Xəbər verdiyimiz kimi, iyulun 31-də Türkiyə Respublikası İqdır Vilayətinin yeni valisi Ənvər Ünlü Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Səfər çərçivəsində qonaq əvvəlcə Azərbaycan xalqının ümummilli liderinin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Ənvər Ünlü daha sonra Naxçıvan Dövlət Xalça Muzeyinə və Duzdağ Fizioterapiya Mərkəzinə gəlib, həmin mədəniyyət və səhiyyə müəssisələri ilə yaxından tanış olub.
İqdır Vilayətinin valisi Duzdağ Fizioterapiya Mərkəzində Naxçıvan televiziyasına müsahibə verib. O deyib: “Bu səfərim tanışlıq xarakteri daşıyır. Naxçıvanda keçirdiyim görüşlərdə qarşılıqlı iqtisadi-ticarət əlaqələrindən, idxal-ixrac imkanlarımızdan və digər sahələrdəki əməkdaşlığımızın gələcək perspektivlərindən danışdıq. İnanırıq ki, hər iki tərəfdə gömrük məntəqələrində aparılan infrastruktur quruculuğu tədbirləri iqtisadi əlaqələrimizin inkişafına öz töhfəsini verəcəkdir”.
Naxçıvan Muxtar Respublikasına səfərindən məmnun olduğunu bildirən Ənvər Ünlü qeyd edib ki, Duzdağ Fizioterapiya Mərkəzinin təbii müalicə imkanları onun diqqətini cəlb edib: “Dünyanın bir çox ölkələrindən Duzdağ Fizioterapiya Mərkəzinə müalicə olunmaq üçün gəlirlər. Bura Türkiyədən gələn insanlar da az deyil. Mərkəzlə tanışlıq zamanı gördük ki, səhiyyə müəssisəsində xəstələrin rahatlığının təmin olunması üçün hərtərəfli şərait yaradılıb. Mən Duzdağın necə gözəl bir müalicə mərkəzi olduğunu öyrəndim”.
İqdır Vilayətinin valisi Naxçıvandan dərin təəssüratlarla ayrıldığını bildirərək deyib ki, iki dövlət, bir millət olan qardaş ölkələrin əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikası əhəmiyyətli rola malikdir.
Xəbərlər şöbəsi