25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov açaraq məruzə edib.
Nazir bildirib ki, avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınması, marşrut qrafikinə nəzarət olunması məqsədilə yeni nəsil texnologiyalardan istifadə edilməsi işi ötən il də uğurla aparılıb. Belə ki, Naxçıvan-Bakı marşrutunda işləyən bütün avtobuslara Naxtel-4G GPS monitorinq izləmə sistemi quraşdırılıb. Ümumilikdə, bu günə qədər 50 avtonəqliyyat vasitəsinə GPS-in quraşdırılması başa çatdırılıb, Naxçıvan şəhərdaxili marşrutunda işləyən avtobus və taksilərə isə bu sistemin quraşdırılması işləri davam etdirilir.
Bildirilib ki, beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət artırılıb, Türkiyə Respublikasının “Metro” və “İğdırlı” turizm şirkətləri ilə bağlanmış müqaviləyə əsasən Türkiyə Respublikasının İqdır şəhərinə avtobus marşrutu açılıb ki, həmin marşrut üzrə Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinə məxsus avtobuslar fəaliyyət göstərir. Habelə “Metro” turizm və “İğdırlı” turizm şirkətləri ilə Naxçıvandan Türkiyənin müxtəlif şəhərlərinə, İran İslam Respublikasının “Rah Pey Saba” şirkəti ilə Naxçıvan-Urmiya istiqamətində, “Didari Seyri Giti” şirkəti ilə Naxçıvan-Təbriz istiqamətində sərnişindaşıma xidməti göstərmək üçün bağlanmış müqavilələr yenilənib.

Vurğulanıb ki, ötən il ərzində qanunsuz sahibkarlıqla məşğul olan avtonəqliyyat vasitələrinin müəyyən olunması üçün mütəmadi olaraq reydlər keçirilib. Bu zaman 330 avtonəqliyyat vasitəsi sahibinin bu işlə qanunsuz məşğul olduğu müəyyən edilib. Həmin şəxslərlə aparılan profilaktik işlər nəticəsində onlardan 57 nəfəri yük və ya sərnişindaşıma fəaliyyətinə icazə verilməsi üçün müqavilə bağlamağa cəlb edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

  *   *   *

2017-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən kollegiya iclasında təhsil naziri Məmməd Qəribov hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, yola saldığımız 2017-ci ildə muxtar respublikada bütün sahələrlə yanaşı, təhsilin səviyyəsi də yüksəldilib. Bunun nəticəsidir ki, Naxçıvan şəhərindəki 640 şagird yerlik 3 nömrəli, 376 şagird yerlik 13 nömrəli, Şərur şəhərindəki 1020 şagird yerlik 2 nömrəli, Şərur rayonunun Çəmənli kəndində 380, Ələkli və Qarahəsənli kəndlərinin hər birində 234, Babək rayonunun Payız kəndində 240, Gərməçataq kəndində 66, Ordubad rayonunun Üstüpü kəndində 340, Şahbuz rayonunun Kolanı kəndində 360 şagird yerlik tam orta məktəb binaları istifadəyə verilib. 480 şagird yerlik Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin tikintisi başa çatıb.
Ümumtəhsil məktəblərinə, ümumilikdə, 4384 kompüter verilib, 655 elektron lövhə quraşdırılıb ki, onlardan da 599-u ümumtəhsil məktəblərinin payına düşür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər nəticəsində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin təşkili həyata keçirilir.
İstedadlı şagirdlərlə aparılan iş sahəsində də muxtar respublika üzrə mühüm tədbirlər görülüb və olimpiadalarda müvafiq yerlər əldə edilib. Azərbaycan Respublikası məktəblilərinin fənn olimpiadasında 20 şagird qalib gəlib ki, onlardan 2 nəfəri qızıl, 5 nəfəri gümüş, 13 nəfəri isə bürünc medala layiq görülüb.
Sonda məruzə ətrafında çıxışlar olub.

