Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində bu ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.
Kollegiya iclasında komitənin sədri Bəxtiyar İsmayılov məruzə edərək bildirib ki, 2017-ci ilin ilk altı ayı ərzində Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qarşısında mühüm vəzifələr durur, beynəlxalq norma və prinsiplərə müvafiq olaraq standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və patent işi sahələrində beynəlxalq təcrübənin tətbiqi istiqamətində işlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının icrası xüsusilə diqqətdə saxlanılıb. Muxtar respublikaya idxal edilən 59 məhsulun üzərinə Azərbaycan dilində zəruri məlumatların vurulması təmin olunub.
Bəxtiyar İsmayılov deyib ki, “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011- ci il 15 iyul tarixli Fərmanının icrasını təmin etmək məqsədilə məhsulların sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olan 227 müraciətin icrası reallaşdırılıb.
Vurğulanıb ki, bu ilin birinci yarısında standartların tələblərinə uyğun olmayan 2554 manat dəyərində yararlılıq müddəti bitən, keyfiyyətsiz və ya kontrafakt məhsulun, o cümlədən 201 manat dəyərində kontrafakt məhsulun, 2253,50 manat dəyərində çap qurğusu üçün mürəkkəbin və 99,50 manat dəyərində kosmetik vasitələrin satışına qadağa qoyulub. Komitənin əsas fəaliyyət istiqaməti qismində istehsal və idxal olunan məhsulların keyfiyyətinə nəzarət işi xüsusilə diqqətdə saxlanılıb, ümumilikdə, altı ay ərzində məhsulların keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilib.
Bildirilib ki, yerli istehsal məhsullarının keyfiyyətinə nəzarət məqsədilə 259 qida istehsalı müəssisəsində maarifləndirmə xarakterli baxış keçirilib, 32 təsərrüfat subyektində aşkar edilən çatışmazlıqların aradan qaldırılması təmin olunub. Təsərrüfat subyektlərindən götürülən məhsul nümunələrinin 564 halda laboratoriya analizləri aparılıb və texniki normativ-hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilib.
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında aidiyyəti qurumlarla yanaşı, muxtar respublika Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında da bir sıra vəzifələr qoyulub. Bu vəzifələr sırasında xarici bazarlara çıxış imkanına malik məhsul istehsalına diqqətin artırılması, qarşıdakı dövrdə bu imkanların bir daha araşdırılması, ixracın coğrafiyasının genişləndirilməsi də vardır. Sessiyada verilən tapşırıqların icrasını təmin etmək məqsədilə işçi qruplarının fəaliyyəti daha da gücləndirilib, istehlak bazarında məhsulların keyfiyyətinə və müvafiq standartlara uyğunluğuna nəzarət istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılov yekun vurub.
Səbuhi HÜSEYNOV
* * *
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətində 2017-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Tədbiri şirkətin baş direktoru Bəhruz Əsgərov açaraq bildirib ki, yol infrastrukturunun bərpası və yenidən qurulması bu ilin birinci yarısında da diqqət mərkəzində saxlanılıb. Son illər yol təsərrüfatının yenidən qurulmasında əsas amil olan keyfiyyətli asfalt istehsalı üçün möhkəm zəmin yaradılıb, müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları istifadəyə verilib. Tabelikdə olan yol istismar idarələrinin maddi-texniki bazası möhkəmləndirilib, istehsal olunan asfaltın vaxtında yerlərə çatdırılması və asfalt-beton örtüyünün keyfiyyətlə salınmasında mühüm rol oynayan müasir mexanizmlərlə təmin olunub.
Qeyd olunub ki, hesabat dövründə şirkət və onun tabeliyində olan yol istismar idarələrinin kollektivləri tərəfindən Şərurda rayondaxili avtomobil yollarında çala təmiri işləri görülüb ki, bu da gələcəkdə həmin yolların müasir standartlara uyğun vəziyyətə gətirilməsinə şərait yaradacaq. Bundan əlavə, Babək rayonunda Xəlilli-Şıxmahmud-Xətai məhəlləsi avtomobil yolunda son tamamlama işləri həyata keçirilir. Payız kənd avtomobil yolunun yenidən qurulması, selötürücü kanalların və istinad divarlarının tikintisi, sahilbərkitmə işləri və yol üzərində yerləşən körpünün bərpası işləri aparılır.
Babək və Culfa rayonlarındakı daxili avtomobil yollarında çala təmiri, Dizə kənd avtomobil yolunda yol yatağının bərpası işlərinin görüldüyünü deyən baş direktor bildirib ki, cari ilin ilk 6 ayında Ordubad rayonunda da şəhər və rayondaxili avtomobil yollarının asfalt-beton örtüyü bərpa olunub, Ordubad şəhərdaxili, Sabirdizə kənd avtomobil yollarında istinad divarları tikilib.
Vurğulanıb ki, ərazisi dağlıq və dağətəyi zonadan ibarət olan Şahbuz rayonunda şəhərdaxili avtomobil yollarında da asfalt-beton işləri görülüb, su kanalları tikilib, respublika əhəmiyyətli Naxçıvan-Şahbuz magistral avtomobil yolunda asfalt-beton örtüyünün zədələnmiş hissələri bərpa olunub, rayon Energetika İdarəsinə gedən yolda təmir işləri aparılıb. Badamlı kəndində yaz aylarında baş vermiş torpaq sürüşməsinin nəticələri aradan qaldırılıb, bərkitmə işləri aparılıb, əhalinin həmin yollardan rahat istifadəsinə əlverişli şərait yaradılıb.
Kəngərli rayonunda isə rayonun daxili avtomobil yolunun yenidən qurulması, Qarabağlar kənd avtomobil yolunda abadlıq və selötürücü kanalların tikintisi işləri aparılıb. Sədərək rayonunda da avtomobil yollarında çala təmiri işləri görülüb, yeni yol nişanları quraşdırılıb.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətinin baş direktoru Bəhruz Əsgərov yekun vurub.
Səbuhi HƏSƏNOV