-iki dəfə salmayaq. Səhər xanımla birlikdə çox mehriban bir ailəmiz var. Zarafat deyil, 10 övlad böyüdüb ev-eşik etmişik. Sovetin dövründə 10 uşağı olan qadınlara qəhrəman ana deyirdilər. Nəvə-nəticəmizin sayı isə 40-a yaxındır. Bu gün-sabah kötücə sevincini də yaşayacağıq. Xoşbəxtlik, firavan həyat hər kəsin öz əlindədir. Gərək ona sahib olmağı bacarasan. Süfrədə gördüyünüz bütün bu nemətlər kənd məhsulları, təbii qidalardır, Səhər xanımın əl səliqəsidir.
Söhbətimizə Səhər xanım da qoşulur: – Ömrümüzü-günümüzü dağda-daşda, oba yerlərində, güllü-çiçəkli yamaclarda keçirmişik. Nehrədə yağ, şor-kərə tutmuşuq, pendir vurmuşuq, balımızın əvəzi yoxdur. Nehrəni, cəhrəni bu gün də qoruyub saxlayırıq. Qız-gəlinlərimizə xalça toxumağı da öyrətmişik. Qədim adət-ənənələrimiz yaşadılır, nəsildən-nəslə ötürülür.
Ziya ocağı – müasirtipli kənd məktəbi
Uzun illər Naxışnərgizdə məktəb binası olmayıb. Kənd uşaqları qonşuluqdakı Qahab məktəbində təhsil alıblar. 2014-cü ilin dekabrında isə bu kiçik yaşayış məntəqəsində mühüm infrastruktur layihələri reallaşdırılıb, kompleks quruculuq işləri aparılıb. İkimərtəbəli kənd mərkəzi və 3 mərtəbəli, 234 şagird yerlik məktəb binası inşa olunub, xidmət mərkəzi istifadəyə verilib. İndi sakinlər tez-tez bir mərkəzə gəlir, qısa vaxtda işlərini həll edirlər. Qeyd edək ki, kəndin gələcək inkişaf perspektivinə hesablanan bu yeni binaların xidmətindən qarşıdakı onilliklər ərzində səmərəli şəkildə istifadə etmək mümkün olacaq.
Naxışnərgiz kənd tam orta məktəbində 182 şagird təhsil alır. Onların təlim-tərbiyəsilə 25 müəllim məşğul olur. Burada kimya, biologiya, fizika laboratoriyaları, müxtəlif fənn kabinələri, elektron lövhəli siniflər, müasir kompüterlər quraşdırılmış sinif otaqları vardır.
* * *
Bəli, bir vaxtlar Nərgiz nənənin böyük həvəslə, ustalıqla toxuduğu o qiymətli xalçanın naxışlarını, rəng çalarlarını indi Naxışnərgiz kəndinin özündə, təbiətində, yolunda, yeni binalarında, bağ-bağçasında görə bilirsən. Kəndətrafı yüksəkliklərdən baxanda sanki təbiət bu yerdə gözəl bir xalı sərib. Yay fəslinin ana təbiətə çəkdiyi rəng çalarları da gözəldir. Sanki təbiətin qoynunda, Naxışnərgiz adlı məkanda böyük bir xalı canlı olaraq torpağın üzərinə ilmələnib. Bu tablonun müəllifləri isə zəhmətkeş Naxışnərgiz kəndinin sakinləridir.
Məhəmməd FƏRƏCOV
Naxçıvan Dövlət Radiosunun baş redaktoru