Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli kollegiya iclasını giriş sözü ilə açaraq məruzə edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2017-ci ilin ilk 6 ayı ərzində öz fəaliyyətini gücləndirmiş, qanunvericilikdən, Əsasnamədən və iş planından irəli gələn vəzifələri icra etmişdir. Hesabat dövründə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmiş, 3 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 3 qərarı ləğv etdirilmişdir.
Qeyd olunub ki, komissiya Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq şəraitində həyata keçirilməsini təşkil edir. Hazırda komissiya tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin tutulması üçün elan edilmiş müsabiqəyə sənəd qəbulu davam edir. Müsabiqəyə 49 dövlət orqanından 642 vakant vəzifə çıxarılmışdır ki, onlardan 1-i inzibati vəzifələrin dördüncü, 22-si inzibati vəzifələrin beşinci, 93-ü inzibati vəzifələrin altıncı, 526-sı isə yeddinci təsnifatına aiddir. Hesabat dövründə bir sıra dövlət orqanları üçün daxili müsabiqələrin, şöbə və sektor müdiri vəzifələrinin tutulması üçün test imtahanlarının keçirilməsi təmin edilmişdir.
2017-ci ilin birinci yarısında muxtar respublikada fəaliyyət göstərən dövlət qulluqçularının Dövlət Qulluqçularının Reyestrinə daxil edilməsi işi davam etdirilmiş, 2419 dövlət qulluqçusu barədə məlumatlar reyestrə daxil edilmişdir. Dövlət qulluğunda çalışan şəxslərin 26 faizini gənclər, 22,5 faizini qadınlar təşkil etmişdir. Komissiyanın test bazasının yeni suallarla zənginləşdirilməsi və testlərin ekspertizasının davam etdirilməsi diqqətdə saxlanılmış, test bazasında olan suallar qanunvericiliyə edilən dəyişikliklərə uyğunlaşdırılmış, 590 yeni test tapşırığı tərtib edilərək ekspertizadan keçirilmiş və test bankına əlavə olunmuşdur.
Diqqətə çatdırılıb ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamından irəli gələn vəzifələrin icra edilməsi məqsədilə Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün tədris ili ərzində komissiyanın təcrübəli əməkdaşları tərəfindən ayda iki dəfə açıq dərslər keçilmiş, komissiyanın inzibati binasında tələbələr üçün təcrübə təşkil edilmişdir.
Dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların öyrədilməsi ilə bağlı maarifləndirici tədbirlər hesabat dövründə diqqət mərkəzində saxlanılmış, keçirilən seminarlarda, ümumilikdə, inzibati vəzifə tutan 152 dövlət qulluqçusu iştirak etmişdir. Bundan başqa, digər mərkəzi icra hakimiyyəti orqanları ilə münasibətlər gücləndirilmişdir, – deyən İsmayıl Qəribli bildirmişdir ki, dövlət orqanlarının kadr qurumları ilə mütəmadi əlaqə saxlanılmış, dövlət qulluqçularının şəxsi işlərinin və reyestrin aparılması qaydası, ixtisas dərəcələrinin verilməsi və digər məsələlərlə bağlı metodik köməklik göstərilmişdir.
Sonra komissiyanın şöbə müdiri Mahir Abbasov, şöbə müdiri vəzifəsini icra edən Samiq Salayev və sektor müdiri Türkan Gülməmmədli məruzə ətrafında çıxış etmişlər.
Komissiyanın sədri İsmayıl Qəribli kollegiya iclasına yekun vuraraq qarşıda duran vəzifələrdən danışmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti
* * *
Naxçıvan Beynəlxalq Hava Limanında bu ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.
İclası giriş sözü ilə Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli açaraq məruzə edib.
Mənşur Gülməmmədli məruzəsində bildirib ki, bu ilin birinci yarısında Naxçıvan Beynəlxalq Hava Limanında bir sıra layihələr reallaşdırılıb. Bu layihələr hava nəqliyyatı sektorunun bütün sahələrini əhatə edib. Bəhs olunan dövrdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının, Mülki Nəqliyyat Assosiasiyasının tələbləri çərçivəsində elm və texnikanın ən son nailiyyətləri hava limanında tətbiq edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində hava limanı üçün zəruri olan maşın-mexanizmlər, texniki vasitələr, materiallar alınıb gətirilib, limanda normal iş prosesi təmin edilib. Bu ilin birinci yarısında kadr hazırlığı məsələsi də diqqətdə saxlanılıb, əməkdaşlar Milli Aviasiya Akademiyasının Pilotların Hazırlığı Mərkəzində təşkil olunan kurslarda iştirak ediblər.
Qeyd olunub ki, hava gəmilərinə qulluq, sərnişin və yükün daşınmasında xidmətin yüksək səviyyədə təşkil edilməsi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, ayrı-ayrı xidmət sahələrinin zəruri texniki vasitələrlə təmin edilməsi ilin ilk yarısında qarşıya qoyulan ən başlıca vəzifələrdən olub. Aviasiya Təhlükəsizlik Xidmətinin maddi-texniki bazası möhkəmləndirilib, aerovağzal kompleksində əl yükləri və baqajın yoxlanılması prosesi beynəlxalq norma və qaydalara uyğun təşkil edilib. Bundan başqa, mühafizə postlarında şəxsi heyətin ayıq-sayıqlığının artırılması istiqamətində profilaktik tədbirlər həyata keçirilib. Uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava limanında təyyarə dayanacaqlarının örtüyünün xüsusi asfalt qatı ilə üzlənməsi prosesi artıq başa çatdırılıb. Haliyədə aerovağzalətrafı yolların təmiri işləri aparılır.
Vurğulanıb ki, bəhs edilən dövrdə yüklərin təhlükəsiz, standartlara uyğun və tövsiyə olunan tələblər səviyyəsində daşınmasını təmin etmək məqsədilə yük terminalında yenidənqurma işləri başa çatdırılıb. Şəxsi heyətin iş fəaliyyətinin tənzimlənməsi üçün bütün iş otaqları təmir olunub və terminal lazımi avadanlıqlarla təchiz edilib.
Məruzə ətrafında Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi Elnar Əliyevin, Daşımaların Təşkili və Koordinasiyası Xidmətinin rəisi Amid Zülfüqarovun, Uçuşların Elektrik-İşıq Texniki Təminat Xidmətinin rəisi Sevindik Novruzovun, Aerodrom Təminatı Sahəsinin rəisi İlkin Nəsirovun çıxışları olub.
İclasa Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli yekun vuraraq qarşıda duran vəzifələrin qısa müddətdə və yüksək keyfiyyətlə yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb.
Səbuhi HÜSEYNOV