Ulu öndər Heydər Əliyеv: Zəfər bayramı türk xalqının… tarixində çox əlamətdar və tarixi gündür. Birinci Dünya müharibəsindən sonra…Türkiyəni hər tərəfdən dağıtmağa, parçalamağa çalışdılar. Ancaq türk xalqı bunların hamısına sinə gərdi, öz qəhrəmanlığını göstərdi və türk əsgəri nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
1919-cu ildə türk xalqı öz dövlətçiliyini qoruyub saxlamaq və vətəni işğaldan azad etmək uğrunda mübarizəyə qalxdı. 1920-ci il aprelin 23-də Anadoluda Türkiyə Böyük Millət Məclisi təsis edilərək xalqın iradəsinə əsaslanan, xalqı təmsil edən hökumət quruldu. Bunun nəticəsi olaraq bütün cəbhələrdə düşmənlərə qarşı uğurlu hərbi əməliyyatlara başlanıldı. İlk qələbə sədası Şərq cəbhəsindən gəldi. Burada erməni quldur dəstələri üzərində qazanılan qələbə zəfər yürüşünün başlanğıcı oldu. 1921-ci ilin avqust-sentyabr aylarında Sakarya müharibəsində yunan qoşunlarının məğlub olmasıyla türk ordusu müdafiə mövqeyindən hücum mövqeyinə keçdi. Görkəmli dövlət xadimi, istedadlı hərbçi Mustafa Kamal Atatürkün rəhbərliyi altında qurtuluş savaşı aparan türk ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci il avqustun 30-da böyük zəfər qazandı. Həmin gün Türkiyə tarixinə Zəfər bayramı kimi daxil oldu. Hər il avqust ayının 30-u Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü kimi qeyd olunur.
Mustafa Kamal Atatürkün qurduğu Türkiyə Respublikası bu gün bölgənin ən qüdrətli dövlətlərindəndir. Türkiyə beynəlxalq və regional münasibətlərdə söz sahibinə çevrilmiş, müxtəlif siyasi və iqtisadi layihələrin reallaşmasına öz töhfəsini vermişdir.
Qurtuluş savaşında Azərbaycan xalqı da qardaş Türkiyə xalqına dəstək oldu, onunla birgə döyüşlərdə iştirak edərək şəhidlər verdi. Ümumiyyətlə, böyük tarixi kökə malik olan Azərbaycan-Türkiyə əlaqələri hər il daha da möhkəmlənir. Bu əlaqələrin əsasında möhkəm dostluq, qardaşlıq və etibarlı strateji tərəfdaşlıq münasibətləri dayanır.
Ölkələrimiz arasındakı dostluq və inam xalqlarımızın rifahına, ölkələrimizin gələcək inkişafına xidmət edir. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi iqtisadi layihələr hər iki dövlətin dünyada nüfuzunu getdikcə artırmaqdadır. Eyni zamanda ölkələrimiz beynəlxalq və regional təşkilatlarda həmrəylik nümayiş etdirirlər. Qardaş Türkiyə ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki ədalətli mövqeyini müdafiə edir, Azərbaycan da, öz növbəsində, Türkiyənin üzləşdiyi problemlərin həllində dəstəyini əsirgəmir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan-Türkiyə birliyinin strateji əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Bizim gücümüz bizim birliyimizdədir. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür”.
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri və rolu vardır. Naxçıvanla Türkiyə Respublikası arasındakı əlaqələrin əsası ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuşdur. Ulu öndərin Ali Məclisin Sədri kimi 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2010-cu ilin 26-29 aprel tarixlərində Türkiyə Respublikasına rəsmi səfəri də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyətə malik olmuşdur. Səfər çərçivəsində Ali Məclisin Sədri Türkiyə Respublikasının Prezidenti, Baş naziri, xarici işlər naziri və Türk Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşlər keçirmişdir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələr bir çox istiqamətlər üzrə uğurla inkişaf etdirilir. Xüsusilə iqtisadi-ticarət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı məmnunluq doğurur. Bu əlaqələrin tərkib hissəsi kimi ordu quruculuğu sahəsindəki əməkdaşlıq da ilbəil genişləndirilir. Belə ki, 2014-cü ildə Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir. Həmçinin 2015-ci ilin mayın 12-15-də Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimlərinin bir mərhələsinin Naxçıvanda keçirilməsi də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Ali Məclisin Sədri birgə hərbi təlimin əhəmiyyətini vurğulayaraq demişdir: “Azərbaycan-Türkiyə birgə hərbi təlimləri bir tərəfdən ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlığın, qardaşlığın göstəricisidirsə, digər tərəfdən ümummilli lider Heydər Əliyevin kəlamları ilə desək – iki dövlətin bir millətin bir ordusunun birliyinin nümunəsidir. Keçirilən birgə hərbi təlim bir daha göstərdi ki, o ordu güclü deyil ki, onun silah-sursatı və hərbi texnikası var. O ordu güclüdür ki, onun əsgər və zabitində döyüş ruhu güclüdür, vətənpərvərdir. Bugünkü təlimlər yüksək əsgəri ruhun, peşəkarlığın və vətənpərvərliyin ifadəsinə çevrildi”.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən bu il də Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimləri keçirilmişdir.
Azərbaycan-Türkiyə birliyi xalqlarımızın ən böyük tarixi nailiyyətidir. Belə bir möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz getdikcə daha da inkişaf edəcək, ölkələrimiz daha böyük zəfərlər qazanacaqlar.
“Şərq qapısı”