Babək rayonunun tarixində əlamətdar hadisələr çoxdur. Rayon sakinləri isə 1978-ci il oktyabr ayının 23-nü ən əlamətdar gün hesab edirlər. Çünki bu bölgəmiz həmin tarixdə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb.
Ötən dövr ərzində Babək rayonu hərtərəfli qayğı ilə əhatə olunub, sürətli inkişaf yolu keçib. Rayon mərkəzi, kənd yaşayış məntəqələri muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri, reallaşdırılan böyük layihələr hesabına öz simasını tamamilə dəyişib, Babək müasir Azərbaycan rayonuna çevrilib. Babək rayonu 2017-ci ilin birinci yarısını da böyük nailiyyətlərlə başa vurub. Həmin nailiyyətlərin arxasında dayanan başlıca amil insana qayğı olub. Bu yazını hazırlayarkən rayon sakinləri ilə həmsöhbət olduq. Onlar da yaradılan şəraitdən razılıqlarını bildirdilər. Sakinlərin söhbətini bir qədər sonra sizə təqdim edəcəyik.
Rayonun quruculuq xəritəsi
Bu ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 33891,2 min manat və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın dəyəri bir il öncəyə nisbətən 1,4 faiz artaraq 32697,8 min manat təşkil edib.
Belə ki, rayon mərkəzi olan Babək qəsəbəsi və 23 kənd kompleks şəkildə abadlaşdırılıb. Bu yaşayış məntəqələrində kənd və xidmət mərkəzləri istifadəyə verilib, mərkəzi yollara asfalt salınıb, kənddaxili yollara qum-çınqıl döşənib, beton kanallar çəkilib, həmin ərazidə əhaliyə məxsus hasarlar dövlət hesabına tikilib, elektrik, qaz və rabitə xətlərində təmir və yenidənqurma işləri aparılıb.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar 2017-ci ilin birinci yarısında bir sıra işlər görülüb.
Belə ki, Babək Rayon İcra Hakimiyyətinin inzibati binası əsaslı yenidən qurulmadan sonra istifadəyə verilib. Bununla yanaşı, binanın həyətində geniş abadlıq işləri aparılıb, gülkarlıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Nehrəm kəndində Heydər Parkı istifadəyə verilib.
Payız kəndində tam orta məktəb binasının, kənddaxili yolların yenidən qurulması, kənd və xidmət mərkəzlərinin, su dəyirmanının tikintisi, yol kənarlarına suaxıdıcı kanalların çəkilişi, həmçinin sel sularının qarşısının alınması məqsədilə kanalların tikintisi, piyada və maşın keçidi üçün körpülərin təmir işləri, sərhəd kəndi olan Gərməçataqda tam orta məktəb binasının yenidən qurulması, kənd və xidmət mərkəzlərinin tikintisi, həmçinin kənddaxili yolların abadlaşdırılması işləri davam etdirilir.
Cəhri-Buzqov avtomobil yolundan Gərməçataq kəndinədək 6 kilometr uzunluğunda avtomobil yoluna qum-çınqıl qatı verilərək torpaq işləri başa çatdırılıb, selötürücülər və yeni körpü tikilib, suötürücü borular salınıb.
Şıxmahmud-Xəlilli kəndlərini Naxçıvan şəhərinin Xətai məhəlləsinə birləşdirən yolda, Nehrəm kəndində “İmamzadə” türbəsində yenidənqurma işləri, Yarımca, Nəzərabad və Yuxarı Uzunoba kəndlərində müasir üslubda mərasim evlərinin tikintisi davam etdirilir.
Babək qəsəbəsi və ətraf kəndlərin içməli su, kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində rayonun Babək qəsəbəsi, Nehrəm, Şəkərabad, Araz kəndlərində içməli su və kanalizasiya xətlərinin, Badaşqan kəndində isə içməli su sistemlərinin çəkilişi və Yarımca kəndində içməli su xətti üçün su anbarının, həmçinin Şıxmahmud və Xəlilli kəndlərində içməli su və kanalizasiya xətlərinin tikintisi davam etdirilir.
Bəhs olunan dövrdə Babək qəsəbəsində və rayonun ayrı-ayrı kəndlərində içməli su xətlərində təmir-bərpa işləri aparılıb, bəzi yaşayış məntəqələrində müxtəlifölçülü plastik və metal borularla yeni içməli su xətti çəkilib.
Rayon ərazisində qrunt sularının qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, rayon mərkəzinin “Qoşadizə” məhəlləsində, Cəhri və Xəlilli kəndlərində, Hacıvar kəndinin yaxınlığındakı dövlət fondunda qapalı drenaj kanalı, Cəhri kəndində, Hacıvar kəndinin yaxınlığındakı dövlət fondunda açıq drenaj kanalı çəkilib. Nehrəm və Çeşməbasar kəndlərində açıq drenaj kanalı təmir edilib.
2017-ci ilin birinci yarısında rayon Elektrik Şəbəkəsi tərəfindən rayonun qəsəbə və kəndlərində yeni məhəllələrə elektrik xətləri çəkilib, xətlərdə cari və əsaslı təmir işləri aparılıb, 3 ədəd yeni transformator yarımstansiyası, 107 yeni abonentə sayğac quraşdırılıb, 1 ədəd yanmış transformator yenisi ilə əvəz edilib, 24 10/0,4 kilovoltluq yarımstansiya təmir olunub.
Qəsəbə və kəndlərdə yeni tikilmiş 54 mənzilə də qaz xətti çəkilib.
Rayonda rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə 2017-ci ilin birinci yarısında bir sıra işlər görülüb. Bu dövrdə 183 yeni abonentə telefon xətti çəkilib.
İqtisadiyyat yeni inkişaf müstəvisindədir
Muxtar respublikanın ən böyük bölgələrindən olan Babək rayonunda iqtisadiyyatın inkişafı bu gün ən yüksək önəm verilən sahələrdən biridir. Çünki hər bir babəkli öz həyat səviyyəsinin yaxşılaşmasını iqtisadiyyatın inkişafında görür, dövlətimizin yaratdığı şəraitdən istifadə edərək məhsul bolluğu yaradılmasına çalışır. Bir neçə statistik rəqəmə diqqət yetirsək, babəklilərin çəkdikləri zəhmətin hədər getmədiyini görərik. Bəhs olunan dövrdə Babək rayonunda 2017-ci ilin məhsulu üçün 16172 hektar sahədə əkin aparılıb. Əkin sahəsinin 10628 hektarını dənli və dənli-paxlalı bitkilər (qarğıdalısız), 122 hektarını dən üçün qarğıdalı, 87 hektarını dən üçün günəbaxan, 2093 hektarını tərəvəz bitkiləri, 1511 hektarını ərzaq üçün bostan bitkiləri, 476 hektarını kartof, 77 hektarını birillik otlar, 686 hektarını cari, 492 hektarını isə əvvəlki illərdə əkilmiş çoxillik otlar təşkil edir.
Hazırda bölgənin əkin sahələrində məhsul yığımı davam edir. 1 iyul 2017-ci il tarixə 10628 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsinin 28,2 faizindən 8914 ton məhsul yığılıb. Məhsuldarlıq orta hesabla 29,7 sentner olub. 1 iyul 2016-cı illə müqayisədə yığım sahəsi 1,8, yığılmış məhsul 2,2, məhsuldarlıq 0,3 faiz çoxdur.
476 hektar kartof əkilmiş sahənin 4,6 faizindən 276 ton kartof tədarük edilib. Məhsuldarlıq orta hesabla 125,5 sentner olmuşdur. 1 iyul 2016-cı illə müqayisədə yığım sahəsi və yığılmış məhsul hər iki halda 10 faiz çoxdur.
2093 hektar tərəvəz bitkiləri əkini sahəsinin 2,3 faizindən 506 ton tərəvəz məhsulları yığılıb. Məhsuldarlıq orta hesabla 105,4 sentner olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yığım sahəsi 4,3, yığılmış məhsul 4,8, məhsuldarlıq 0,4 faiz çoxdur.
Barverən meyvə bağlarından 1056 ton məhsul tədarük edilib ki, bu da 1 iyul 2016-cı illə müqayisədə 0,2 faiz çoxdur.
2017-ci ilin birinci yarısında rayonda sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb, bu dövrdə 204 fiziki şəxs qeydiyyata alınıb. Sahibkarlıq fəaliyyətinin inkişafı üçün yaradılmış sağlam şərait nəticəsində bu sahə yeni müstəviyə qədəm qoyub.
Əvvəlki illərdə olduğu kimi, 2017-ci ilin ilk altı ayı ərzində də ekoloji tarazlığın qorunması üçün məqsədyönlü tədbirlər həyata keçirilib, yeni meyvə bağları salınıb, yol kənarlarında, qəsəbə və kəndlərdə yaşıllaşdırma işləri görülüb, 3,3 hektar meşəsalma, 1,3 hektar meşəbərpa tədbirləri aparılıb. Bu ərazilərdə 6100 ədəd meyvə, 7500 ədəd meşə, 7000 ədəd həmişəyaşıl, 540 ədəd gül və bəzək kolları olmaqla, ümumilikdə, 21140 ədəd ağac, gül və bəzək kolları, həmçinin 50000 ədəd üzüm çubuğu əkilib.
Digər sahələr
Cari ilin birinci yarısında rayonda əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə tədbirlər həyata keçirilib. Belə ki, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən şəhid ailələrinə, uşaq müavinətinə, birdəfəlik müavinət alanlara, müharibə veteranlarına, sosial müavinət alanlara cəmi 727 min 272 manat vəsait verilib. Müavinətlər vaxtında çatdırılıb. Bununla yanaşı, 329 ailəyə 217 min 888 manat ünvanlı sosial yardım ödənilib.
Rayonda əlillərin qayğısına qalınıb, onlara müxtəlif ərzaq yardımları verilib, həmçinin rayonda yaşayan əlil və ahıl vətəndaşlardan protez-ortopedik məmulatlara ehtiyacı olanlara səyyar protez-ortopedik xidməti göstərilib, ehtiyacı olan əlil və ahıl vətəndaşlar isə protez məmulatları ilə təmin edilib.
Bəhs olunan dövrdə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 2 milyon 172 min manata qarşı 2 milyon 365 min 500 manat məcburi dövlət sosial sığortahaqqı toplanıb.
Rayonda vətəndaşların icbari və könüllü sığortaya cəlb olunması sahəsində də bir sıra işlər görülüb. Belə ki, nəqliyyatın icbari sığortası üzrə 835 müqavilə əsasında 61 min 87 manat, daşınmaz əmlakın icbari sığortası üzrə 2148 müqavilə əsasında 64 min 440 manat, fərdi qəza sığortası üzrə 1935 müqavilə əsasında 16 min 720 manat, ev əmlakının könüllü sığortası üzrə 1184 müqavilə əsasında 10 min 58 manat, kənd təsərrüfatı bitkilərinin sığortası üzrə 574 müqavilə əsasında 4 min 990 manat, sahibkar obyektlərinin daşınmaz əmlaklarının icbari sığortası üzrə 51 müqavilə əsasında 5 min 547 manat, daşınmaz əmlakın istismarının mülki məsuliyyətinin icbari sığortası üzrə 29 müqavilə əsasında 2 min 640 manat sığorta tədiyəsi olmaqla, 6756 müqavilə əsasında 165 min 482 manat sığorta tədiyəsi yığılıb.
2017-ci ilin birinci yarısında əhalinin məşğulluğunun təmin edilməsi qayğısına qalınıb, əmək ehtiyatlarından səmərəli istifadə edilib, əhalinin məşğulluğu diqqət mərkəzində saxlanılıb. Bəhs olunan dövrdə Məşğulluq Mərkəzi tərəfindən 206 nəfər işaxtaran vətəndaş qeydiyyata alınıb, bunlardan 190 nəfəri işlə təmin olunub. Ərazi məşğulluq proqramına uyğun olaraq 32 nəfər işaxtaran vətəndaş müxtəlif peşə kurslarına göndərilib. 2017-ci ilin birinci yarısında rayonda 220 yeni iş yeri açılıb ki, bunun 215-i daimi iş yeridir.
Babəklilərlə ayaqüstü söhbət
Nehrəm bələdiyyəsinin sədri, təcrübəli təsərrüfatçı Tofiq Abutalıbov:
– O yerdə insanın yaşamaq, qurub-yaratmaq əzmi yüksək olur ki, orada insan hərtərəfli qayğı görür. Bu gün fəxrlə demək olar ki, rayon sakinlərində belə əzmkarlıq yüksək səviyyədədir. Sevinirik ki, rayonumuz sürətlə inkişaf edir. Burada yeni emal və istehsal müəssisələri açılır, iş yerləri yaradılır. Bu da əhalinin məşğulluğunun təmin olunmasında, daxili bazarda yerli məhsulun xüsusi çəkisinin artırılmasında mühüm əhəmiyyət kəsb edir. Rayonda sahibkarlığın inkişafına geniş meydan verilməsinin nəticəsidir ki, onlarla emal, istehsal və xidmət müəssisəsi fəaliyyət göstərir.
Tarix müəllimi Səfər Məmmədov:
– Muxtar respublikamızda bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, böyük uğurlar qazanılmasın, yüksək nəticələrə nail olunmasın. Babək rayonu da hərtərəfli dövlət qayğısı hesabına günü-gündən gözəlləşməkdədir. Hər il rayonun müxtəlif ünvanlarında geniş yollar salınır, fərdi yaşayış evləri tikilir. Son illər yaşıllıq sahələrinin genişləndirilməsinə diqqət daha da artıb. Müasir işıqlandırma sistemi rayon mərkəzinin gecəsini gündüzə çevirib.
Rayon ağsaqqalı Qürbət Orucov:
– Babək rayonu bu gün muxtar respublikanın digər bölgələri kimi sürətlə inkişaf edir, füsunkar gözəlliyə qovuşur. Bu gözəlliyin asanlıqla başa gəlmədiyini bilirik. Ona görə də hər bir sənət və peşə adamı səy və bacarığını əsirgəməyərək çalışdığı sahədə böyük uğurlara nail olmalı, göstərilən qayğıya əməli işlə cavab verməlidir. Elə bunun üçün də hər cür imkanlarımız var. Bu imkanlardan səmərəli istifadə edən insanlar rayonumuzun, muxtar respublikamızın, nəticə etibarilə, ölkəmizin inkişafına töhfələrini vermiş olacaqlar.
Rayon sakinləri nail olduqlarını son hədd saymırlar
Dünya yaranandan hər açılan sabah həyatın davam etdiyinin göstəricisi olub. Babək rayonunda da hər gün bir yeniliklə müşahidə olunur. Elə ilin ilk 6 ayında əldə olunan qısaca bəhs etdiyimiz yeniliklər 2017-ci ilin Babək rayonuna töhfələridir. Bu yeniliyi yaradanlar Babəkin müasir tarixinə öz imzasını yazan insanlardır. Odur ki, onların əməyi öz yurdunu qəlbən sevən, yaşadıqları yurd yerinin sabah daha gözəl olacağına inanan babəklilər tərəfindən yüksək dəyərləndirilir. Onlar görürlər ki, təşəbbüskarlıq, sabaha cavabdehlik və tapşırılan vəzifəyə məsuliyyət hissi vətəndaşlıq borcuna çevrilən yerdə hər şeyə nail olmaq mümkündür. Bu isə belə deməyə əsas verir ki, qarşıdakı dövrdə Babək rayonunda görülən işlərin həcmi daha çox olacaq, bölgə sakinləri 2017-ci ili böyük uğurlarla başa vuracaqlar.
Muxtar MƏMMƏDOV