1993-cü il avqustun ortalarında havadarlarına arxalanan erməni silahlı qüvvələrinin genişmiqyaslı hücumu bir həftə sonra, ayın 23-də Cəbrayıl və Füzuli rayonlarının işğalı ilə nəticələndi. Hər iki rayonun maddi və mədəni sərvəti və təbii ehtiyatları talan edildi, vəhşicəsinə dağıdıldı, dünya növbəti dəfə erməni vandalizminin şahidi oldu.
Füzuli
Həmin gün Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən viran qoyulub, 55 min nəfərə yaxın sakin doğma yurdundan didərgin salınıb. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. 1386 kvadratkilometr ərazisi olan rayonun əhalisi işğala qədər 105 min nəfərdən çox idi.
Əsası 1827-ci ildə qoyulan, ilkin adı Qarabulaq olan rayon böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılıb. Ərazisindəki Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə müxtəlif dövrlərdə tədqiqatlar aparılıb, Azərbaycan xalqının qədim köklərə sahib olduğu sübut edilib. 1968-ci ildə aşkar olunmuş Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 kilometr aralı məsafədə yerləşən Azıx mağarasında tapılıb. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə rayon ərazisində vaxtilə qədim Paleolit dövrünün mövcudluğunu aşkarlamaqdadır.
Füzulidə Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, tarixi əhəmiyyət daşıyan bu abidələrimiz ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır. İşğalçı ermənilər bununla Azərbaycana dair tarixi hər vasitə ilə saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışmışlar. Zəbt edilmiş torpaqlarımızın hər daşının külə döndərilməsi, viran edilməsi erməni vandalizminin daha bir sübutudur.
1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə sakin şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzuli Qarabağ müharibəsində ən çox itki və şəhid verən rayondur. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində 36 min 361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri atasız-anasız qalmışdır.
Ulu öndər Heydər Əliyevin 1993-cü il noyabrın 2-də televiziya və radio ilə xalqa müraciətindən sonra ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu. Noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı və Azərbaycan Ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Hazırda rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Həmin ərazidə hər cür infrastruktura malik 12 yeni qəsəbə salınmış, məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişdir. Bu qəsəbələrdə 51 min məcburi köçkün məskunlaşıb.
Cəbrayıl
Cəbrayıl rayonunun ərazisi 1050 kvadratkilometr, əhalisi, təxminən, 60 min nəfərə yaxın idi. Hazırda rayonun, demək olar ki, bütün ərazisi işğal altındadır. 90 kənddən yalnız biri – Cocuq Mərcanlı Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Rayonda respublika və yerli əhəmiyyətli 120-dək tarixi-memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus və əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində 246 cəbrayıllı şəhid olub, 91 nəfər əsir və itkin düşüb. Erməni vəhşiliyi 177 nəfəri ömürlük əlil edib. Şəhidlik zirvəsinə ucalan 6 rayon sakini isə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Azərbaycanın digər bölgələri kimi, Cəbrayıl rayonunun ərazisi də tarixi-memarlıq və dini abidələrlə zəngindir. Həmin tarixi abidələr erməni işğalındadır. Hazırda cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonunda 2000-dək yaşayış məntəqəsində məskunlaşıb.
Aprel döyüşləri: qələbənin müjdəçisi
Uzun illərdən sonra ötən ilin aprelində Azərbaycan Ordusunun düşmən üzərində növbəti böyük qələbə qazanması hər bir azərbaycanlıda fəxarət hissləri yaradıb. Həmin döyüşlərdə ordumuz öz gücünün kiçik bir hissəsindən istifadə etməklə düşməni yerində oturdub və onlara məğlubiyyətin acısını daddırıb. 2016-cı il aprelin 2-də Azərbaycan Silahlı Qüvvələrinin əks-həmləsi ilə Lələtəpə yüksəkliyi, o cümlədən ətraf ərazilər işğalçılardan azad olunub.
Qeyd edək ki, Lələtəpə Füzuli və Cəbrayıl rayonlarını nəzarətdə saxlamağa imkan verən çox mühüm strateji əhəmiyyət daşıyan yüksəklikdir. Buradan ətraf ərazilər, necə deyərlər, ovuc içi kimi görünür. Erməni hərbçiləri bu yüksəkliyin verdiyi imkanlardan istifadə edərək ötən illər ərzində Qazaxlar, Mirzənağılı və Əhmədalılar kəndlərini, demək olar ki, daim atəş altında saxlayıblar. Bu illər ərzində erməni gülləsindən ölənlər, yaralanan dinc sakinlər az olmayıb. Ancaq onlar bir addım da olsun, geri çəkilməyib. Əksinə, kəndlər bir az da böyüyüb, yeni fərdi və ictimai binalar tikilib.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 1994-cü ilin yanvar ayında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Lakin Lələtəpə yüksəkliyində Ermənistan ordusunun mövqe tutması kəndin ərazisini faktiki olaraq təhlükə altında saxlayıb. Yüksəkliyin azad edilməsi ermənilərin kəndə, oradakı mövqelərimizə yaratdığı təhlükəni aradan qaldırıb.
Bu gün artıq Cocuq Mərcanlıda sakinlərin asayiş içində yaşaması üçün şərait var. Məhz buna görə də ölkə Prezident cənab İlham Əliyev 2017-ci il 24 yanvar tarixli “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sənəd bütün məcburi köçkünlərimizdə öz doğma torpaqlarına qayıdacağı günün uzaqda olmadığı ilə bağlı inam hissini daha da gücləndirib.
Bu gün Cocuq Mərcanlı abadlaşır, gözəlləşir. Kəndin yenidən qurulması və sakinlərin doğma yurd-yuvalarına qayıtmaları, əslində, Azərbaycanda Böyük Qayıdış Proqramının başlanğıcıdır. Cocuq Mərcanlı kəndinin bərpası həm də Ermənistana, onun havadarlarına xəbərdarlıqdır. Yəni bu, o deməkdir ki, dövlətimiz təcavüzkar ölkənin işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq, ərazilərinin tapdaq altında qalması ilə razılaşmayacaq, torpaqlarının azad edilməsi üçün bütün vasitələrdən istifadə edəcək.
Rauf KƏNGƏRLİ