Qədim diyarımız Naxçıvan. Bu gün bu diyar Azərbaycanın ən böyük tarixi şəxsiyyəti, xalqımızın ümummilli lideri Heydər Əliyevin, mütəfəkkirlərin, görkəmli sərkərdələrin, dahi söz korifeylərimizin arzularının reallaşdığı möhtəşəm bir məkandır. Ulu öndər ideyalarına böyük sədaqət nümayiş etdirən, ondan güc alan, görkəmli dövlət xadiminin göstərdiyi yolla qətiyyətlə irəliləyən, günü-gündən inkişaf edən, Şərqin qapısında məğrur dayanan, düşmənə gözdağı olan Naxçıvan bu gün vətənpərvərlik nümunəsinə çevrilib. Naxçıvanda həyat elə qurulub ki, yaxın və uzaq ölkələrdən buraya gələnlər ideal bir məkanda olduqlarını görürlər. Təəccübləndiklərini də gizlətmirlər ki, doğma Vətəndən cismən ayrı düşmüş bir məmləkətdə qısa zaman kəsiyində bu miqyasda inkişafa necə nail olunub? Bütün bu nailiyyətlər Azərbaycan Prezidentinin tövsiyə və tapşırıqlarını dərhal, həm də ən yüksək səviyyədə yerinə yetirən Vətənə sədaqətli naxçıvanlıların fədakarlığı sayəsində reallaşıb.
Naxçıvanda bütün məsələlərə yalnız ədalətli yanaşmanın şahidi olursan. Nizam-intizam isə həyatın ayrılmaz tərkib hissəsidir. Bir çoxlarımızın mümkünsüz hesab etdiyi məsələ məhz burada gerçəkləşib: insanların şüurunda, müsbət mənada, inqilabi dəyişiklik baş verib. Hər kəs qanunlara sözsüz əməl etməyin əhəmiyyətini anlayır, Vətən üçün faydalı olan işlərə can atır, faydasız işlərlə məşğul olmaq istəyənlər dərhal ciddi ictimai qınaqla qarşılaşır. Burada ətraf mühitin, təmizliyin qorunmasına, insana həyat bəxş edən yaşıllıqların salınmasına, onlara vaxtında qulluq göstərilməsinə xüsusi diqqət yetirilir. Naxçıvanlılar Vətənə, xalqa, dövlətə, dövlətçiliyə, ulu öndərə, ölkə Prezidentinə, muxtar respublika rəhbərinə dərin sədaqətləri ilə seçilirlər.
Muxtar respublikadakı yüksək tələbkarlıq, prinsipiallıq, yorulmaz fəaliyyət, əqidə bütövlüyü, vətənpərvərlik kimi yüksək keyfiyyətlər idarəçiliyin aparıcı elementlərindəndir. Burada ümummilli liderin siyasi kursuna münasibətdə sözlə əməlin, dərin sədaqətlə konkret işin vəhdətini hər addımda görmək mümkündür. Naxçıvanda dahi şəxsiyyət Heydər Əliyev dövlətçilik konsepsiyasının qətiyyətlə, uğurla həyata keçirilməsi inkişafdan yeniləşməyə və yüksəlişə doğru hərəkatın başlıca təkanverici qüvvəsinə çevrilib. Bütün bunların nəticəsində özünün şaxələndirilmiş hərtərəfli inkişaf dövrünü yaşayan Naxçıvanın yeddiminillik tarixində ilk dəfədir ki, onun hətta ən ucqar dağ kəndləri də müasir şəhər görkəmi alıb, abadlaşıb, gözəl yaşayış məskəninə çevrilib. Muxtar respublikanın bu başından o başına uzanan şose yolları bütün kəndlərdə də özünə yer tapıb, kənddaxili yollar tamamilə asfaltlanıb, elektrik, qaz, su xətti çəkilib, telefonlaşdırılıb, internetlə tam təmin olunub, qısası, bu yaşayış məntəqələrinin şəhərdən heç bir fərqi qalmayıb. 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı olacaq, tarixi bir missiyanı yerinə yetirəcək müasir Naxçıvan bu gün yenitipli Avrasiya şəhəri kimi diqqətləri özünə cəlb edir.
Cəmiyyətimiz çox yaxşı bilir ki, bütün bunlar yalnız və yalnız nadir siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və mübarizə məktəbinin bilavasitə yetirmələri tərəfindən həyata keçirilə bilərdi. Və bu gün biz həmin məktəbin layiqli Davamçısının təkcə bu günümüzə deyil, gələcəyimizə də işıq saçan işlərinin şahidi oluruq. Həm də necə bir şəraitdə? Tam 27 ildir, blokadanın yaratdığı sarsıdıcı çətinliklərə baxmayaraq, Naxçıvanda yüksək iqtisadi fəallığa nail olunub, istehsal potensialı hərəkətə gətirilib, davamlı quruculuq işləri həyata keçirilib, sosial problemlər səmərəli həllini tapıb, ən əsası əhalinin güzəranı layiqincə yaxşılaşdırılıb və bu işlər davamlı xarakter alaraq bu gün də uğurla həyata keçirilir. Bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət muxtar respublikamızda tarazlı və davamlı inkişaf üçün başlıca amil olub, şəhər və rayonlarımızda canlanma yaranıb, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılıb, yeni təsərrüfat subyektlərinin fəaliyyəti sayəsində çoxsaylı iş yerləri açılıb.
Bəs bütün bunlar necə mümkün olub? Bəli, bugünkü Naxçıvan Vətən və dövlət sevgisindən doğan, gərgin əmək və misilsiz əzmkarlığın nəticəsində qurulub, ucaldılıb, zirvələrə yüksəldilib. Ötən 21 ildə burada əsl qəhrəmanlıq salnaməsi yazılıb. Qədim məmləkətimizdə bu gün hər bir diyar üçün çox vacib olan, hərtərəfli tərəqqiyə şərait yaradan ictimai-siyasi sabitliyin qorunması, möhkəmləndirilməsi, muxtar respublikanın cinayətsiz bölgə, Naxçıvan şəhərinin isə təhlükəsiz şəhərə çevrilməsidir.
Burada bir məqama da diqqət çəkmək istərdim. Bir çoxumuz haqlı olaraq Vətənimizi həm də öz evimiz, ocağımız hesab edirik. Yəni “ev” dedikdə təkcə mənzilimiz nəzərdə tutulmaya bilər. Bizim ümumi evimiz həm də yaşadığımız şəhər, qəsəbə, kənd, diyar və nəhayət, ölkəmizdir. Reallıqdır ki, bunlarda inkişaf, abadlıq, quruculuq, təmizlik, sabitlik olmasa, bizim heç birimiz rahatlıq tapa, övladlarımızı rahat böyüdə, onları düzgün tərbiyə edə, yüksək təhsil almalarına nail ola bilmərik. Firavan həyatın birinci formulu yaşadığın diyarın abadlaşması, gözəlləşməsi və burada sabitliyin, əmin-amanlığın olmasıdır. Heç vaxt unutmuruq ki, bizim gələcəyimiz, taleyimiz yurdumuzun gələcəyi ilə birbaşa bağlıdır. Çünki, qeyd etdiyimiz kimi, yurdumuz hər birimizin ümumi evidir. Ona görə də insan öz evinə necə münasibət bəsləyirsə, Vətəninə də bu şəkildə yanaşmalıdır. Naxçıvanlılar bu baxımdan da nümunədirlər.
Bu gün Naxçıvanda hər kəs öz evinə necə diqqət yetirirsə, yaşadığı məkana da bu cür diqqət göstərir, onun təmizliyinin, abadlığının qayğısına qalır. Həm də bu səbəbdən diyarımız hər keçən gün daha da gözəlləşir. Onun inkişafını görəndə insan böyük fəxarət hissləri keçirir, gələcəyə inamı artır. İnanırsan ki, ümumi evimizdəki bu inkişafın, həyata keçirilən humanist siyasətin nəticəsində gec-tez sən də fərdi evin sahibi olacaqsan.
Bəli, mən də uzun illər bu hisslərlə yaşadım. Və bu, doğulub boya-başa çatdığım, evim, müqəddəs ocağım hesab etdiyim Naxçıvanda reallaşdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun böyük diqqət və qayğısı nəticəsində Naxçıvan şəhərində üçotaqlı mənzillə təmin olunmağım barədə xəbəri eşidəndə sevincimin həddi-hüdudu yox idi. Məndən əvvəl də muxtar respublikada çalışan jurnalist həmkarlarım bu sevinci yaşamışdılar. Bu gün mənim də neçə illik xəyallarım dövlət qayğısı nəticəsində həyata keçmişdi. 22 ildir ki, ailə həyatı qurmuşam, ilk dəfədir, fərdi evim var. Təhsil aldığım və jurnalist kimi fəaliyyət göstərdiyim həmin illər ərzində İstanbulda, daha sonra isə Bakı şəhərində kirayədə yaşasam da, bu arzuma, istəyimə Naxçıvanda çatdım...
Dörd övladımla bu müddət ərzində kirayədə yaşamağın çətinliklərini sözlə ifadə etmək mümkün deyil. Üstəlik, bir övladım hazırda Azərbaycan Texniki Universitetinin 3-cü kursunda təhsil alır və o da Bakı şəhərində kirayədə qalır. Məhz belə bir vəziyyətdə muxtar respublika rəhbərinin göstərişi ilə Naxçıvan şəhərində mənə mənzil verildi. Bundan böyük diqqət və qayğını təsəvvür etmək mümkün deyil.
Yəqin ki, bu xəbəri eşidəndə mənim və ailə üzvlərimin, doğma kollektivimin və digər həmkarlarımın sevincinin necə hüdudsuz olduğunu təsəvvür edərsiniz.
Sosial şəbəkələrdə sevincimi dostlarla paylaşdığım andan qısa zamanda onlarla paylaşım oldu, yüzlərlə şərh yazıldı, təbrik mesajları ünvanlandı, muxtar respublika rəhbərinin bu addımı hər kəs, o cümlədən cəmiyyətin qaymağı hesab edilən ziyalılarımız tərəfindən alqışlarla qarşılandı. Ölkəmizdə fəaliyyət göstərən onlarla saytda bu barədə xəbər oxuculara çatdırıldı. Türkiyədəki jurnalist dostlarımın təbriklərinin də ardı-arası kəsilmirdi. Məni yaxından tanıyan həmkarlarım, dostlarım, qohumlarım telefonda təbrik etdikləri zaman onların çox kövrəldiklərini səslərindən hiss edirdim. Həmin dostların əksəriyyətinin dediyi bu sözləri isə heç vaxt unutmayacağam: “Sənə verilən evi sanki mənə verdilər. Ona görə də sənin qədər biz də sevinmişik”.
...Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər, – deyib dahilər. Ulu öndər Heydər Əliyevin doğulub boya-başa çatdığı Naxçıvan da doğma Azərbaycanımızın qütb ulduzudur. Tarixboyu bu diyar Azərbaycanın güclü dövlətçilik ənənələrinin, milli mədəniyyətinin, milli düşüncənin, milli ideologiyanın qorunub saxlanıldığı, kənar təsirlərdən hifz edildiyi bir məkandır. Buna görə də ən böyük arzumun məhz bu məkanda – Naxçıvanda reallaşması mənə daha böyük sevinc bəxş etdi. Bəlkə, belə də olmalı idi. Çünki Naxçıvan xəyalların, arzuların həyata keçdiyi müqəddəs bir diyardır. Bu diyara isə bir ömür sədaqət borcum var...
Rauf KƏNGƏRLİ