25 Dekabr 2024, Çərşənbə

Gənclik bir millətin gələcəyi, inkişafı üçün başlıca faktordur. Millətin mövcudluğu üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük əhəmiyyət daşıyıb.

Müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən Azərbaycan Gənclərinin ­I Forumunun rolu xüsusi qeyd edilməlidir. 1996-cı il fevralın 2-də keçirilən forum ümummilli liderin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu.
Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə yüksək nəticələr qazanırlar.

Gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması bu gün muxtar respublikada prioritet məsələlərdən birinə çevrilib. Yeni nəslin inkişafının əsas vasitəsi gənclərin cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir.
Muxtar respublikamızda da gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənc­lərin sağlamlığının qorunması və fiziki inkişafı, onların məşğulluğunun təmin edilməsi bu sahədə işlərin düzgün istiqamətdə qurulmasından xəbər verir. Həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Naxçıvan Muxtar Respublikasında gənclərin təhsilə yönləndirilməsi intellekt kapitalının inkişafına xidmətin ən mühüm göstəricisidir.
Savadlı gənc mütəxəssislərin hazırlanması orta məktəbdən başlayır. Muxtar respublikamızda bu məsələyə xüsusi diqqət yetirilir, şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd­lərdə də məktəblər tikilir. Hazırda Naxçıvanda təhsil infrasturukturu yenilənib. Muxtar respublika gəncləri bu gün xarici ölkələrə təhsil almağa, təcrübə qazanmağa göndərilir. Gənc­liyin beynəlxalq gənclər hərəkatına inteqrasiyası sahəsində də böyük uğurlar qazanılıb. Aparılan gənclər siyasəti gənclərin cəmiyyətə sağlam fərd kimi qazanılmasında mühüm rol oynayır. Bu, hər şeydən əvvəl, Naxçıvanda gənc nəslə göstərilən qayğının bariz nümunəsidir.
Naxçıvanda sağlamdüşüncəli yeni nəslin yetişdirilməsi prioritet vəzifə hesab edilir. Gənclərin cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi muxtar respublikada vacib məsələlərdən biri kimi elan edilib. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Naxçıvanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər yetişir, onlar gündən-günə regionun, eləcə də ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar.
Naxçıvanda gənclərlə bağlı dövlət siyasəti çox geniş spektri – gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual-mədəni inkişafı, asudə vaxtlarının səmərəli təşkili, həyatın bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Muxtar respublika gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi öz sözünü deyir. Gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm, xüsusilə idman sahəsində böyük inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar.
Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Bu gün dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Ölkənin bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında yeni olimpiya-idman komplekslərinin tikilib istifadəyə verilməsi, beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın dünya və Avropa çempionatlarında nailiyyətlər qazanması buna əyani sübutdur.
Dövlət qayğısı sayəsində uşaq və gənclərin fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb, onların idmana cəlbi yolunda mühüm addımlar atılıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsi cari ilin ötən dövrü ərzində gənclərlə bağlı 100-ə yaxın tədbir təşkil edib ki, bu tədbirlərdə mindən çox gəncin iştirakı təmin olunub. Gənclər bu tədbirlərə daxil olan “Nuh yurdu” intellektual oyununda qüvvələrini sınayıb, muxtar respublikanın şəhər və rayonlarında nümayiş olunan filmləri izləyib, həmçinin əlamətdar və tarixi günlərdə, bayramlarda əsgər və ­zabitlərlə görüşlərdə iştirak ediblər. Təbii ki, belə tədbirlərin baş tutması gənclərin ictimai həyatda nə qədər mühüm rol oynadıqlarının göstəricisidir.
Gənclər və İdman Nazirliyi gənclərin idmana yönləndirilməsi məqsədilə tədbirlər planına uyğun olaraq il ərzində yarışlar, turnirlər təşkil edib ki, bu da regionda gənclər siyasətinin uğurla davam etdirilməsindən xəbər verir. İlk olaraq qurum gənclər arasında idmanın kütləviliyinə nail olmaq üçün maarifləndirmə tədbirlərinə geniş yer verib. Gənc­ləri maarifləndirmək yolu ilə idmana cəlbini əsas məsələ hesab edən qurum buna kifayət qədər nail olub. Nəticədə, cari ilin ötən dövrü ərzində muxtar respublikada keçirilən yarışlarda 3000-ə yaxın gənc qüvvəsini sınayıb.
Bu gün gənclərin formalaşması, idmanla məşğul olması üçün muxtar respublikada hər cür şərait yaradılıb. Gənclərimiz bu imkanlardan səmərəli istifadə edir, onlara göstərilən etimadı doğrultmağa çalışırlar.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR