25 Dekabr 2024, Çərşənbə

Bu gün Babək rayonunun Gərməçataq kəndində yaradılan infrastruktur təkcə həmin yaşayış məntəqəsinin  deyil, hər bir muxtar respublika sakininin  qəlbini fərəh hissi ilə doldurur. Çünki illər öncə ov tüfəngi ilə bu yurdun müdafiəsinə qalxan gərməçataqlılarla yanaşı, regionun da yaxın-uzaq bölgələrindən gələn eloğlularımız Gərməçatağın erməni işğalına imkan vermədilər. Bəlkə də, o zaman heç kim xəyalına belə, gətirməzdi ki, top-tüfəng səsindən lərzəyə gələn bu Vətən torpağında güllər, çiçəklər açacaq. Müstəqil  Azərbaycan dövlətinin gücü, qüdrəti hesabına kənd etibarlı müdafiə olunacaq,  müasirləşəcək.  Zaman bir daha sübut etdi ki, ötən əsrin 90-cı illərində muxtar respublikanı erməni təcavüzündən qoruyan dahi şəxsiyyət Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu yol Gərməçatağa qədər uzandı, sakinlərə şad-xürrəm həyat bəxş etdi. Bir sözlə, ucqar dağ və sərhəd kəndinin bugünkü növrağını mətbuat səhifələrindən, televiziya və radiodan izləyən, dinləyən hər kəs sonsuz qürur hissi keçirir.  Beləcə, o illərdə kənd qorunub, bu gün isə yenidən qurulub.  

 

Arxada qalan ağır günlər

Deyirlər, tarixi danmaq da, təhrif etmək də olar, amma yox etmək mümkün deyil. Ötən əsrin 90-cı illərində Gərməçataq kəndinin, ümumilikdə isə muxtar respublikanın bütün sərhəd yaşayış məntəqələrinin yaşadığı ağrılı-acılı günlər tarixin bir reallığıdır. O illərdə bu yurd yerinə də bir neçə dəfə hücum olunmuş, mövcud infrastruktur yerlə­yeksan edilmişdi. Sakinlərin dili ilə desək, Kərətəpə, Bolutəpə, Novruzölən çayı istiqamətində qanlı döyüşlər getmiş, şəhidlər verilmişdi. Həmin vaxt Naxçıvanın digər bölgələrindən olan igidlər də bu kəndin dadına çatmış, düşmən həmlələrinin qarşısı alınmışdı.
Bizi o günlərdən 27 il ayırır. Bu gün həmin missiyanı müstəqil Azərbaycan dövlətinin Silahlı Qüvvələri yerinə yetirir. Həmin kənddəki bölmələrdə torpaq keşiyi çəkən oğullar nümunəvi xidmətlə düşmənin qorxulu yuxusuna çevrilib. Deməli, Azərbaycan gəncliyi yurduna, Vətəninə, doğma el-obasına sadiq ruhda tərbiyə olunur.

Kəndi tərk edənlər geri qayıdır

Qışın yaratdığı mənzərələr kənd yerində daha çox duyulur, – deyənlər yanılmırlar. Ağacların budağındakı qar topaları, qışda da bu yerləri tərk etməyən sərçənin yuvası, buz salxımlarından yerə can atan su damlaları əsl qış lövhələri yaradıb. Bax belə məqamda təbiətin Gərməçataqda nə qədər ecazkar olduğunu kəşf edirsən. Ağ örpəyi başına çəkən dağlar isə sanki səngəri xatırladır. Buz kimi soyuq, təmiz havanı ciyərlərinə çəkdikdə bu anın gözəlliyini ifadə etməyə söz tapa bilmirsən. Ümumi götürsək, buradakı gözəlliklər saya gəlməz. Ekoloji cəhətdən saf və təmiz qidaları, havası, qonaqpərvər insanları, tikilənlər, qurulanlar, bir sözlə, yaxşı yaşayış üçün zəruri olan nə varsa. Üstəgəl, Vətən, yurd sevgisi son illər daha 4 ailənin yenidən öz kəndinə – Gərməçatağa qayıtmasına səbəb olub. Balay Əmirov da onlardan biridir. O, vaxtilə ailəsi ilə birgə kəndi tərk edənlərdəndir. Hazırda yeni istifadəyə verilən kənd mərkəzində baş mühasib vəzifəsində çalışan müsahibimiz ilkin tanışlıqdan sonra bizi evinə dəvət edir. Çay süfrəsi arxasında söhbətə də özü başlayır: “O illərdə kəndi tərk etməyimizin konkret səbəbləri var idi. Qoy heç kim bu işdə bizi qınamasın. İmperiyanın yenicə dağılan vaxtları idi. Bədnam qonşularımız yenidən tarixi fitnəkarlıqlarına əl atmışdılar. Ailə üzvlərimizi qonşu kəndlərə aparır, özümüz isə fasiləsiz olaraq kəndin keşiyini çəkirdik. Hər kəs səksəkə içində idi. O vaxt bir neçə ailə kəndi tərk etdi, yaxşı gün-güzəran, rahatlıq, yaxşı şərait ümidilə ölkəmizin digər şəhərlərində məskunlaşdıq.
Aradan illər keçib. Və biz doğma yurdumuza qayıtmışıq. Özü də işlə təmin olunmuşuq. Bu gün mənim ailə üzvlərim də dövlət orqanlarında çalışırlar. Kənd dəniz səviyyəsindən 2 min 200 metr hündürlükdə yerləşdiyinə görə əməkhaqlarına və təqaüdlərinə dövlət əlavə olaraq 20 faiz də pul ödəyir. Oğlum Uğur kənd məktəbinə gedir. Ən böyük arzusu zabit olmaq, ordu sıralarında xidmət etməkdir. Bunun üçün yeni istifadəyə verilən kənd məktəbinin hərbi kabinəsində hər cür şərait var. Bir valideyn, ailə başçısı, gərməçataqlı kimi bu şəraiti bizə yaratdığı üçün Ali Məclisin Sədrinə dərin minnətdarlığımı bildirirəm”.
Kənd məktəbi isə başqa bir yazının mövzusudur. Yenidənqurma işlərindən sonra tədris ocağında yeni fənn kabinələri yaradılıb, sinif otaqlarının sayı artıb. Məktəbin direktoru Mehman Əliyev deyir ki, bir müəllim kimi bu cür məktəb binasında fəaliyyət göstərmək ən böyük arzularımdan olub. Naxçıvan televiziyasından düşmən dövlətin muxtar respublika ilə sərhəddə yerləşən kəndlərinin vəziyyətini tez-tez izləyirəm. Sovet dönəmində tikilmiş təhsil ocaqları qəzalı vəziyyətdədir. Valideynlər qorxudan uşaqlarını dərsə göndərə bilmir. Elə müəllimlər də tez-tez etiraz aksiyaları keçirir, əməkhaqlarını vaxtında ala bilmirlər. Amma bu gün Gərməçataqdakı müəllim diaq­nostik qiymətləndirmədən keçib və üstəgəl, 20 faiz yüksəklik pulu alır. Görün ölkəmizdə müəllim əməyinə, zəhmətinə necə yüksək qiymət verilir. Var olsun bu şəraiti bizim üçün yaradanlar.
“Vətən torpağının hər qarışı bizim üçün əzizdir, doğmadır. Düşünürəm ki, bizə harada ehtiyac duyulursa, orada olmalı, öz peşə borcumuzu layiqincə yerinə yetirməliyik. Əslən Kəngərli rayonunun Qıvraq qəsəbəsindənəm və 30 ildən çoxdur ki, pedaqoji fəaliyyətlə məşğulam”, – deyən riyaziyyat müəllimi Sübəhən Camalov bu il Naxçıvan şəhərində təşkil olunan təhsil yarmarkasında iştirak edib və bu kəndə təyinat alıb. Qocaman müəllimin sözlərinə görə, Qıvraq qəsəbəsindəki məktəbdən heç nəyi ilə geri qalmayan bu dağ kəndində savadlı, dünyagörüşlü, intellektli gənc­lər hazırlamaq başlıca qayəmizdir.

