Artıq neçə ildir ki, mənfur Ermənistan tərəfindən elan olunmamış müharibəyə cəlb edilmişik və bunun nəticəsində torpaqlarımızın bir hissəsi işğala məruz qalıb. Belə bir şəraitdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Çünki vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə, bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür. Gənclərin buna yiyələnmələri, bütövlükdə, dövlətin ümummilli ideologiyasının qorunması baxımından müstəsna əhəmiyyətə malikdir.
Xalqımız hər zaman gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına diqqət göstərib və ona ən vacib məsələ kimi baxıb. Qeyd edək ki, insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradan, apardığı mübarizədə onda inam hissini gücləndirən vətənpərvərlik tərbiyəsi ailədə, tərbiyə müəssisələrində və ümumtəhsil məktəblərində uşaq və yeniyetmələrə verilən vahid tərbiyə işinin vacib tərkib hissəsidir.
Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elinə, obasına, yurduna, vətəndaşı olduğu ölkəyə məhəbbətdən doğan ən ali və əzəli hisslərdəndir. Vətən naminə çalışmaq, onu qorumağa hər an hazır olmaq, bu yolda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın, soydaşlarının hər bir uğuruna sevinmək hissi təbii olsa da, bütün digər hisslər kimi tərbiyəyə ehtiyacı var və təbliğat yolu ilə daha da möhkəmlənir. Bu gün hüquqi, demokratik dövlət quruculuğunun inkişaf etdiyi ölkəmizdə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi prioritet istiqamətlərdən birinə çevrilib. Gənclərlə bağlı qəbul edilmiş hüquqi-normativ aktlarda, fərman və sərəncamlarda, dövlət proqramlarında gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi ilə bağlı tədbirlər və təkliflərin öz əksini tapması ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunun güclənməsi sahəsində həyata keçirilən işlərin uğurla davam etdirilməsindən xəbər verir.
Şübhəsiz ki, hər bir insanda vətənpərvərlik tərbiyəsinin əsası ailədə qoyulur. Ona görə də ailədə bu tərbiyə yalnız planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalı, uşaqların yüksək əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnməsinə və şəxsiyyət kimi formalaşmasına daim diqqət yetirilməlidir. Çalışmaq lazımdır ki, uşaqlar nizam-intizamlı, savadlı böyüsün, ölkəmizin tarixini, coğrafiyasını, mədəniyyətini, milli dəyərlərini bilsin və Vətəni sevsinlər.
Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən biri olduğundan onun böyüməkdə olan nəslə aşılanması ailə və məktəbin ən vacib vəzifələrindən hesab edilir. Günü-gündən müasir dövrə uyğun şəkildə inkişaf etdirilən Azərbaycan təhsilinin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz ölkəmizdə sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsi işinin məntiqi davamıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev təhsil işçiləri ilə çoxsaylı görüşlərinin birində vətənpərvərlik tərbiyəsində, uşaq və gənclərin Vətənə məhəbbət ruhunda böyüməsində məktəblərin rolunu yüksək qiymətləndirərək demişdir: “Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarında vətənpərvərlik əhval-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin”.
Bu mənada, gənc nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə xüsusilə böyük vəzifələr düşür. Onlar məktəbə gələn uşaqlara ilk günlərdən Vətənə məhəbbət hissini aşılamalıdırlar. Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərə ilkin hərbi bilik, bacarıq və vərdişlərin aşılanmasının onların hərbi-vətənpərvərlik tərbiyəsinə böyük təsiri vardır. Bu məqsədlə ümumtəhsil məktəblərində “Şahin”, “Sərhəd”, “Vətənin müdafiəsinə hazıram” hərbi-idman və turizm oyunları keçirilir. Müharibə şəraitində yaşayan ölkəmizdə məktəblərdə hərbi hazırlıq dərslərinin yüksək səviyyədə təşkili məqsədilə müasir əyani vəsaitlərlə təchiz edilmiş hərbi kabinələrin yaradılmasına və tədrisin ixtisaslı kadrlar tərəfindən aparılmasına xüsusi diqqət göstərilir. Sözsüz ki, bu dərslərin gənc nəslin gələcəyin vətənpərvər vətəndaşı kimi tərbiyələnməsində böyük rolu vardır. Eyni zamanda orta məktəb şagirdlərinin hərbi hissələrə aparılması, onların hərbçilərlə görüşlərinin təşkil edilməsi gənclərdə vətənpərvərlik tərbiyəsini daha da yüksəldir, onları Vətəni qorumağa ruhlandırır.
Vətənpərvərlik tərbiyəsi həmçinin gənc nəslin mənsub olduğu milli dəyərlərə, tarixi ənənələrə bağlılığını da özündə ehtiva edir. Vətənin tarixi keçmişini dərindən bilmək, milli dəyərlərinə sahib olmaq, adət-ənənələrini öyrənmək, maddi və mənəvi sərvətlərini qorumaq vətənpərvər insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir. Bu keyfiyyətləri gənclərə aşılamaq üçün isə gənc nəslin tarixi yerlərə gəzintisini təşkil etmək, tarixi günlərə həsr olunmuş tədbirlər keçirmək böyük əhəmiyyət kəsb edir.
Bu gün muxtar respublikamızdakı orta və ali məktəblərdə bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına, idmana ciddi fikir verilir, digər tərəfdən isə gənclərdə vətənpərvərlik hissini yüksəltmək, onları Vətənin hər daşını, hər qarış torpağını tanıtmaq ruhunda tərbiyə etmək məqsədilə müxtəlif tədbirlər, layihələr həyata keçirilir. Bu istiqamətdə fəaliyyətinə böyük əhəmiyyət verən Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatı da gənc nəsildə milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi ilə bağlı aidiyyəti qurumlarla birgə tədbirlər təşkil edir, milli qəhrəmanlarımız gənclər arasında geniş təbliğ olunur. Ümumtəhsil müəssisələrində vətənpərvərlik tərbiyəsinə aid torpağa, Vətənə məhəbbət hisslərini aşılayan tədbirlər reallaşdırılır. Müharibə iştirakçıları ilə məktəblilərin, gənclərin görüşləri keçirilir.
Qürur hissi ilə deyirik ki, bu gün ölkəmizdə Vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan, azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər ordusu formalaşıb. Bu isə, öz növbəsində, gəncliyə yaradılan hərtərəfli şərait, göstərilən dövlət qayğısı sayəsində mümkün olub. Gənclər Vətən qarşısında öz vətəndaşlıq vəzifələrini layiqincə başa düşür və ərazi bütövlüyümüzün qorunmasında, milli dövlət quruculuğunda fəal iştirak edirlər. Bu isə onu təsdiqləyir ki, bütün sahələrdə uğurlar qazanan Azərbaycan gəncliyi düşmən tapdağı altında olan torpaqlarımızı da hər an azad etməyə hazırdır. Buna görə də xalqımız əmindir ki, yaxın vaxtlarda işğal altında olan torpaqlarımızda Azərbaycan bayrağı dalğalanacaqdır.
Mirməcid SEYİDOV
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin
Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri