Son illər Naxçıvanın tarixinin, arxeologiya və etnoqrafiyasının, mədəniyyətinin və təbii sərvətlərinin öyrənilməsi ciddi tədqiqatların predmetinə çevrilmiş, yeni elmi istiqamətlər müəyyənləşdirilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublika ərazisindəki tarixi abidələr tədqiq olunaraq pasportlaşdırılmış, tarix və mədəniyyət abidələrinin mühafizəsi təmin edilmiş, elmi simpoziumlar və konfranslar keçirilmişdir.
Naxçıvana həsr olunmuş çoxlu sayda kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanması, tədqiq və təbliğ olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 17 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır. Bununla bağlı keçirilən açılış mərasimində Ali Məclisin Sədri demişdir: “Naxçıvan böyük bir tarixi keçmişə malikdir. Bu tarix Sovetlər Birliyi dövründə lazımi səviyyədə öyrənilməmiş, bir sıra ciddi elmi və nəzəri səhvlərə yol verilmişdir. Ulu öndər Heydər Əliyevin istər Azərbaycana rəhbərliyinin birinci, istərsə də ikinci dövründə xalqımızın tarixinin, mədəniyyətinin və milli dəyərlər sisteminin elmi dəlil və arqumentlər əsasında yenidən öyrənilməsinə başlanmışdır. Müstəqillik dövründə Azərbaycanın tarixi, arxeologiyası, etnoqrafiyası, ədəbi mühiti və mədəniyyəti vahid elmi konsepsiya baxımından öyrənilmiş, buna uyğun olaraq, Azərbaycanşünaslıq və onun tərkib hissəsi kimi Naxçıvanşünaslıq da elmi istiqamət kimi müəyyənləşmişdir”.
9 fevral 2013-cü ildən fəaliyyətə başlayan Naxçıvanşünaslıq Mərkəzinin qarşısında qoyulmuş vəzifələrin icrası ilə yaxından tanış olmaq üçün həmin ünvanda olduq. Mərkəzin direktoru Şahin Əliyarov bildirdi ki, mərkəzdə elmi-metodik, komplektləşdirmə, kitabişləmə və elektron kataloq, biblioqrafiya proseslərinin avtomatlaşdırılması və xidmət şöbələri, surətköçürmə otağı, elektron oxu zalı, dövri mətbuat və oxu zalı, arxiv fond, eləcə də dövlət orqanları, elmi müəssisələr, ali və orta ixtisas təhsili müəssisələri və yaradıcılıq təşkilatları tərəfindən nəşr olunan kitab və dövri mətbuat fondları mövcuddur.
Ötən dövr ərzində mərkəzə daxil olan bütün çap materiallarının komplektləşdirmə, kitabişləmə və elektron kataloq şöbəsində ümumi və fərdi uçotu aparılmış, elektron kataloqda işlənərək müvafiq fondlara təhvil verilmişdir.
Hazırda mərkəzin ümumi kitab fondunda 4 min 372 nüsxə çap materialı vardır. Bunlardan 3 min 274-ü kitab, 72-si miniatür kitab, 850-si qəzet və jurnal, 176-sı avtoreferatdır. Qeyd olunan bu çap materialları aidiyyəti üzrə müvafiq fondlarda yerləşdirilmişdir.
Dövlət orqanları tərəfindən nəşr olunan çap materialları fondunda muxtar respublikanın müxtəlif nazirlik və təşkilatları tərəfindən hazırlanmış çap materialları yerləşdirilmişdir.
Direktorun dediyinə görə, elmi müəssisələr tərəfindən nəşr olunan çap materialları fondunda AMEA və AMEA Naxçıvan Bölməsinə məxsus kitab, jurnal və avtoreferatlar yer almışdır. Ali və orta ixtisas təhsili müəssisələri tərəfindən nəşr olunan çap materialları fondunda muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə məxsus çap məhsulları toplanmışdır. Yaradıcılıq təşkilatları tərəfindən nəşr olunan çap materialları fondunda isə Naxçıvan Muxtar Respublikasının Yazıçılar, Rəssamlar birliklərinə və Bəstəkarlar Təşkilatına aid kitablar yer almışdır.
Surətköçürmə otağında kitabların PDF formatı yaradılmış və mərkəzin internet saytına daxil edilmişdir.
Mərkəzin arxiv fondu da Naxçıvanşünaslığa dair arxiv materialları ilə zənginləşdirilmişdir. Burada Naxçıvanın ictimai-siyasi, elmi-mədəni həyatını əks etdirən arxiv sənədləri, həmçinin Naxçıvanın tarixini, mədəniyyətini, coğrafiyasını, sosial-iqtisadi inkişafını əks etdirən jurnal və qəzet materialları, xəritə və atlaslar, albom və fotomateriallar, DVD və CD formatında sənədli filmlər toplanmışdır.
Biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsində qəzet və jurnallardan Naxçıvanşünaslığa dair ən mühüm məqalələr seçilərək elektron qaydada işlənmiş və ənənəvi olaraq kartotekalara yerləşdirilmişdir. Şöbədə “Heydər Əliyev”, “Naxçıvanşünaslıq” və “Sərəncamlar” başlığı altında yeni kartotekalar yaradılmış və məqalələrlə zənginləşdirilmişdir. Hazırda burada 3 mindən çox məqalə işlənmişdir.
Həmin şöbəyə müraciət edən oxucular muxtar respublika həyatının müxtəlif sahələrini əhatə edən elmi və publisist məqalələrdən istifadə edə bilirlər.
Şahin Əliyarov diqqətimizə çatdırdı ki, mərkəzin elektron kitabxanası və arxivi ən müasir informasiya avadanlıq və daşıyıcıları ilə təmin olunmuş, elektron kitabxana və elektron arxiv zənginləşdirilmişdir. Həmçinin mərkəzdə olan elektron köşk vasitəsilə oxucuların kitab fondunun elektron kataloqu ilə tanış olmaq, sorğulara operativ cavab almaq və virtual sifariş vermək imkanları da var. Dövri mətbuat və oxu zalında istifadəçilər üçün fonddakı kitablardan, qəzet və jurnallardan, eləcə də internetdən istifadə imkanı yaradılmışdır.
Üç dildə hazırlanan www.e-merkez.alimeclis.az internet saytı Naxçıvanşünaslıq Mərkəzi ilə səmərəli informasiya mübadiləsi aparmağa imkan verir.
Naxçıvanşünaslıq Mərkəzinə müraciət edən hər bir şəxs mərkəzin fəaliyyəti və buradan istifadə qaydaları haqqında məlumatlandırılır. İndiyədək mərkəzin xidmət şöbəsində 746 nəfər qeydiyyatdan keçərək oxucu bileti ilə təmin edilmişdir. Oxucular içərisində ali və orta ixtisas təhsili məktəblərinin tələbələri çoxluq təşkil edirlər.
Direktorun sözlərinə görə, Naxçıvanşünaslığa aid materialların qorunub saxlanılması ilə yanaşı, onlar haqqında məlumatların gənc nəslə çatdırılması və təbliği də diqqətdə saxlanılır. Bu məqsədlə ötən dövr ərzində elmi-metodik şöbə tərəfindən mərkəzdə bir sıra açıq dərs və tədbirlər təşkil edilmişdir. Ali və orta ixtisas təhsili müəssisələrinin kollektivinin, tələbələrinin iştirakı ilə Naxçıvanşünaslıq Mərkəzində açıq dərslər keçilmişdir. Bu dərslərdə Naxçıvanın qədim və müasir tarixi, coğrafiyası, folkloru, iqtisadiyyatı, memarlığı, incəsənəti, təbiəti, tarixi abidələri, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti kimi mövzuların gənclərə çatdırılmasına daha çox yer verilmişdir. Ümumilikdə, fəaliyyəti dövründə Naxçıvanşünaslıq Mərkəzində 246 açıq dərs və tədbir keçirilmiş və bu tədbirlərdə 4870 dinləyici iştirak etmişdir.
Şahin Əliyarovla söhbətimizdən aydın oldu ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qarşıya qoyduğu vəzifələr bundan sonra da Naxçıvanşünaslıq Mərkəzinin əsas fəaliyyət istiqaməti olacaq və mərkəz Naxçıvan Muxtar Respublikasının tarixi, elmi, ədəbi mühiti, incəsənəti, təbii sərvətləri, mədəniyyəti, habelə Naxçıvanın görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətlərinin öyrənilməsi və təbliği sahəsində həyata keçirdiyi tədbirləri davam etdirəcəkdir.
Gülcamal TAHİROVA