İctimai nəqliyyatda rastlaşdığım bir hadisə indiyədək yadımdadır. 5-6 yaşlarında bir oğlan uşağı anasının yanında ipə-sapa yatmırdı. Yanımda əyləşən ağsaqqal bu an uşağı dilə tutmağa başladı. “Balaca, de görüm böyüyəndə kim olacaqsan?” Bayaqdan anasına dinclik verməyən oğlanın, – “Baba, mən böyüyəndə əsgər olacağam”, – deyə cavab verməsi qəlbimdə sonsuz qürur hissi doğurdu. Əlbəttə, o yaşda vətənpərvərliyin nə demək olduğunu, Vətənin haradan başlandığını dərk edə biləcək düşüncəyə malik olmayan balacanın birdən-birə belə cavab verməsi bu gün Azərbaycan ailəsində böyüyən nəslin əsl vətənpərvərlik ruhunda tərbiyə edilməsinə əyani misaldır. İllər ötəcək və həmin uşaq da yaşa dolduqca Vətənə sevgi adlı ülvi hissləri dərindən dərk edəcək. Və bir gün özü də əsgər gedəcək, and içərək hərbi xidmətə başlayacaq. Gecənin bir aləmində əldə silah Vətən sərhədlərinin keşiyində duracaq və o an bütün varlığı ilə hiss edəcək ki, o da vətənpərvərdir və Vətəni üçün doğulub.
Müasir sərhəd infrastrukturu yaradılıb
“Sərhəd hər bir müstəqil dövlət üçün çox əzizdir, vacib bir sahədir və təbiidir ki, sərhədin qorunmasında xidmət göstərən hər kəs xalqımızın hörmət və ehtiramına layiqdir”. Bəli, ulu öndər Heydər Əliyevin bu fikirləri sərhədçi peşəsinin nə qədər çətin və şərəfli bir sahə olmasından xəbər verir. Elə muxtar respublikanın dövlət sərhədini mühafizə edənlər də bir amala xidmət edirlər: sərhədləri göz bəbəyi kimi qorumaq. Buna əsas verən başlıca amil ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanda bu sahədə apardığı işlər olmuşdur. Dahi rəhbər ölkəmizdə ali hakimiyyətə qayıtdıqdan sonra da bu sahənin inkişafı aparılan dövlət siyasətinin mühüm bir istiqamətini təşkil edib.
Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da sərhəd infrastrukturu tamamilə yenilənib. Son illərdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında aparılan quruculuq işləri davamlı xarakter alıb. Ən müasir tələblərə uyğun zastavaların tikilməsi, yeni inzibati binaların və zabit-gizir ailələri üçün nəzərdə tutulmuş mənzillərin məişət şəraitinin yaxşılaşdırılması sərhəd qoşunlarının formalaşması və inkişafına təkan verib. 2015-2016-cı illər ərzində diviziyanın yaşayış şəhərciyinin binası da əsaslı təmir olunub, ərazidə abadlıq işləri görülüb, müasir tələblərə cavab verən yeni uşaq bağçası inşa edilib. Bu yaxınlarda “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaradılmasının 25-ci ildönümünün yüksək səviyyədə qeyd olunması, xidmətdə fərqlənənlərin əməyinin qiymətləndirilməsi bu qoşun növünün Silahlı Qüvvələrin tərkibində mühüm əhəmiyyət daşıdığını göstərir. Yubiley tədbirində iştirak edən Ali Məclisin Sədri cənab Vasif Talıbov sərhədçiləri təbrik edərək demişdir: “Sərhəd dövlətimiz üçün müqəddəsdirsə, sərhədçi olmaq, sərhədləri qorumaq isə şərəfli işdir. Hər bir sərhədçi öz xidməti ilə nümunə göstərməli, sərhədlərin mühafizəsinə həmişə hazır olmalıdır”.
Vətən keşikçiləri ilə görüş
Hərbi hissə zabitinin müşayiəti ilə avtomobilimiz sərhədlərimizin Kəngərli rayonu ərazisində yerləşən “N” sərhəd zastavası istiqamətində irəliləyir. Təcrübəli sərhədçi, kapitan Muxtar Ağayev uzun yola söhbəti ilə körpü salır. Deyir ki, illərdir, sərhəd qoşunlarında xidmət edirəm. Əvvəllər sərhədçilərə bu cür şərait yaradılmamışdı. Müstəqillik illərindəki uğurlar bizim də sahəni əhatə etdi. Bu gün sərhəd zastavalarında yüksək sosial məişət şəraiti mövcuddur. Xidmətin təşkili ilə bağlı sualımızı isə məsul zabit belə cavablandırır: “Səbirli olun, zastavaya yaxınlaşırıq. Sizi maraqlandıran, düşündürən nə varsa, orada aydınlıq gələcək”.
Beləcə, xidməti kompleksə qədər uzanan rahat yolu başa vurub əraziyə daxil oluruq. Məsul zabit söhbətə belə davam edir: “Bölmə müasir texnika, avadanlıq və ləvazimatlarla təmin olunub, şəxsi heyətin peşəkarlığı artırılıb, yeni sərhəd infrastrukturu yaradılıb. Bütün bunlar isə sərhədlərimizin etibarlı şəkildə qorunmasına geniş imkanlar açır”.
Yataqxana binasına daxil oluruq. Təbii ki, nümunəvi xidmətin əsasında elə nümunəvi şərait dayanır. Binanın daxilindəki səliqə-sahman, məişət otaqlarındakı şərait birbaşa Azərbaycan sərhədçisinin rahatlığına hesablanıb. Baş leytenant Fərid Manaflı ilə həmsöhbət oluruq. Xatırladaq ki, gənc sərhədçi Ali Məclis Sədrinin 2017-ci il 21 avqust tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunub. Müsahibimiz deyir ki, sərhədlərimizin toxunulmazlığı qoynunda göz açdığımız Vətən torpağının toxunulmazlığı deməkdir. Bu Vətəni sevməklə bərabər, onu qorumaq, təhlükəsizliyini təmin etmək də şərəfli bir missiyadır. Bu gün diviziyanın xidməti zastavalarında həm də zabit-gizir ailələri üçün yaşayış binaları tikilib. Yüksək məişət şəraiti ilə əhatə olunmağımız bizi daha yaxşı xidmət etməyə sövq edir. Gənc zabit onu da əlavə edir ki, muxtar respublikada sərhəd xidmətində səmərəli fəaliyyət göstərənlərin əməyi qiymətləndirilir, onlara böyük etimad göstərilir. Fürsətdən istifadə edib qəzetiniz vasitəsilə biz sərhədçilər üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə dövlətimizə dərin minnətdarlığımı bildirirəm.
Xidməti fəaliyyətin təşkili
Burada şəxsi heyət “Qalx” komandasından sonra üzərinə düşən xidməti vəzifənin icrasına başlayır. Günün nizam qaydasına uyğun olaraq səhər idmanına düzülüş, ardınca isə idman şəhərciyində qurğularda müxtəlif idman hərəkətlərini yerinə yetirirlər.
Zastavada dövlət sərhədlərinin qorunması təmin edilir. Ardıcıl olaraq döyüş növbətçiləri döyüş tapşırığını yerinə yetirmək üçün zabit tərəfindən təlimat alırlar. Sonra ərazinin relyefi və yerləşmə sxemi barədə əsgərlərə məlumat verilir. Növbətçinin nəzarəti ilə silah yoxlanıldıqdan sonra onlar xidməti sahəyə yola düşürlər. Cəsur, inamlı və məğrur şəkildə sutka ərzində fasiləsiz olaraq aparılan müşahidənin nəticəsidir ki, dövlət sərhədində baş verə biləcək pozucu bir hərəkət dərhal öz layiqli cavabını tapır. Müşahidə qülləsində dayanan sərhədçi isə əldə silah zastavanın xidməti ərazisini müşahidə edir. Təhlükənin olub-olmadığını müəyyənləşdirir. Odur ki, müşahidə aparan əsgər öz fəaliyyətində yüksək diqqətə, həssaslığa və yenilməz döyüşçü qabiliyyətinə malik olmalıdır. Çünki Vətən sərhədləri daim diqqət tələb edir. Nəyin bahasına olursa-olsun, dövlət sərhədi pozula bilməz.
Şəxsi heyətin peşəkarlıq səviyyəsini artırmaq üçün əsgərlərə nəzəri və praktik məşğələlər keçirilir, onların asudə vaxtları səmərəli təşkil olunur.
* * *
Əsgərlərlə elə sinif otağında görüşürük. Əsgər Sabit Rzazadə Bakı şəhərindən hərbi xidmətə çağırılıb. Deyir xidmət etdiyim sərhəd zastavasında “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” şüarı əldə rəhbər tutulur. Möhkəm hərbi intizam, yüksək döyüş hazırlığı sayəsində dövlət sərhədində baş verə biləcək hər hansı bir təxribata tutarlı cavab verə bilərik. Bu gün Naxçıvan üç dövlətlə həmsərhəddir. Bu mənada, biz sərhədçilərin də üzərinə böyük məsuliyyət düşür.
Böyükkişi Abdullayev isə Ağcabədidəndir. Onun dediklərindən:
– Bu gün xidmət etdiyim sərhəd zastavası öz müasir görkəmi ilə diqqəti cəlb edir. Bölmədəki şərait bizim rahatlığımıza və nümunəvi xidmətimizə hesablanıb. Valideynlərim hər dəfə zəng edib vəziyyətimlə maraqlandıqda buradakı müasir şəraitdən ağızdolusu danışıram. Fəxr edirəm ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvanda xidmət edirəm və bu diyarın təhlükəsizliyinin təmin olunmasında mənim də əməyim var.
Bəli, bu gün dövlət sərhədlərimiz əmin əllərdədir. Azərbaycan sərhədçisi bir an olsun, diqqəti əldən vermir. Yenə əvvələ qayıdıram. Yazının başlığında haqqında bəhs etdiyim o balacanın da bir gün yolu buradan düşəcək, müqəddəs borcu yerinə yetirəcək, Vətənin keşiyini çəkəcək.
Bir məqamı da xüsusilə vurğulamaq istərdim. Bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında ordu ilə xalq vəhdəti əsgərlərimizi qüsursuz, inamlı xidmətə aparan başlıca amillərdəndir. Fərqi yoxdur, Silahlı Qüvvələrin bütün qoşun növlərində bu tendensiya keçərlidir. Bu böyük birliyi, vəhdəti isə bundan sonra da heç bir qüvvə qıra və sarsıda bilməz!
Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru