Muxtar respublikanın sürətlə inkişaf edən rayonlarından biri də Şərurdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonun inkişafını yüksək qiymətləndirərək deyib: “Şərur rayonunda bütün sosial məsələlər həllini çox uğurla və keyfiyyətlə tapır, sosial infrastrukturun yaradılması sürətlə gedir”.
Bunu Şərur rayonunun dağ və sərhəd kəndi olan Axuranın timsalında da görmək olar. Yolumuz dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən, aparılan quruculuq işlərindən sonra müasir görkəmə qovuşan, yeniləşmiş dağ kəndlərimizin sırasına daxil olan Axura kəndinədir. Bu yaşayış məntəqəsində hər yer yaşıllığa qərq olub, ağaclar barlı-bəhərlidir.
Ana təbiət yenidən öz qucağını ona pənah gətirən insanlara açıb. Torpaq sahibkarları əlverişli hava şəraitindən istifadə edərək bu ilin yazında bünövrəsini qoyduqları bol məhsulu toplamaqla məşğuldurlar. Bəli, yaşıllıqlara qərq olmuş Axura ilin bu vədəsində öz görkəmi ilə şəhərin istisindən “qaçıb” kəndə gələn hər kəsdə xoş duyğular oyadır.
Bu gün muxtar respublikamızın bütün yaşayış məntəqələri yüksək dövlət qayğısı əhatəsindədir. Yolların abadlaşdırılması, təhsil, mədəniyyət və tibb müəssisələri üçün yeni binaların, kənd və xidmət mərkəzlərinin tikilməsi nəticəsində yurd yerlərimizin görkəmi tamamilə dəyişilir. Belə genişmiqyaslı tədbirləri həyata keçirməkdə dövlətimizin əsas məqsədi ondan ibarətdir ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılsın, kəndlərimiz gözəlləşsin, ayrı-ayrı sahələrdə çalışanlar üçün nümunəvi iş şəraiti yaradılsın, əhalinin maddi rifah halı yaxşılaşdırılsın. Eyni zamanda aqrar bölmə inkişaf etdirilsin, daxili bazarda daim məhsul bolluğu olsun.
Dövlətimizin bu istiqamətdə apardığı siyasət Şərur rayonunda, həmçinin Axura kəndində də uğurla həyata keçirilir. Bu kənddə 2014-cü ildə aparılmış bir neçə quruculuq ərməğanı sakinlərdə xoş ovqat yaradıb, onları doğma torpağa qırılmaz tellərlə bağlayıb.
Yeri gəlmişkən qeyd edək ki, bu yaşayış məntəqəsində köklü təhsil ənənələri olub. Lakin bir neçə il bundan əvvələ qədər kənd məktəbinin müasir tələblərə cavab verməməsi yeni məktəb binasının inşa olunması zərurətini yaratmışdı. Kəndin gələcək perspektivi əsas götürülərək 198 şagird yerlik yeni məktəb binasının tikilməsini kənd adamları onlara göstərilən dövlət qayğısının daha bir təzahürü hesab edirlər.
Axurada inşa olunan digər obyekt isə kənd mərkəzidir. İki mərtəbədən ibarət olan mərkəz kənddə fəaliyyət göstərən qurumlara normal iş şəraiti yaratmaq məqsədi daşıyır. Kənd mərkəzi nəzərdə tutulan qurumların birgə fəaliyyətinə, əhaliyə göstərilən xidmətin yüksək səviyyədə təşkilinə hərtərəfli şərait yaradıb. Kənddəki xidmət mərkəzində sakinlərə ticarət və məişət xidmətləri göstərilir.
Dizədən Axurayadək olan avtomobil yolu və yolun üstündəki iki körpü yenidən qurulub.
1590 nəfər sakini, 425 təsərrüfatı, 317,1 hektar əkinəyararlı torpaq sahəsi olan Axurada zəhmət adamları çoxdur. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Yusif Yusifov bildirdi ki, aqrar islahatlar zamanı əhaliyə 283 hektar pay torpaq sahəsi verilib, 6 hektar dövlət, 28,82 hektar bələdiyyə mülkiyyətində saxlanılıb.
Kənddə əkinçilik və maldarlıq ən gəlirli təsərrüfat sahələri hesab olunur. Ona görə də bu sahələrin inkişafı diqqət mərkəzində saxlanılır. Keçən il də torpaq mülkiyyətçilərinin qazandıqları uğurlar yaddaqalan olub.
Axura kəndində yaşayan torpaq mülkiyyətçilərinin məşğulluq sahələrindən biri heyvandarlıqdır. Kənd adamlarının dədə-baba peşəsi olan maldarlıqda əldə edilən zəngin təcrübə bu sahədə layiqli nailiyyətlər qazanılmasının başlıca səbəblərindən biridir. Digər tərəfdən, kəndin təbii iqlim şəraitinin, geniş örüş yerlərinin, çoxillik yonca sahələrinin olması heyvandarlığın daha da inkişaf etdirilməsinə təkan verir. Hazırda kənddə 354 baş qaramal, 2 min 400 baş davar, 1650 baş quş, 500 arı ailəsi bəslənilir.
Təqaüddə olan müəllim, 65 yaşlı Məmmədəli Orucov 25 arı ailəsinə sahib olduğunu bildirir və qeyd edir ki, təmiz havası, güllük-gülüstanlıq bağları olan Axura kəndi arı ailələrini saxlamaq üçün əlverişli yerdir. Hər il keyfiyyətli bal əldə edirik.
Zəhmətkeş insanlar olan axuralılar torpaqdan ikiəlli yapışıb, sahələri boş qoymayıblar. 15 hektarda dən üçün qarğıdalı, 15 hektarda çoxillik yem bitkiləri, 5 hektarda müxtəlif tərəvəzlər əkiblər. Bu dağ kəndinin təbii iqlim şəraitinə uyğun olan cəviz, alma, armud bağlarının sahəsi də 0,5 hektar artırılıb.
Şərur rayonunun daha bir yaşayış məntəqəsində kəndlə şəhər arasındakı fərqin aradan götürülməsi axuralıları öz doğma yurd yerlərinə daha sıx tellərlə bağlayıb, onları əl-ələ verib daha fədakarlıqla çalışmağa, xarüqələr yaratmağa ruhlandırır. Bir sözlə, zövqünü füsunkar mənzərələrdən, güzəranını bərəkətli torpaqlardan, sağlamlığını saf bulaqlardan və təmiz havadan alan axuralılar rahat yaşayışını da dövlətimizin yaratdığı müasir şəraitlə təmin edirlər.
Ramiyyə ƏKBƏROVA