25 Dekabr 2024, Çərşənbə

Naxçıvan şəhərindən üzü Şərura uzanan magistral yolun hər iki tərəfi ilin bol məhsulundan xəbər verir. Hiss etmək çətin deyil ki, ucu-bucağı görünməyən əkin sahələri, meyvə bağları torpaq mülkiyyətçilərinin qayğısını bol-bol görüblər. Torpaq sədaqətli sərvətdir, insanların çəkdiyi zəhmətin əvəzini birə-beş qaytarıb. İlin bu qızmar günlərində Şərur kəndlisinin üzü gülür, çəkdiyi zəhmətin bəhrəsini topladıqca torpağın səxavətinə bel bağladığı üçün sevinir ki, belə bir yurd yerində yaşayır. İndi rayonun sakinləri öz doğma obaları ilə haqlı olaraq fəxr edirlər. Hara baxırsan yeniliklərlə rastlaşırsan. Bir-birinin ardınca istifadəyə verilən yeni inzibati və sosial obyektlər, səhiyyə, mədəniyyət, təhsil müəssisələri, yollar, körpülər hər an diqqəti çəkir, sənaye və kənd təsərrüfatı məhsulları istehsalında irəliləyiş getdikcə artır. Əhali, idarə və təşkilatlar fasiləsiz təbii qaz və elektrik enerjisindən, müasir informasiya və rabitə xidmətlərindən istifadə edirlər. Belə münbit şəraitdə hər kəs öz işində həvəslə çalışır, rayon, muxtar respublika, nəticə etibarilə, ölkə iqtisadiyyatının gücləndirilməsinə töhfəsini verir.

Fikirlərimizə aydınlıq gətirmək üçün təkcə bu ilin birinci yarısındakı statistikaya qısa nəzər yetirək. Ötən ilin ilk altı ayı ilə müqayisədə sənaye məhsullarının həcmi 1,1, əsas kapitala yönəldilən investisiyalar 1,6, kənd təsərrüfatının ümumi məhsulu 3,1, rabitə və informasiya xidmətlərinin həcmi 2,1, pərakəndə əmtəə dövriyyəsi 1,3, əhaliyə göstərilən pullu xidmətlər 1,7 faiz artıb.

Bu müddətdə rayon üzrə 47 milyon 887,9 min manat müxtəlif sənaye məhsulu istehsal olunub. İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 37 milyon 334,7 min manat həcmində investisiya yönəldilib ki, bunun da 35 milyon 66 min manatı, yaxud 93,9 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Bəhs olunan dövrdə 23 müxtəlif təyinatlı obyekt inşa olunub, yaxud mövcud obyekt yenidən qurulub. Şərur şəhərində 1020, Çəmənli kəndində 380 şagird yerlik tam orta məktəb binaları, Çəmənli və Arpaçay kəndlərində kənd və xidmət mərkəzləri tikilib istifadəyə verilib, Dərvişlər-Çəmənli avtomobil yolunun, rayon Mərkəzi Xəstəxanasının, Dəmirçi kəndində futbol stadionunun əsaslı təmiri başa çatdırılıb. Gəlirlərin artması əhalinin mənzil-məişət şəraitinin yaxşılaşmasına da müsbət təsir göstərib. Altı ayda rayonun müxtəlif yaşayış məntəqələrində 12 min 568 kvadratmetr fərdi yaşayış sahəsi inşa olunub.
Hazırda Ərəbyengicə, Qarahəsənli və Ələkli kəndlərində məktəblər, kənd və xidmət mərkəzləri, Ərəbyengicə və Ələkli kəndlərində həkim ambulatoriyaları, Ələklidə musiqi məktəbi üçün binalar inşa olunur. Adıçəkilən ünvanlarda yol, rabitə, qaz və elektrik təsərrüfatı da başdan-başa təzələnir. Rayondakı “N” hərbi hissə üçün infrastruktur obyektlərinin yenilənməsi, o cümlədən əsgər yeməkxanasının tikintisi, qərargah binasının və əsgər yataqxanasının əsaslı təmiri, Yengicə kəndindəki XVIII əsrə aid hamamın bərpası, “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində rayon mərkəzində, həmçinin ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya infra­strukturunun yenidən qurulması davam etdirilir.
Yol mədəniyyət, yol yüksəliş, yol inkişaf, tərəqqi deməkdir. Bu məsələ də Şərurda diqqət mərkəzindədir. Ələkli kəndi yaxınlığında 60 ton istehsal gücü olan Asfalt Zavodun fəaliyyət göstərməsi rayonda yol təmir-tikinti işlərinin genişləndirilməsinə və sürətləndirilməsinə əlverişli imkan yaradıb. Zavodun xidmətindən həm yaşayış məntəqələrini bir-biri ilə birləşdirən avtomobil yolları, həm geniş quruculuq tədbirləri aparılan kəndlər yararlanır, yolların istismarı zamanı müxtəlif səbəblərdən yaranan nasazlıqlar aradan qaldırılır.
Şərur rayonunda iqtisadiyyatın yüksəldilməsi, aqrar sektorda məhsuldarlığın artırılması, sənaye istehsalının şaxələndirilməsi və gücləndirilməsi, bu hesaba əhalinin məşğulluğunun təmin olunması diqqət yetirilən başlıca məsələlərdəndir. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”­na uyğun olaraq rayonda 279 yeni iş yeri açılıb ki, bunların da 273-ü daimidir. Rayon Məşğulluq Mərkəzində 284 nəfər işaxtaran vətəndaş qeydiyyata alınıb, onlardan 260 nəfəri müxtəlif sahələrdə daimi işlə təmin olunub. Təşkil olunan əmək yarmarkalarında 40 nəfər işaxtaran vətəndaş daimi, 20 nəfər isə müvəqqəti işlə təmin edilib.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamı ilə əhalinin özünüməşğulluğunun təmin olunması üzrə proqramın icrası istiqamətində də işlər davam etdirilib, vətəndaşların ailə biznesi qurmaları üçün onlara hər cür şərait yaradılıb. Bu mütərəqqi iş metodu ilə məşğul olmaq istəyənlər, əsasən, kənd təsərrüfatı sahəsinə üstünlük verir və bu hesaba ailə təsərrüfatlarını formalaşdırırlar. İlin əvvəlindən proqram çərçivəsində 7 ailəyə pulsuz cins inək verilib. Malların normal bəslənməsi və artımı baytarların nəzarəti altında həyata keçirilir.
Rayonda iqtisadiyyatın əsasını aqrar sahə təşkil edir. Kənd təsərrüfatı ilə məşğul olanlara göstərilən hərtərəfli dövlət dəstəyinin nəticəsidir ki, bütün sahələrdə məhsuldarlıq intensiv amillər hesabına artırılıb, aqrar sahənin davamlı inkişafı təmin olunub. Bu sahədə aqrolizinq xidmətini də xüsusi qeyd etmək lazımdır. Təkcə bu il “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Şərur bazasının xətti ilə sahibkarlara 527 min 629 manat dəyərində 36 ədəd müxtəlif kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlar satılıb. Baza şum, əkin, becərmə, yığım zamanı da əkinçilərə lazımi köməkliklər göstərir.
2017-ci ilin məhsulu üçün ötən ilin payızında və bu ilin yazında 17 min 115 hektar sahədə müxtəlif bitkilər, o cümlədən 3 min 598 hektar sahədə buğda, 546 hektarda arpa, 1237 hektarda qarğıdalı, 32 hektarda günəbaxan, 1814 hektarda tərəvəz, 475 hektarda bostan bitkiləri, 1064 hektar sahədə kartof əkilib. Becərmə tədbirləri aqrotexniki tələblərə uyğun aparıldığından sahələrdə bol məhsul yetişdirilib. Taxıl biçininə vaxtında, həm də tam hazırlıqla başlanılıb və bu mühüm kampaniya mütəşəkkilliklə yekunlaşıb. 4 min 144 hektar sahədən tədarük edilən məhsul 13 min 171 ton, orta məhsuldarlıq isə 31,8 sentner olub. Digər bitkilərin də yığımı davam edir.
Aparılan meliorativ tədbirlər nəticəsində Arazqırağı kəndlərdə şoranlaşmaya və çəmənləşməyə məruz qalmış 3 min 528 hektar torpaq sahəsinin 516 hektarı əkinəyararlı hala salınıb.
“Şərur Aqrotexservis” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi Aqil Məmmədov aqrar sahədə çalışan sahibkarlara göstərilən dövlət qayğısının gündən-günə artmasını xüsusi vurğulayır:
– Müstəqilliyimizin bərpasının ilk illəri ilə indiki vəziyyət bir-birindən tamamilə fərqlidir. O vaxtlar bir də görürdün ki, suvarmanın qızğın çağında elektrik enerjisi kəsildi, nasos stansiyası dayandı, yaxud səpin apardığın vaxt yanacaq qurtardı. Texnikalar da köhnəldiyindən, istismar müddətləri başa çatdığından tələbatı ödəmirdi. Ümumiyyətlə, problemlər çox idi. Ona görə də əkin-biçinə maraq azalmışdı. İndi sadaladığım sahələrin heç birində problem yoxdur, dövlət yardımı yetərincədir. İstehsalçılara maliyyə yardımları edilir, pulsuz gübrə paylanılır. Bu isə öz səmərəsini göstərir, məhsul istehsalı ildən-ilə artır.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu ilin yazında da yeni meyvə bağları salınıb, əvvəlcədən əkilmiş 20 hektar bağda bərpa işləri görülüb, becərmə tədbirləri aparılıb.
Şərur rayonu qədimdən dadlı-tamlı üzüm sortları ilə də tanınıb. Ötən əsrin yetmiş-səksəninci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində üzümçülüyün yüksək templə inkişafına nail olunmuş, yeni emal müəssisələri yaradılmışdı. Bunların nəticəsi idi ki, artıq səksəninci illərin əvvəllərində Şərur rayonunda üzüm istehsalı 110 min tona çatmışdı, 6 üzümün ilkin emalı zavodu fəaliyyət göstərirdi. Sevindirici haldır ki, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Pro­qramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər nəticəsini verməkdədir. Aparılan maarifləndirici tədbirlər, dövlət tərəfindən göstərilən köməkliklər artıq bu sahəyə marağı xeyli artırıb, üzüm bağlarının sahəsi 100 hektarı ötüb. Təkcə bu ilin yazında 60 min ədəd üzüm tingi torpağa basdırılıb, yeni mövsümdə əkmək üçün minlərlə üzüm tingi yetişdirilir.
Sağlam ekoloji mühit, sağlam hava, təmiz su insan həyatı üçün ən vacib şərtlərdəndir. Muxtar respublikamızda bu vacib məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər sırasında hər il yeni yaşıllıqların salınması, onların qorunması və artırılması mühüm yer tutur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin regionumuzda yaşıllaşdırma, təmizlik və abadlıq aylıqlarının keçirilməsi haqqında 2001-ci il 1 mart tarixli Sərəncamı ilə hər il keçirilən yaz və payız iməcilikləri insanların təbiətə bağlılıqlarını daha da gücləndirir, onları bu qədim diyarın ekologiyasını zənginləşdirməyə və qorumağa səfərbər edir. Şərur şəhərində, rayonun kəndlərində geniş vüsət alan yaşıllaşdırma kampaniyası 2017-ci ilin birinci yarısında da davam etdirilib, minlərlə bəzək və meşə ağacları, gül kolları əkilib. Yaşıllıqlara qulluq ardıcıl davam etdirilir.
Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında bölgələrin daha genişmiqyaslı tərəqqisi, əhalinin rifahının yüksəldilməsi kimi həyata keçiriləcək mühüm tədbirlər nəzərdə tutulub. Adıçəkilən dövlət sənədindən irəli gələn vəzifələr Şərur rayonunda da uğurla icra olunur.

Sinəsindən Arpaçayı, ətəyindən Araz keçən bu qədim diyarda yeniləşmə və yüksəliş davamlıdır, ürəkaçandır. Şərurda kiminlə görüşüb söhbətləşirsənsə, xoş söz eşidirsən, hər yerdə sabaha daha dərin inam və ümidin şahidi olursan. Görülən işlərin miqyası və dinamizmi, adamların yüksək əhval-ruhiyyəsi, ümumi yüksəliş ab-havası diktə edir ki, ilin qarşıdakı aylarında da qazanılacaq uğurların həcmi daha da artacaq. Çünki son illərin təcrübəsi göstərir ki, insana qayğının davamlı xarakter aldığı yerdə böyük irəliləyişlərə nail olmaq heç də çətin deyil. Şərurlular da bu həqiqətin işığında qurub-yaradır, daha xoş sabahlara doğru inamla addımlayırlar.

Elman MƏMMƏDOV
“Şərurun səsi” qəzetinin redaktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR