25 Dekabr 2024, Çərşənbə

Bu ilin ilk altı ayında əldə edilən nailiyyətlər də belə deməyə əsas verir

Güclü iqtisadiyyat müasir cəmiyyət quruculuğunun əsas şərtlərindəndir. Bu mənada, müasir Azərbaycanın ümumi inkişaf mənzərəsində özünəməxsus yer tutan Naxçıvan Muxtar Respublikası iqtisadi və sosial həyatın bütün sahələrində qazandığı uğurlar ilə diqqətləri cəlb edir. Bütün bunlar əsası ümummilli liderimiz tərəfindən müəyyən olunmuş inkişaf strategiyasının davamlı şəkildə həyata keçirilməsi nəticəsində əldə edilib. Artıq ilk yarısı başa çatmış olan 2017-ci ilin ötən dövrünə qısa nəzər saldıqda görürük ki, iqtisadi inkişaf göstəricilərinin sosial və humanitar sahəyə uğurla transformasiya etdirilməsi nəticəsində muxtar respublikamız əvvəlki illərdə olduğu kimi, yenə də regional inkişafda öz lider mövqeyini qoruyub saxlamaqdadır.
Muxtar respublikamızın müasir inkişafının özünəməxsus xüsusiyyətləri vardır. Bu gün Naxçıvanın şöhrətini hər yerə yayan təbii sərvətlərin bu torpağın əsl sahiblərinə rifah gətirməsi, onların milli sərvətimizə çevrilməsi məhz gərgin əməyin nəticəsində mümkün olub. Bu gün artıq sübut olunub ki, bu torpağın hər qarışının sərvətləri məhz uzaqgörən siyasətin bəhrəsi nəticəsində yurdumuzun çiçəklənməsinə xidmət edir.

Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin əvvəlində muxtar respublikaya son səfəri zamanı dediyi sözlərdə də öz əksini tapıb. Həmin vaxt Əlahiddə Ümumqoşun Ordusunun “N” hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün yaşayış binasının, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəb binasının, Culfa və Şahbuz rayonlarının mərkəzi və ətraf kənd­lərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılış, Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimlərində iştirak etmiş, Azərbaycan Prezidenti cənab İlham Əliyev muxtar respublikada aparılan irimiqyaslı tikinti-quruculuq tədbirlərini yüksək qiymətləndirərək demişdir: “Doğrudan da son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.
2017-ci il muxtar respublikamız üçün uğurla başladı. Cari ilin ilk yarımilində ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 208 milyon manatdan artıq olub ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,3 faiz çoxdur. Geriyə dönüb baxdıqda görürük ki, iqtisadi artımın müsbət dinamikada qorunub saxlanılması üçün görülən tədbirlər öz bəhrəsini verməkdədir. Muxtar respublikada daxili imkanlar hesabına yeni istehsal müəssisələrinin yaradılması region iqtisadiyyatı inkişafının uzunmüddətli bir dövr üçün dayanıqlılığına zəmanət verir. Nəticədə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə şərait yaradan zəruri istehsal-əmək münasibətləri təkmilləşdirilərək işlək vəziyyətə gətirilib. Bütövlükdə, dünya iqtisadiyyatında davam edən qeyri-müəyyənlik və mürəkkəb konyunktura şəraitinə baxmayaraq, cari ilin ilk altı ayında hər bir nəfərə düşən ümumi daxili məhsulun, əhaliyə göstərilən pullu xidmətlərin həcminin artımı Naxçıvanda insanların rifahının yüksəldilməsi naminə görülmüş işlərdən xəbər verir.
Bazar iqtisadiyyatında azad sahibkarlığın fəaliyyət göstərməsi, onun stimullaşdırılması, təşəbbüskar­lığın dəstəklənməsi əsas şərtlərdəndir. 2017-ci ilin ilk yarısı, bu mənada, uğurlu layihələrin həyata keçirilməsi ilə də yadda qalıb. Bu dövrdə muxtar respublikada özəl sektora 1 milyon 814 min manat həcmində kreditlər verilib, dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 23 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb. Naxçıvanda həyata keçirilən iqtisadi layihələrlə bərabər, eyni zamanda geniş sosial infrastruktur şəbəkəsi də yaradılıb, insanların həyat keyfiyyətinin yüksəldilməsi üçün konkret addımlar atılıb. Muxtar respublikada şəhərlə kənd arasında fərqin azaldılması, yerli xammal və ehtiyatlar hesabına yeni iş yerlərinin yaradılması bu dövrdə diqqət mərkəzində olub. Bəhs olunan dövrdə muxtar respublikada 97,8 faizi daimi iş yerləri olmaqla, 1302 yeni iş yeri yaradılıb.
Naxçıvanın geniş istehsal-iqtisadi potensialı və insan resursları vardır. Eyni zamanda mövcud olan bütün iqtisadi resurslardan səmərəli istifadə üçün geniş təcrübə də əldə olunub. Bütün bunlar yeni iqtisadi şəraitdə qarşıya qoyulmuş əsas tələblərdən biri olan iqtisadiyyatın şaxələndirilməsi və zəruri sahələrin inkişaf etdiril­məsi üçün çevik idarəetmə mexanizmi də formalaşdırıb. Bu baxımdan muxtar respublika üzrə ümumi daxili məhsulda 30,5 faizlik payla ilk yeri tutan sənaye sahəsinin inkişafı diqqəti cəlb edir. Bu gün muxtar respublikada 371 növdə məhsul istehsal olunması, 344 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi məhz iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığa göstərilən dövlət qayğısı və yeni iqtisadi layihələrin dəstəklənməsi sayəsində mümkün olub. Bu layihələr müasir iqtisadi həyatımızın hər sahəsində – sənaye, kənd təsərrüfatı və emal sənayesi, rekreasiya və turizm, nəqliyyat və rabitə, ekoloji təmiz məhsulların istehsalı, ticarət və məişət xidməti kimi bir çox yerlərdə uğurla reallaşdırılmaqdadır. Bunların həyata keçirilməsi isə, şübhəsiz, Naxçıvanın sənayeləşməsi və ixrac potensialının artırılması yolunda çox mühüm addımlardır. Cari ilin ilk yarımilində Naxçıvanda 523 milyon 693 min 400 manat həcmində sənaye məhsulunun istehsal olunması və xarici ticarət dövriyyəsinin 177 milyon 493 min 400 ABŞ dolları həcmində müsbət saldo ilə 203 milyon 822 min 200 ABŞ dolları həcminə çatması muxtar respublika iqtisadiyyatının yeni iqtisadi şəraitə çevik uyğunlaşmasının nəticəsində mümkün olub.
Blokadanın yaratdığı çətinlikləri artıq çoxdan dəf etmiş Naxçıvanda ərzaq təhlükəsizliyinə tam nail olunub. Cari ilin ilk altı ayında bu sahədə görülmüş işlər arasında bir il öncəyə nisbətən 3,1 faiz çox, yəni 122 milyon 439 min 800 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunduğunu görməkdəyik. Torpaqla məşğul olan kəndliyə hər cür dəstəyin verilməsi, əl əməyinin yüngülləşdirilməsi, bu sahədə mütərəqqi yeniliklərin tətbiqi diqqətdə saxlanılıb. Etibarlı ərzaq təminatı yaradılması Naxçıvanda daxili bazarın tam təmin olunması ilə yanaşı, ərzaq məhsullarının ixracına da şərait yaradıb. Muxtar respublikada əhalinin etibarlı ərzaq təminatı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində 2017-ci ilin məhsulu üçün taxıl və kartof əkinlərinin genişləndirilməsi, üzümçülüyün, tütünçülüyün daha da inkişaf etdirilməsi məqsədilə konkret tədbirlərin görülməsi öz nəticələrini verməkdədir. Hazırda muxtar respublikamızda taxıl biçini kampaniyası uğurla davam etdirilir. Heyvandarlıq sahəsində – ət və süd istehsalında əldə olunmuş nailiyyətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 2,3 və 1,3 faiz çoxdur. Muxtar respublikada arıçılığın daha da inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində mühüm addımlar atılır.
İqtisadi inkişaf insan amilindən asılı olduğu kimi, onun nəticələri də insan kapitalının formalaşmasına xidmət edir. Əhalinin sağlamlığının qorunması, gənclərin savadlı yetişdirilməsi, bu mənada, dövlətimizin daim diqqətindədir. Bu ilin ötən dövründə sənaye, kənd təsərrüfatı, xarici ticarət sahələrində əldə olunmuş nailiyyətlər nəqliyyat, rabitə və həmçinin təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm kimi sosial sfera sahələrinin də yüksəlişinə təsir edib. Bu müddət ərzində muxtar respublikada ali və orta təhsil müəssisələri üçün yeni binaların tikintisi və yenidən qurulması davam etdirilib, əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşı­laşdırılması diqqət mərkəzində saxlanılıb. Muxtar respublikamızda aparılan səmərəli sosial siyasət, insan amilinə göstərilən yüksək qayğı artıq hər sahədə öz müsbət nəticəsini verməkdədir. Naxçıvan Muxtar Respublikasında əhalinin 1 iyun 2017-ci il tarixdə 450 min 400 nəfəri ötməsi həm də muxtar respublikanın sosial-iqtisadi inkişafının, insanların həyat səviyyəsinin yüksəlməsinin nəticəsidir .
Naxçıvan turizm məkanıdır. Önümüzdəki il muxtar respublikamızın paytaxtı Naxçıvan şəhəri üçün mühüm bir tarixi hadisə ilə əlamətdar olacaq. İslam mədəniyyəti nümunələri ilə zəngin Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması qədim diyarın bir turizm mərkəzi kimi cazibəsini daha da artıran mühüm amildir. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 23 yanvar tarixli Sərəncamı ilə elan olunmuş müsabiqədə seçilmiş “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin təqdimatı əhəmiyyətli hadisə kimi yaddaqalan olub.
Uğurla başa vurulmuş 2017-ci ilin ilk yarısı gələcək nailiyyətlərimizin daha da artması üçün geniş imkanlar açır. Ötən dövrün təhlili onu göstərir ki, iqtisadi və sosial sahələrdəki uğurları ilə ölkəmizin iqtisadi qüdrətinə daha da güc qatan Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyev yolu ilə inamla irəliləyir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR