Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2017-ci ilin birinci yarımilinin yekunları ilə bağlı keçirilən kollegiya iclasında komitənin sədri Ramilə Seyidova hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, muxtar respublikada yaşayan ailələr, qadınlar və uşaqlar haqqında məlumat bazası yenilənib, göstəricilər geniş təhlil edilib. Məlum olub ki, ailələrin sayında 1,06, qadınların sayında 1 və uşaqların sayında 1,06 faiz artım olub.
Ramilə Seyidova qeyd edib ki, aztəminatlı ailələrin sosial problemlərinin həlli üçün aidiyyəti orqanlarla birlikdə müvafiq işlərin həyata keçirilməsi cari ildə də diqqət mərkəzində saxlanılıb, xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrə baş çəkilib, onların problemlərinin aradan qaldırılması ilə bağlı işlər görülüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar 650 nəfər sağlamlıq imkanları məhdud və aztəminatlı ailənin üzvü olan qadınlarla əlaqə saxlanılıb, 36 nəfər qadının müvafiq peşə kurslarına cəlb olunması üçün məlumatlar aidiyyəti təşkilatlara göndərilib.
Diqqətə çatdırılıb ki, qadınların özünüməşğulluğunun təmin edilməsi məqsədilə hesabat dövründə 3 dəfə istedadlı qadınların əl işlərinin sərgi-satışı təşkil olunub, sərgi-satışlarda və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən qadınların əl işləri mağazasında 165 istedadlı qadının 4856 manat dəyərində 714 əl işinin satışı həyata keçirilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Мuxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə adaptasiya olunmaları, inklüziv və inteqrasiyalı təhsilə cəlbi ilə əlaqədar 750 nəfər bu qəbildən olan uşağın valideynləri ilə əlaqə saxlanılıb. Uşaqların potensialına uyğun olaraq 29 uşaq məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisələrinə, reabilitasiya mərkəzinə göndərilib. Müvafiq kateqoriyadan olan uşaqlarla bağlı yaranan çətinliklərin aradan qaldırılması və bu sahədə görülən işlərə nəzarət üçün 135 məktəbəqədər, məktəb, məktəbdənkənar müəssisələrdə monitorinqlər aparılıb, 3 dəfə sağlamlıq imkanları məhdud uşaqların valideynləri və müəllimləri arasında maarifləndirici görüşlər keçirilib.
Komitə sədri bildirib ki, sağlamlıq imkanları məhdud, eləcə də hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqların, aztəminatlı ailələrin uşaqlarının asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə onlar üçün teatr tamaşaları, animasiya və cizgi filmləri, konsert proqramları, tarixi və istirahət guşələrinə ekskursiyalar təşkil olunub. Həmçinin muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib.
2017-ci ilin 6 ayı ərzində komitə tərəfindən hər iki valideynini itirmiş 1 uşağın və övladlığa götürülmüş 3 uşağın ümumi uçotu aparılıb.
Qeyd olunub ki, cari ilin 6 ayı ərzində vətəndaşlar tərəfindən komitəyə 5 yazılı, 136 şifahi, elektron ünvanına isə 6 müraciət daxil olub. Bütün müraciətlərə qanunamüvafiq qaydada baxılıb.
İclasda komitənin sədr müavini Aytən Məmmədova, aparat rəhbəri Zeynal Hümbətov, şöbə müdirləri Sahir Rüstəmov və Vüsalə Vəliyeva çıxış ediblər.
Sonda kollegiya iclasına komitə sədri Ramilə Seyidova yekun vurub.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti
* * *
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində də 2017-ci ilin ilk altı ayı ərzində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib. Tədbirdə müəssisənin direktoru Behruz Əzimov məruzə ilə çıxış edib.
Qeyd edilib ki, bəhs olunan dövr ərzində muxtar respublika əhalisinin, idarə, müəssisə və təşkilatların neft və maye qaz məhsullarına olan tələbatını təmin etmək məqsədilə Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi bir sıra məqsədyönlü tədbirlər həyata keçirib. Bakı Neft Bazası ilə bağlanmış müqaviləyə əsasən muxtar respublikaya 40 min ton A-92 markalı benzin, 120 min ton dizel yanacağı, 20 min ton bitum, 11 min ton mazut, 1200 ton müxtəlif yağlar, 5 min ton maye qaz gətirilməsi nəzərdə tutulub. İlin ilk altı ayı ərzində muxtar respublikaya 15 min 8 ton A-92 markalı benzin, 40 min ton dizel yanacağı, 1483 ton bitum, 11 min ton mazut, 105 ton müxtəlif növ yağlar, 349 ton maye qaz gətirilib.
Bildirilib ki, alınan yanacaq muxtar respublikaya İran İslam Respublikasını keçməklə və Bakı-Gürcüstan-Türkiyə marşrutları üzrə daşınır. 2017-ci ilin 6 ayında Gürcüstan-Türkiyə xətti ilə 7627 ton dizel yanacağı və 491,7 ton A-92 markalı avtobenzin, ümumilikdə, 8118,7 ton neft məhsulları, İran İslam Respublikasından keçməklə 31760,2 ton dizel yanacağı, 14497,3 ton A-92 markalı benzin, 1483,6 ton bitum, 11000 ton mazut, 349,9 ton maye qaz, 105,3 ton müxtəlif yağlar, ümumilikdə, 59146 ton neft məhsulları gətirilib.
Vurğulanıb ki, müəssisə 2017-ci ilin ilk 6 ayında ümumi dövriyyəsi 39 milyon 725 min manat olan 66117,5 ton müxtəlif növ neft məhsulları satıb ki, bu da 15733,2 ton avtobenzin, 38437,9 ton dizel yanacağı, 1483,6 ton bitum, 10034,5 ton mazut, 323 ton maye qaz, 105,3 ton müxtəlif növ yağlardan ibarətdir. 2017-ci ilin 6 ayında müəssisə satışdan 399,8 min manat mənfəət əldə edib.
Diqqətə çatdırılıb ki, boruların, nasosların, elektrik avadanlıqlarının saz vəziyyətdə olması daim nəzarətdə saxlanılır və lazımi tədbirlər görülür. Müəssisəyə yanacaq daşıyan avtomaşınlar tam saz vəziyyətdədir. Yanacaq ehtiyatı yaradılıb.
Müəssisənin anbarlarında 1543,3 ton A-92 markalı benzin, 4758,4 ton dizel yanacağı, 129,8 ton maye qaz ehtiyatı vardır.
Sonra müəssisənin neft məhsulları anbarının müdiri Kazım Rzayev çıxış edib.
Yığıncağa Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Behruz Əzimov yekun vurub.
Muxtar MƏMMƏDOV