Torpağı əkib-becərmirsənsə, qorumağına, qorumursansa, əkib-becərməyinə dəyməz


Kəndin ümumi torpaq sahəsi 2445 hektardır. Onun 350 hektara yaxını əkinəyararlıdır. Nə qədər mal-heyvan saxlayırsan, buyur saxla. Dövlət də bu işlə məşğul olanların hamısının əlindən tutur, kredit verir, deyir ki, təsərrüfatını qur, gün-güzəranını sahmana sal. Rizvan Əhmədov, Abbas Mirzəyev və başqaları dövlətin bu yardımından yararlanıblar.
Gərməçataqda elə ev, elə həyət yoxdur ki, içməli, suvarma suyu olmasın. Elə ailələr var ki, 60-70-ə yaxın arı ailəsi saxlayır. Dağ yamaclarından toplanan nektardan hasilə gələn Gərməçataq balını dadanlar söhbətin nədən getdiyini yaxşı bilirlər. Sahibkarlardan Mətləb Quliyev bu il Naxçıvan şəhərində təşkil olunan “Arıçılıq məhsulları – bal” və “Ailə təsərrüfatı məhsulları” festivallarında iştirak edib. Həmsöhbətim festivalda 30 kiloqrama yaxın bal, təsərrüfatında yetişdirdiyi nemətlərdən satıb, yaxşı da qazanc götürüb. Ona görə də təşkil edilmiş bu tədbirlərə görə dövlətimizə minnətdardır.
Bəxtiyar İsmayılovun həyətində yaşı 50-ni, 60-ı haqlamış cəviz ağacları var. Deyir ki, ulu Tanrı cəviz ağaclarını bizə sanki bir nemət kimi göndərib. Ötən əsrin sonlarında məlum hadisələrə görə başımızı qaldırıb vaxtında məhsulu toplaya bilmirdik. Kim idi cəviz dalınca qaçan. İnsanlar, belə desək, öz canlarının hayında, Allah ümidinə yaşayırdılar. Mən də uzun illər doğma el-obamdan ayrı düşmüşdüm. 20 il Bakı şəhərinin Mərdəkan qəsəbəsində yaşamışam. Heç vaxt evimdə belə, şərait olmayıb. Fasiləsiz qaz, işıq, içməli və suvarma suyu, sürətli internet – yuxumuzda belə, görmədiyimiz şərait. Əgər erməni ilə sərhəddə oturub qohum-qardaşla internet vasitəsilə əlaqə saxlayıramsa, bu yeniliyin, müasirliyin nəticəsidir.

Yadıma bu yerdə Azərbaycan ədəbiyyatının və jurnalistikasının nəhəngi hesab olunan, Mirzə Cəlilin 1917-ci ildə yazdığı “Cümhuriyyət” məqaləsi düşür. Məqalədə dahi ədib “Cümhuriyyət” məfhumunun izahını verir, milli dövlət quruculuğunun əhəmiyyətini vurğulayırdı. Və əminəm ki, o, Azərbaycanı məhz bu cür görmək istəyir, müstəqilliyin nuruna bürünmüş kəndlərimizi təxəyyülündə belə canlandırırdı. Xəyalların, düşüncələrin, görmək istədiklərin bu gün reallığa çevrilib, dahi ustad. Ruhun şad, məkanın cənnət olsun...

Muxtar Rzazadə
“Şərqin səhəri” qəzetinin redaktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR