Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində keçirilən kollegiya iclasını muxtar respublika vergilər naziri, baş vergi xidməti müşaviri Azər Nağıyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, 2017-ci ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə müəyyən olunmuş 27 milyon 579 min 900 manat proqnoza qarşı büdcəyə 29 milyon 426 min 800 manat vəsait daxil olub, proqnoz 106,7 faiz icra edilib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 714 min 800 manat və yaxud 2,5 faiz çoxdur.
Özəl sektordan vergi daxilolmaları 2016-cı ilin birinci yarımili ilə müqayisədə Ordubad rayonu üzrə 3 dəfə, Culfa rayonu üzrə 2 dəfə, Şahbuz rayonu üzrə 4,7 faiz, Kəngərli rayonu üzrə 2,9 dəfə və Sədərək rayonu üzrə 5,6 faiz artıb.
Qeyd olunub ki, POS-terminalların tətbiqinin genişləndirilməsi vergi orqanlarının qarşısında qoyulan ümdə tələblərdəndir. 1 iyul 2017-ci il tarixə muxtar respublikada fəaliyyət göstərən ticarət obyektlərində 1250 POS-terminal quraşdırılıb ki, bunun da 48-i 2017-ci ilin birinci yarımilinin payına düşür. Bundan əlavə, Vergilər Nazirliyinin və yerli vergi orqanlarının qeydiyyat strukturları tərəfindən “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə hesabat dövrü ərzində 24 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına və 1160 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 71,7 faizi muxtar respublikanın rayonlarının payına düşür ki, bu da muxtar respublikada kiçik sahibkarlığın inkişafının göstəricisidir.
Naxçıvan Muxtar Respublikası vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov çıxışında qeyd edib ki, cari ilin ilk 6 ayında muxtar respublika üzrə əhali ilə nağd pul hesablaşmaları aparan 1700 obyektdən 1689-na nəzarət-kassa aparatı quraşdırılması təmin edilib ki, bu da nəzarət-kassa aparatı quraşdırılmalı olan obyektlərin 99,3 faizini təşkil edir. Lakin buna baxmayaraq, vergi ödəyicilərinin obyektlərində aparılan müşahidələr göstərir ki, nəzarət-kassa aparatları əksər hallarda vergi ödəyiciləri tərəfindən işlədilmir, müştərilərə çek verilmir, bu da təbii ki, vergidən yayınmağa şərait yaradır.
Əmək müqavilələrinin bağlanması və əməkhaqlarının leqallaşdırılması istiqamətində vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasından danışan nazir müavini bildirib ki, 251 vergi ödəyicisi üzrə 236 nəfərlə yeni əmək müqaviləsinin bağlanması təmin edilib və 752 əmək müqaviləsində əməkhaqlarının real şəkildə göstərilməsinə nail olunub.
Vurğulanıb ki, nağdsız ödənişlərin həcminin artırılması məqsədilə hər 6 ayda bir dəfə “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbir cari ilin birinci yarısında da davam etdirilib, hesabat dövründə nağdsız hesablaşmalardan istifadə edərək 400 manatdan yuxarı ödəniş aparan 232 vətəndaşa 15 min manat məbləğində müxtəlif məişət əşyaları təqdim edilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının vergilər naziri Azər Nağıyev yekun vurub.
Səbuhi HƏSƏNOV
* * *
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində 2017-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.
İclasda rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov məruzə edərək bildirib ki, bəhs olunan dövrdə plan tapşırıqlara 107 faiz əməl olunub, tarif gəliri ƏDV-siz 4 milyon 357 min 705 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 256 min 132 manat çoxdur. Bu il yeni telefon xətlərinin çəkilişi və təmir işləri üçün alınan 188 min 733 metr müxtəlif tutumlu fiziki və 71 min 861 metr fiber-optik kabel məmulatları muxtar respublikaya gətirilib. Ümumilikdə, birinci yarımil ərzində 18 min 705 metr fiber-optik kabel xəttinin tikintisi həyata keçirilib.
Qeyd edilib ki, hesabat dövründə 1297 ədəd telefon nömrəsi istismara verilib. Genişzolaqlı Asinxron Rəqəmli Abunəçi xətti texnologiyası vasitəsilə 2 min 46 yeni abunəçi internetlə təmin olunub. Kompüter kursları üzrə təhsil almaq üçün 248 dinləyici olmaqla, 20 ümumi və 76 fərdi qrup yaradılıb.
Bəhs olunan dövrdə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 14 milyon 601 min 4 manat vəsait toplanıb.
Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən “Naxçıvan” Universitetində “Gələcəyin İKT sahəsindəki toxumları” adlı ikinci layihə həyata keçirilib. Seçilmiş 12 tələbə iyul ayının 13-25 tarixlərində “Huawei” şirkətinin təşkil etdiyi yay təlimlərində iştirak edib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə yuxarıda qeyd olunan uğurlarla yanaşı, nöqsanlara da yol verilib. Xüsusilə xətt təsərrüfatındakı nöqsanlar və poçt sahəsində mövcud texniki imkanlardan səmərəli istifadə olunmaması ilə bağlı birinci rübün sonunda qeyd edilən iradlardan sonra bu nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görülüb. İlin növbəti hissəsində görülən işlərin keyfiyyətinə və normativə uyğun icra olunmasına diqqət daha da artırılmalıdır.
İclasda Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin İqtisadiyyat və mühasibat uçotu şöbəsinin rəisi Vaqif Səfərovun, Telekommunikasiya şöbəsinin rəisi Vidadi Naibovun, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin direktoru Vüqar Rəsulovun, “Naxçıvanpoçt” MMC-nin direktoru İlqar Sadiqovun, Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzinin rəis əvəzi Elşən Fətullayevin, Ümumi işlər və kadrlar sektorunun müdiri Asif İsayevin, rabitə və yeni texnologiyalar nazirinin müavini Əli Mikayılovun çıxışları olub.
İclasa rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov yekun vurub.
Nail ƏSGƏROV
* * *
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya iclasını iqtisadiyyat naziri Famil Seyidov açaraq bildirib ki, 2017-ci il 25 iyul tarixdə beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında qarşıya qoyulmuş mühüm vəzifələrin uğurla icrası üçün gələcəkdə daha səmərəli fəaliyyət göstərmək tələb olunur.
Qeyd olunub ki, 2017-ci ilin ötən dövrü ərzində iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 11 layihənin maliyyələşdirilməsinə 336 min manat həcmində güzəştli kreditlər verilib, 8-i özəl investisiya olmaqla, 18 istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb, ümumilikdə, 183 yeni iş yeri yaradılıb.
Nazir bildirib ki, muxtar respublikanın təbii sərvətlərindən səmərəli istifadə edilməsi, xüsusən kəndlərdə dayanıqlı istehsal sahələrinin yaradılması və məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə 2017-ci ilin 6 ayı ərzində dövlət və özəl investisiya hesabına 12 yeni istehsal və xidmət sahəsi yaradılıb.
Muxtar respublikamızda yüksək məhsuldarlığa malik keyfiyyətli toxum növlərinin, xüsusilə yerli genofonda daxil olan növlərin yetişdirilməsi, toplanması və fermerlərə satışının təşkili diqqət mərkəzindədir.
Əhalinin ərzaq məhsulları ilə təmin olunması istiqamətində ailə təsərrüfatlarının rolundan bəhs edən nazir bildirib ki, ötən dövr ərzində belə təsərrüfatların fəaliyyətini dəstəkləmək məqsədilə 201 çoxsahəli təsərrüfatda maarifləndirici tədbirlər həyata keçirilib, 9 ailə təsərrüfatına 195 min 700 manat dövlət maliyyə dəstəyi göstərilib. Bu sahədə verilmiş tapşırıqların tam icrası məqsədilə qarşıdakı dövrdə muxtar respublikanın bütün rayonlarının imkanlarını təhlil etməklə çoxsahəli ailə təsərrüfatlarının formalaşdırılması istiqamətində layihələrin hazırlanması davam etdiriləcəkdir.
Muxtar respublikanın ixrac potensialının genişləndirilməsi ilə bağlı məsələlərə toxunan nazir vurğulayıb ki, ötən il investisiya və ixracın təşviq edilməsi sahəsində imzalanmış fərman və sərəncamlar muxtar respublikanın iqtisadi inkişafında, xarici iqtisadi əlaqələrin genişləndirilməsində yeni mərhələnin başlanğıcını qoyub. Belə ki, bu gün muxtar respublikada istehsal olunan ixracyönümlü məhsullar Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İran və İraq kimi ölkələrə ixrac olunur. İxrac edilən əmtəələr arasında ərzaq, tikinti, mebel, yüngül sənaye məhsulları üstünlük təşkil edir. Muxtar respublikada yaradılmış əlverişli biznes mühitinin təşviqi, iş adamlarının xarici ölkə sahibkarları ilə qarşılıqlı əlaqələrinin daha da yaxşılaşdırılması məqsədilə ölkə daxilində və xaricdə keçirilən 14 biznes-forum və beynəlxalq sərgidə 73 sahibkarın, Çin Xalq Respublikasında keçirilən seminarlarda nazirliyin 3 əməkdaşının iştirakı təmin edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
Əli CABBAROV
* * *
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində keçirilən, bu ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasını giriş sözü ilə gənclər və idman naziri Azad Cabbarov açaraq məruzə edib.
Bildirilib ki, ötən dövr ərzində nazirliyin keçirdiyi 226 tədbirdən 75-i gənclərlə iş, 151-i isə kütləvi bədən tərbiyəsi və idman sahəsini əhatə edib.
Diqqətə çatdırılıb ki, bu ilin ötən dövrü ərzində ayrı-ayrı növlər üzrə muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, idmançılarımız dünya çempionatında 1, Asiya çempionatında 2, İslam Həmrəyliyi Oyunlarında 1, beynəlxalq turnirlərdə 51, Azərbaycan birinciliklərində 85 medal olmaqla, cəmi 140 medal qazanıblar.
Bildirilib ki, ümummilli liderimizin xatirəsinə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda futbol, boks, sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birincilikləri, karate-do üzrə muxtar respublika açıq çempionatı, şahmat üzrə “Naxçıvan-2017” Beynəlxalq Festivalı, pauerliftinq üzrə beynəlxalq turnir, futbol üzrə Azərbaycan kubokunun final oyunu, kross qaçışı, kikboksinq, basketbol, peyntbol, paralimpiya üzrə Naxçıvan Muxtar Respublika turnirləri, peşəkarlararası kəmər müdafiəsi uğrunda döyüşlər, yeniyetmələr arasında boks üzrə “Heydər Əliyev kuboku-2017” Beynəlxalq turniri keçirilib.
Sonra məruzə ətrafında Naxçıvan şəhər, Şərur, Ordubad, Kəngərli, Sədərək Rayon Gənclər və İdman idarələrinin rəisləri Xəyal Qurbanov, Ramil Dadaşov, Əbülfəz Əliyev, Vüsal Hüseynov, Etibar Əliyev çıxış ediblər.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov yekun vurub.
Ceyhun MƏMMƏDOV
* * *
Naxçıvan Muxtar Respublikası arxiv orqanlarının 2017-ci ilin birinci yarısında gördükləri işlərin yekunları ilə bağlı keçirilən kollegiya iclasında Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov çıxış edərək bildirib ki, idarənin səmərəli fəaliyyəti üçün yüksək iş şəraiti yaradılıb, sənədlərin mühafizə edildiyi anbarlar müasir arxiv avadanlıqları ilə təchiz edilib, inzibati binada təhlükəsizlik sistemi quraşdırılıb.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin cari ilin iş planında kağız əsaslı sənədlərin bərpa edilməsi 5 min 500 vərəqə nəzərdə tutulub, bu ilin birinci yarısında 2 min 917 vərəqə bərpa olunaraq plan 53 faiz yerinə yetirilib. Sənədlərin tikilməsi və cildlənməsi sahəsi üzrə illik plan 4 min 500 saxlama vahidinə qarşı cari ilin birinci yarısında 5 min 314 saxlama vahidi karton qutulara yığılaraq illik plana 118 faiz əməl olunub. İdarə, müəssisə və təşkilatlarda arxivlərin və kargüzarlıqda sənədlərin təşkilinin yoxlanılması üzrə illik planda nəzərdə tutulmuş 20 kompleks və 60 tematik yoxlamaya qarşı cari ilin birinci yarısında 10 təşkilatda kompleks, 38 təşkilatda tematik yoxlama aparılıb, yoxlamanın nəticələri tərtib edilən aktlarda öz əksini tapıb.
Vurğulanıb ki, rayonlarda fəaliyyət göstərən Dövlət arxivlərinin illik iş planında nəzərdə tutulan pasportlaşma işləri, həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin iş planında nəzərdə tutulan kağız əsaslı sənədlərin mövcudluğu və vəziyyətinin yoxlanılması, sənədlərin elektron daşıyıcılara köçürülməsi, onların təsvirinin aparılması, siyahıların təkmilləşdirilməsi və yenidən işlənməsi maddələri istisna olmaqla, demək olar ki, cari ilin birinci yarısında yüksək göstəricilərlə yerinə yetirilib.
Məruzə ətrafında müzakirələrdə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktoru Zülfiyyə İsmayılova, Şərur Rayon Dövlət Arxivinin müdiri Ədalət İmanov, Ordubad Rayon Dövlət Arxivinin müdiri Əkbər Babazadə çıxış edərək cari ildə görülən işlər və qarşıda duran vəzifələr barədə danışıblar.
Fatma BABAYEVA