25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasında komitənin sədri Bəxtiyar İsmayılov məruzə ilə çıxış edib. Bildirilib ki, 2017-ci il komitə üçün, xüsusilə əlamətdar il olub. Belə ki, ötən ilin avqust ayında komitə üçün müasir memarlıq üslubunda inşa olunmuş yeni inzibati bina istifadəyə verilib, əməkdaşlar üçün lazımi iş şəraiti yaradılıb.
Diqqətə çatdırılıb ki, əkinəyararlı torpaqlardan istifadənin və əhaliyə göstərilən xidmətlərin vəziyyəti barədə 2015-ci il mayın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə reklam daşıyıcılarının, elan və digər informasiya xarakterli lövhələrin qanunvericiliyə uyğun yerləşdirilməsinə nəzarət edilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılması, aidiyyəti qurumlar tərəfindən xidmət mərkəzlərinin qorunub saxlanılmasına, eyni zamanda vaxtı keçmiş məhsulların satışının qarşısının alınmasına nəzarətin gücləndirilməsi barədə verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə 95 xidmət mərkəzinə 165 halda baxış keçirilib. Qanunvericiliyin tələblərinə uyğun olmadığından 25 informasiya xarakterli lövhənin istifadəsi qadağan edilib.

Bundan əlavə, 106 məktəbin bufetində, 10 təhsil müəssisəsinin bufet və yeməkxanasında, 18 mək­təbəqədər tərbiyə müəssisəsində monitorinqlər, 19 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılıb, 56 məktəbin bufetində, 8 təhsil müəssisəsinin bufet və yeməkxanasında, 9 məktəbəqədər tərbiyə müəssisəsinin yeməkxanasında aşkar olunmuş nöqsanlar aradan qaldırılıb. Təhsil və məktəbəqədər tərbiyə müəssisələri üçün hazırlanmış 69 yemək menyusu komitə ilə razılaşdırılıb. Məktəbli və tələbə geyim formaları istehsal edən 2 təsərrüfat subyektində parçalar 3 halda, 17 satış obyekti tərəfindən idxal olunmuş məktəbli ləvazimatları 29 halda keyfiyyəti və uyğunluğu təsdiq edən sənədləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılıb.
Vurğulanıb ki, ötən il ərzində, ümumilikdə, standartların tələblərinə uyğun olmayan 5896 manat dəyərində yararlılıq müddəti bitmiş, keyfiyyətsiz və ya kontrafakt məhsul satışdan çıxarılıb. Komitənin əsas fəaliyyət istiqaməti qismində istehsal və idxal olunan məhsulların keyfiyyətinə nəzarət işi, xüsusilə diqqətdə saxlanılıb, ümumilikdə, il ərzində məhsulların 1559 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilib. 2017-ci ildə 1042 ədədi ərzaq məhsullarına, 1037 ədədi qeyri-ərzaq məhsullarına, 4 ədədi isə xidmət sahəsinə aid olmaqla, ümumilikdə, 2083 uyğunluq sertifikatı verilib.
Qeyd olunub ki, ötən il komitənin Metrologiya şöbəsi tərəfindən 20 min 749 ədəd ölçmə vasitəsinin yoxlanılması təmin olunub, əmtəə nişanına dair 48 şəhadətnamə, sənaye nümunəsinə dair 2 patent reyestrə daxil edilərək iddiaçılara təhvil verilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində keçirilən iclasda Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov məruzə ilə çıxış edib.
Baş direktor bildirib ki, sığorta işinin daha da təkmilləşdirilməsi məqsədilə ötən il Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən muxtar respublikanın bütün rayon (şəhər) İcra hakimiyyətləri ilə birlikdə “Sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta olunmayan sürücülərin icbari sığortaya cəlb olunması məqsədilə Dövlət Sığorta Agentliyi Dövlət Yol Polisi əməkdaşları ilə birlikdə müntəzəm reydlər keçirib.
Qeyd olunub ki, görülmüş işlərin nəticəsində ötən il Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyi üzrə hüquqi və fiziki şəxslərdən sığorta tədiyələrinin toplanması həcmi 2016-cı illə müqayisədə, ümumilikdə, 26,2 faiz, qeyri-həyat (ümumi) sığortası üzrə sığorta tədiyələrinin toplanması həcmi 29,8 faiz artıb. 2016-cı ilin yekunları ilə müqayisədə 2017-ci ildə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə toplanmış sığorta tədiyələrinin həcmi 4,2, Yaşıl Kart sığortası üzrə toplanmış sığorta tədiyələrinin həcmi 77,7, daşınmaz əmlakın icbari sığortası üzrə toplanmış sığorta tədiyələrinin həcmi isə 7,7 faiz artıb.
İclasda kənd təsərrüfatı sığortasının əhəmiyyətindən də bəhs olunaraq bildirilib ki, 2017-ci ildə muxtar respublikanın bütün rayonlarında yerli icra hakimiyyəti orqanları ilə birlikdə kənd təsərrüfatı, xüsusilə bitkiçilik sığortasının əhəmiyyəti barədə izahat-məlumatlandırma işləri aparılıb və 1356 vətəndaşla kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə müqavilə bağlanılıb.
İclasda rayon dövlət sığorta agentliklərinin direktorları çıxış edərək görülmüş işlər haqqında məlumat veriblər.

*  *  *

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən iclasda idarənin sədri Elvin Axundov bildirib ki, 2017-ci il ərzində bank qurumları fəaliyyətlərini verilən tapşırıqların icrası istiqamətində qəbul edilmiş tədbirlər planına uyğun olaraq qurublar. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 yanvar 2018-ci il tarixə muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 101 milyon 414 min manat, o cümlədən qısa­müddətli kredit qoyuluşu 2 milyon 343 min manat, uzunmüddətli kredit qoyuluşu isə 99 milyon 71 min manat təşkil edib.
Qeyd olunub ki, muxtar respublika əhalisinə verilmiş 13 milyon 407 min manat məbləğində şəxsi istehlak kreditləri, daşınmaz əmlak alınması üçün 12 milyon 226 min manat məbləğində verilmiş ipoteka kreditləri vasitəsilə vətəndaşların şəraitinin yaxşılaşdırılması ilə bərabər real sektor da dəstəklənib. Bank və kredit təşkilatları tərəfindən 2017-ci il ərzində 31 milyon 314 min manat kredit verilib ki, bunun da 4 milyon 590 min manatını qısa­müddətli, 26 milyon 724 min manatını uzunmüddətli kreditlər təşkil edib. Kredit təşkilatları tərəfindən 2017-ci il ərzində 236 nəfər fiziki və hüquqi şəxsə 284 ədəd olmaqla, 2 milyon 553 min 160 manat dəyərində lizinqə verilmiş kənd təsərrüfatı texnikası üzrə lizinq xidməti göstərilib. Hesabat dövründə verilmiş kreditlərin 2 milyon 256 min manatını kənd təsərrüfatı kreditləri təşkil edib.
Diqqətə çatdırılıb ki, banklar tərəfindən 1 yanvar 2018-ci il tarixə 2214 hüquqi, 62 min 270 fiziki şəxs olmaqla, 64 min 484 müştəriyə xidmət göstərilib. Xidmət olunan hesabların 55 min 743-ü işlək hesab olub ki, onların 1465-i hüquqi, 54 min 278-i isə fiziki şəxslərdir. 2017-ci il ərzində 208-i hüquqi, 24 min 924-ü isə fiziki şəxs olmaqla, 25 min 132 müştəriyə yeni bank hesabı açılıb. Açılmış bank hesablarının 25 min 17-si fəaliyyət göstərir ki, onlardan 207-si hüquqi, 24 min 810-u fiziki şəxslərdir.
Nağdsız ödəniş sistemlərinin fəaliyyətinə toxunan Elvin Axundov bildirib ki, 2017-ci il ərzində 51 ədəd pos-terminal quraşdırılaraq onların sayı 1 yanvar 2018-ci il tarixə 1260 ədədə çatdırılıb. POS-terminalların sayı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 58 ədəd artıb. Banklar tərəfindən pos-terminalların quraşdırılması hazırda davam etdirilir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində keçirilən kollegiya iclasını komitənin sədri Əsgər Əsgərov açaraq məruzə edib.
Bildirib ki, ötən il su istifadəçilərinə mexaniki üsulla və öz axını ilə 253,7 milyon kubmetr suvarma suyu verilib, təkrar suvarma nəzərə alınmaqla, 212 min 571 hektar torpaq sahəsi su ilə təmin olunub. Torpaq sahələrində su təminatının yaxşılaşdırılması, suvarılan torpaq sahələrinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, su itkisinin qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirilib. Rentabelli suvarma şəbəkələrinin qurulmasına, mütərəqqi suvarma metodlarının tətbiqinə üstünlük verilib.
Qeyd edilib ki, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 407 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb. Müxtəlif diametrli borularla 4 min 380 metr ana boru xətti və 41 min 680 metr paylayıcı boru xətti çəkilib. Ana boru xətti üzərində diametri 720 millimetr olan 13 ədəd temperatur kompensatoru, müxtəlif diametrli 91 ədəd tənzimləyici və paylayıcı siyirtmə, şəbəkə üzərində 480 ədəd hidrant və 480 ədəd supaylayıcı hovuz, 93 ədəd suburaxıcı quraşdırılıb. Culfa rayonunun Culfa düzü ərazisində suvarmanı yaxşılaşdırmaq, su itkisinin qarşısını almaq, yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək məqsədilə diametri 250 millimetr olan borularla 2070 metr, diametri 620 millimetr borularla 140 metr yeni suvarma boru xətti çəkilib. Ümumilikdə, ötən il ərzində muxtar respublika ərazisində 76,7 kilometr yeni suvarma boru xətti çəkilib, 41,8 kilometr suvarma boru xətti əsaslı təmir olunub.
Bildirilib ki, ötən il ərzində muxtar respublika üzrə 243 kilometr beton və torpaq kanal, 457,6 kilometr ara arxlar lildən təmizlənib.
Vurğulanıb ki, muxtar respublika ərazisində əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün ötən il 11,7 kilometr yeni içməli su xətti çəkilib, 0,15 kilometr yeni kaptaj tikilib, 88,7 kilometr içməli su xəttində və 2,5 kilometr kaptajda təmir-bərpa işləri aparılıb. Bəhs olunan dövrdə təmir sexlərində müxtəlif markalı 12 ədəd avtomaşın, 9 ədəd avtokran, 12 ədəd elektrik mühərriki, 4 ədəd ekskavator, 2 ədəd buldozer, 1 ədəd nasos, 4 ədəd vakuum nasos, 13 ədəd əks klapan, 9 ədəd nasos rotoru, 20 ədəd sub­artezian nasosunun rotoru, 2134 ədəd su sayğacı, 958 ədəd müxtəlifadlı nasos hissələri təmir olunub.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda keçirilən kollegiya iclasını fondun sədri Əli Quliyev açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu müvafiq dövlət ­orqanları ilə birlikdə işçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət edilməsi zamanı 573 sahibkarlıq obyektində (54 hüquqi, 519 fiziki şəxs) 443 yeni əmək müqaviləsi bağlanıb, 1475 əmək müqaviləsində isə əməkhaqqı artırılıb.
Qeyd olunub ki, 2017-ci ildə fondun hesabına 53 milyon 300 min manat proqnoza qarşı, 68 milyon 507 min 400 manat vəsait daxil olub, proqnoz tapşırıqlara 128,5 faiz əməl edilib. Daxil olan vəsait nəzərdə tutulan məbləğdən 15 milyon 207 min 400 manat, yaxud 28,5 faiz çox, 2016-cı ilin müvafiq dövründə yığılan vəsaitdən isə 2 milyon 521 min 880 manat, yaxud 3,8 faiz çox olub. Məcburi dövlət sosial sığorta haqlarının 45 milyon 861 min 150 manatı, yaxud 66,9 faizi büdcə təşkilatlarının, 22 milyon 646 min 250 manatı, yaxud 33,1 faizi isə qeyri-büdcə təşkilatlarının hesabına olub.
Diqqətə çatdırılıb ki, hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” imzaladığı 2017-ci il 21 yanvar tarixli Sərəncamına əsasən bu kateqoriyadan olan əmək pensiyalarının sığorta hissəsi 12,4 faiz artırılıb. İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 aprel tarixli Sərəncamına müvafiq olaraq muxtar respublika üzrə bu kateqoriyadan olan pensiyaçılara, ümumilikdə, 564 min 500 manat vəsait ödənilib ki, həmin pensiyaçılardan 31 nəfərə 1000, 1067 nəfərə isə 500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib.
Bundan əlavə, 2017-ci ildə fondun yerli orqanları tərəfindən 1187 nəfərə yaşa, 341 nəfərə əlilliyə, ailə başçısını itirməyə görə, ümumilikdə, 2099 nəfərə əmək pensiyası təyin edilib. Əvvəlki dövrlərdə olduğu kimi, 2017-ci ildə də əmək pensiyalarının plastik bankomat kartları ilə ödənilməsi üçün müvafiq işlər davam etdirilib, pensiyaçıların 100 faizi plastik kartlarla təmin edilib.
Fondun sədri bildirib ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq muxtar respublikada fərdi uçot sisteminin qurulması ilə əlaqədar işlər davam etdirilib. Hesabat dövründə 5435 sığorta­olunan sosial sığorta şəhadətnaməsi ilə təmin olunub. Beləliklə, fərdi uçot sistemində qeydə alınaraq sosial sığorta şəhadətnaməsi alan sığortaolunanların sayı ilin əvvəli ilə müqayisədə 2,7 faiz artaraq 168 min 935 nəfərə çatıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində keçirilən kollegiya iclasını idarənin rəisi Mehman Məmmədov açaraq məruzə edib.
Bildirilib ki, 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi və tabeliyindəki təşkilatlar “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununu, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 28 iyul tarixli Fərmanı, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət arxivlərinin maddi-texniki bazasının gücləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə göstərdiyi xidmətlərə görə Ödənişlər”in və həmin vəsaitin istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin əmr, sərəncam və göstərişlərini əldə rəhbər tutaraq fəaliyyət göstərib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin tədbirlər planına uyğun olaraq 5 rayon dövlət arxivində (Şahbuz, Şərur, Kəngərli, Babək, Ordubad) kompleks yoxlamalar və ictimai baxış keçirilərək, iş planlarının yerinə yetirilmə vəziyyəti, görülmüş işlərin keyfiyyəti və vətəndaşlar tərəfindən daxil olan sosial-hüquq xarakterli ərizə və sorğulara verilmiş arxiv arayışları yoxlanılaraq analiz edilib, müəyyən edilmiş nöqsan və çatışmazlıqlar rayon dövlət arxivləri müdirlərinin diqqətinə çatdırılaraq aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin və rayon dövlət arxivlərinin 2017-ci ildə görülmüş işlərin yekunlarına dair təqdim etdikləri hesabatlar təhlil edilib, hər bir rayon dövlət arxivi üçün ayrılıqda, həm də ümumrespublika üzrə yekun nəticələr planın müvafiq maddələri üzrə faizlərlə müəyyənləşdirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR