Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə keçirilən “Bəhruz Kəngərli yaradıcılığı” mövzusunda maarifləndirici tədbiri giriş sözü ilə xidmətin əməkdaşı Samir Abbasov açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli çıxış edərək görkəmli rəssamın yaradıcılığından bəhs edib. Bildirilib ki, dahi rəssam müxtəlif mövzularda öz fırçasını sınasa da, bütün yaradıcılığı Vətənə, torpağa, xalqa, taleyimizə bağlı olub. Dövrünün qabaqcıl ziyalılarının portretləri üzərində işləyir, karikatura və satirik rəsmlər, memarlıq, mənzərə və məişət səhnələrini əks etdirən rəsm, akvarel və rəngkarlıq əsərləri yaradırdı. Onun yaradıcılığında bir sıra əsərlər də var ki, bütövlükdə, xalqımızın yaşadığı faciəli illərin ağrı-acılarını əks etdirir. Bəhruz Kəngərli 1918-1920-ci illərdə mənfur erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edib, öz ana torpaqlarından zorla qovulan və Naxçıvana pənah gətirən azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər də yaradıb. Tarixi reallıqları özündə əks etdirən bu rəsm əsərləri daşnakların törətdikləri qırğınların, deportasiyaların, ümumən, millətimizin üzləşdiyi dərdlərin gələcək nəsillərə çatdırılmasında əvəzsiz mənbədir.
Qeyd edilib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıb. 2002-ci il iyun ayının 18-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olub. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu sərəncama əsasən Naxçıvan Muxtar Respublikasında da bir sıra işlər görülüb, Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan bir çox əsərlərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilib, ilk dəfə olaraq rəssamın əsərlərinin tam külliyyatı albom-kataloq şəklində buraxılıb. Eyni zamanda muxtar respublikada yubiley münasibətilə poçt markası, görkəmli rəssamın həyat və fəaliyyətinə həsr olunmuş sənədli film hazırlanıb. Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi bina yenidən qurulub, 2013-cü ildə istifadəyə verilib. Bu gün muzeydə realist rəssamın zəngin irsinə aid yüzlərlə eksponat mühafizə olunur.
Tədbirdə Bəhruz Kəngərlinin yaradıcılığı ilə bağlı videoslayd nümayiş etdirilib.
Sonra tədbir iştirakçıları Bəhruz Kəngərli Muzeyində olublar.
Nail ƏSGƏROV