*  *   *

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində keçirilən kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən komitənin sədri Vaqif Rəsulov bildirib ki, muxtar respublikanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklərin qeydə alınması, təhlil edilərək ümumiləşdirilməsi istiqamətində statistika orqanları tərəfindən 2017-ci ildə qanunvericilik üzrə müəyyən tədbirlər görülüb.
Ötən il şəhər və rayon statistika idarələri ilə birlikdə komitənin Sənaye, tikinti, rabitə, nəqliyyat və kommunal statistikası şöbəsi üzrə 904 təsərrüfat subyektindən 5 min 565, Kənd təsərrüfatı statistikası şöbəsi üzrə 47 min 785 təsərrüfat subyektindən 49 min 736, Demoqrafiya, əmək və sosial statistikası şöbəsi üzrə 8 min 911 təsərrüfat subyektindən 22 min 737, Ticarət, xidmət və texniki təchizat statistikası şöbəsi üzrə 1320 təsərrüfat subyektindən 6 min 685, Qiymət statistikası şöbəsi üzrə 311 təsərrüfat subyektindən 3 min 427, Maliyyə və təsərrüfat şöbəsi üzrə 205 təsərrüfat subyektindən 1147 sayda olmaqla, cəmi 59 min 436 təsərrüfat subyektindən 89 min 297 sayda hesabat yığılıb. Bunların da 100 faizi onlayn şəkildə təqdim olunub. Hesabatlar komitənin aidiyyəti şöbələri tərəfindən ümumiləşdirilərək analiz edilib, muxtar respublika üzrə iqtisadi, sosial, demoqrafik və ekoloji sahələrin vəziyyətinə dair göstəricilər əldə olunub.
Vurğulanıb ki, komitənin müvafiq şöbələri tərəfindən 37 adda, o cümlədən “2017-ci ilin məhsulu üçün muxtar respublikada əkinlərin yekununa dair”, “2016-cı ildə Naxçıvan Muxtar Respublikasının əsas demoqrafik göstəriciləri haqqında”, “2016-cı ildə Naxçıvan Muxtar Respublikasında sosial göstəricilərə dair”, “2016-cı ildə Naxçıvan Muxtar Respublikasında inzibati xətalara dair”, “İri sənaye müəssisələrinin işinin əsas göstəriciləri haqqında”, “Əsas fondların, obyektlərin istifadəyə verilməsi, əsas kapitala yönəldilmiş investisiyadan istifadə edilməsi və tikinti müəssisələrinin əsas göstəriciləri haqqında”, “Ticarətin əsas göstəriciləri”nə dair və digər təhlili məruzələr, statistik bülletenlər hazırlanıb.
Diqqətə çatdırılıb ki, 2017-ci ildə komitənin aidiyyəti şöbələri tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin internet saytında 2016-cı ilin yekunu və 2017-ci il üzrə aylıq makro­iqtisadi göstəricilərin, təhlil materiallarının və muxtar respublikada istifadəyə verilmiş obyektlərin fotoşəkillərinin yerləşdirilməsi işləri aparılıb. Ötən il kütləvi informasiya vasitələri ilə də sıx əlaqə saxlanılıb, muxtar respublikanın sosial-iqtisadi vəziyyətini əks etdirən kompleks materiallar dərc edilib, dövlət televiziyası müvafiq məlumatlarla təmin olunub, çıxışlar edilib. Komitədə kadr hazırlığını daha da təkmilləşdirmək məqsədilə müxtəlif vaxtlarda keçirilən treninq və seminarlarda komitə əməkdaşlarının iştirakı təmin edilib.
Məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində keçirilən kollegiya iclasında xidmətin rəisi Namiq Paşayev məruzə edərək bildirib ki, 2017-ci il ərzində muxtar respublikanın elektrik şəbəkələrinə 474 milyon 323 min 355 kilovat-saat elektrik enerjisi daxil olub. Bunun 42 milyon 632 min kilovat-saatı İran İslam Respublikasından alınıb, qalanı isə muxtar respublikanın elektrik stansiyaları tərəfindən ödənilib. Bəhs olunan dövrdə İran İslam Respublikasına 426 milyon 25 min kilovat-saat elektrik enerjisi verilib.
Qeyd edilib ki, ötən il xidmət tərəfindən elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında təmir işləri aparılıb. Tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos stansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması, müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlər həyata keçirilib.
Bildirilib ki, ötən il muxtar respublikanın şəhər və kənd­lərində 1 ədəd 35/10 kilovoltluq və 20 ədəd 10/04 kilovoltluq yeni transformator yarımstansiyaları quraşdırılıb, 46 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətti çəkilib, 16,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətləri kabel xətləri ilə əvəz edilib. Həmçinin 110/35/10 kilovoltluq “Koroğlu” yarımstansiyasını qidalandıran ikidövrəli 110 kilovoltluq “Naxçıvan-1” və “Naxçıvan-3” hava elektrik verilişi xətlərinin 1,2 kilometrlik hissəsi 110 kilovoltluq yeraltı kabel xətti ilə əvəzlənib. Hesabat dövründə Naxçıvan şəhərində, Şərur və Culfa rayonlarında yerləşən transformator təmiri sexlərində 102 ədəd 10/04 kilovoltluq transformatorlar təmir edilərək şəbəkələrə qaytarılıb.
Vurğulanıb ki, ötən il Naxçıvan şəhərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri uğurla aparılıb. Belə ki, il ərzində 6019 ədəd belə sayğac quraşdırılaraq, ümumilikdə, smartkarttipli sayğacların sayı 20 min 765-ə çatdırılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.

*   *   *

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində keçirilən tədbiri komitənin sədri Müslüm Cabbarzadə açıb.
Bildirilib ki, ötən il komitənin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutu tərəfindən muxtar respublikanın dövlət idarə, müəssisə və təşkilatlarının sifarişi ilə topogeodeziya-ölçmə işləri aparılıb, 16 sifarişçi təşkilata cəmi 483 ədəd müxtəlif miqyaslı xəritə, plan və sxemlər hazırlanaraq təqdim edilib. Komitə və onun yerli idarələri tərəfindən girov predmeti olan 126 əmlak real bazar dəyərinə uyğun olaraq qiymətləndirilib. Sahibkarlara göstərilən bütün növ xidmətlərə görə müəyyən edilmiş rüsum və xidmət haqlarının banklar vasitəsilə, POS-terminallarla və onlayn qaydada ödənilməsi təmin edilib. İl ərzində sahibkarlara məxsus 352 əmlak üzrə məhdudiyyət və yüklülüyün qeydiyyatı aparılıb.
Vurğulanıb ki, ötən il muxtar respublika üzrə 2086 torpaq sahəsi, 75 qeyri-yaşayış binası, 74 qeyri-yaşayış sahəsi, 921 mənzil, 1852 fərdi yaşayış evi, 13 əmlak kompleksi kimi müəssisə olmaqla, cəmi 5021 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakla bağlı digər əməliyyatların aparılması üçün 10783 ərizə qəbul edilib. Səyyar xidmət vasitəsilə muxtar respublika üzrə 92 yaşayış məntəqəsində 899 müraciətə baxılıb. Hesabat dövründə hazırlanmış 5091 texniki sənədin parametrləri Milli Qeydiyyat Sisteminə daxil edilib, 1795-i daşınmaz ­əmlakın texniki pasportu, 2006-sı isə torpaq sahələrinin planı və ölçüsü olmaqla, 3801 texniki sənəd hazırlanıb. Bundan əlavə, 2017-ci il ərzində muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 764 daşınmaz əmlak obyektinə ünvan verilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*   *  *

Muxtar respublikamızda əldə olunan sabitlik və iqtisadi inkişaf iqtisadiyyatın bütün sahələrində olduğu kimi, yol-nəqliyyat kompleksinin də yenidən qurulmasına, müasir avtomobil yollarının çəkilişinə əlverişli şərait yaradıb. Bu fikirlər Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətində 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbirdə baş direktor Bəhruz Əsgərovun çıxışında vurğulanıb.
Bildirilib ki, muxtar respublika iqtisadiyyatının inkişafında mühüm rol oynayan yol infrastrukturunun bərpa və yenidən qurulması işləri 2017-ci ildə də diqqət mərkəzində saxlanılıb, ümumilikdə, ötən il muxtar respublikamızda 70 kilometrlik yeni asfalt yollar salınıb, 12 körpü tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Həyata keçirilən kompleks tədbirlər nəticəsində muxtar respublikamızda mövcud olan 274 kilometr dövlət əhəmiyyətli, 1199 kilometr isə yerli əhəmiyyətli avtomobil yollarında hərəkətin intensivliyi təmin olunub.
Diqqətə çatdırılıb ki, hesabat dövründə Şərur rayonu Aşağı Aralıq kənd avtomobil yolunun asfalt-beton örtüyü bərpa olunub, rayondaxili avtomobil yollarında çala təmiri işləri görülüb, Naxçıvan-Sədərək magistral avtomobil yolunda asfalt-beton örtüyün zədələnmiş hissələrində bərpa işləri aparılıb. Bundan əlavə, Xanlıqlar-Vərməziyar-Ərəbyengicə-Qarahəsənli kənd avtomobil yolları yenidən qurulub, yol yatağı genişləndirilib, müvafiq olaraq 13,7 kilometr məsafədə asfalt-beton örtük salınıb və həmin yollar müasir standartlara uyğun vəziyyətə gətirilib.
Baş direktor vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Prezidentin Ehtiyat Fondundan ayrılmış 6,1 milyon manat vəsait hesabına 20 kilometrlik Düylün-Çənnəb-Üstüpü-Məzrə kənd avtomobil yolunun yenidən qurulması başa çatdırılıb.
Culfa rayonunda görülmüş işlərdən bəhs edən baş direktor bildirib ki, rayondaxili avtomobil yollarında çala təmiri işləri, Dizə kənd avtomobil yolunun isə yenidən qurulması işi başa çatdırılıb, 8,9 kilometr kəndin giriş və daxili yollarına asfalt örtük salınıb. Həyata keçirilən bütün tədbirlər Babək rayonundan da yan keçməyib. Rayonun Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhəri ilə birləşdirən, uzunluğu 13,3 kilometr olan avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. Rayonun Payız kəndində avtomobil yolunun yenidən qurulması işləri aparılıb, 5,2 kilometrlik yola asfalt örtük salınıb. Gərməçataq kəndində 5,7 kilometr uzunluğunda yol əsaslı təmir edilib.
Qeyd edilib ki, hesabat dövründə Kəngərli rayonunda da bu istiqamətdə işlər davam etdirilib, rayondaxili avtomobil yolunun yenidən qurulması, Qarabağlar kənd avtomobil yolunda abadlıq və selötürücü kanalların tikintisi işləri aparılıb. Sədərək rayonunda görülən işlərə toxunan baş direktor qeyd edib ki, bu dövrdə Sədərək Rayon Mədəniyyət Evinə gedən avtomobil yolunda 1,9 kilometr asfalt-beton işləri görülüb, 71 metr beton su kanalı, 10 su keçidi çəkilib, kənddaxili yollara 700 metr uzunluğunda qum-çınqıl qatı verilib.
Sonda məruzə ətrafında müzakirələr aparılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR