25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində keçirilən kollegiya iclasında cari ilin ilk 6 ayı ərzində görülən işlərin nəticələri müzakirə olunub.

İclasda məruzə ilə çıxış edən fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev bildirib ki, bu ilin birinci yarısında muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan, xoşagəlməz hadisələrdən qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülüb, struktur bölmələrin daimi hazır­lıq mərhələsində olmaları təmin edilib.
Qeyd edilib ki, hesabat dövründə istismara verilən 6 təhlükə potensiallı obyekt, 56 avadanlıq və qurğu dövlət reyestrində qeydiyyata alınıb, 8 nəqliyyat vasitəsinə dövlət nömrə nişanı və qeydiyyat şəhadətnaməsi verilib. Bu dövrdə 145 ədəd nəqliyyat vasitəsinə texniki baxış keçirilib, 15 ədəd nəqliyyat vasitəsinin sığortalanması təmin edilib, 43 təhlükə potensiallı obyektdə əməli yoxlamalar aparılıb, 17 müəssisədə 109 təhlükə potensiallı qurğu və avadanlıq sertifikatlaşdırılıb. Altı müəssisədə maşın və mexanizmlər, avadanlıq və qurğular texniki təhlükəsizlik üzrə ekspertizadan keçirilib. Yanğına qarşı vəziyyətin yaxşılaşdırılması məqsədilə 2359 obyektdə yoxlama aparılıb, müxtəlif müəssisələrdə 7214 nəfərin iştirakı ilə maarifləndirici söhbətlər təşkil edilib. Həmçinin 125 ədəd kombayn, un dəyirmanları və yem anbarları texniki müayinədən keçirilib, taxıl biçini intensiv aparılan yerlərdə yanğın avtomobillərinin və motoxilasedicilərin növbətçiliyi təşkil olunub. Aparılan profilaktik tədbirlər nəticəsində baş vermiş yanğınların sayı ötən illə müqayisədə 33,3 faiz, dəymiş maddi ziyan isə 80,4 faiz azalıb.

Diqqətə çatdırılıb ki, şəxsi heyətin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də ciddi addımlar atılıb. Belə ki, bu il yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə nazirliyin ­zabit-gizir ailələri üçün Naxçıvan şəhərində 48 mənzilli xidməti yaşayış binasının açılışı olub, 32 nəfər hər cür şəraitə malik mənzillərlə təmin edilib.
Sonra məruzə ətrafında nazirliyin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi Vüqar Kazımovun, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Ehtiram Məmmədovun, Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis əvəzi, polkovnik-leytenant Azadil Hüseynovun, Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Razim Vəliyevin, Ordubad Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Tural Sadiqovun, Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Anar Həsənovun çıxışları olub.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev yekun vuraraq ilin ikinci yarısında da qarşıda duran vəzifələrin məsuliyyətlə icra edilməsinin vacibliyini qeyd edib.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR