İclasda 2017-ci ilin ötən dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, Babək Rayon Təşkilatı öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının 2013-cü ilin iyununda keçirilən V Qurultayı, partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatının 2014-cü ilin noyabrında keçirilən V Konfransı və Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il martın 16-da keçirilən iclasında qarşıya qoyulan vəzifələrin ardıcıl icrası istiqamətində qurub, ölkəmizin, doğma diyarımızın və Yeni Azərbaycan Partiyasının ümumi inkişaf tempinə uyğun fəaliyyət göstərib. 2017-ci il üçün iş planında nəzərdə tutulan tədbirlərin vaxtlı-vaxtında və yüksək səviyyədə həyata keçirilməsi, ilk təşkilatlarla işin gücləndirilməsi, siyasi-ideoloji işdə və partiyaya yeni üzvlərin cəlb edilməsi məsələsində keyfiyyət amili təşkilat üçün prioritet təşkil edib.
Qeyd olunub ki, bütövlükdə, il ərzində bütün tarixi və mədəni hadisələr qeyd edilib, iş planına uyğun olaraq 11 İdarə Heyəti, 3 şura, 6 dəfə isə partiya fəallarının ümumi yığıncağı keçirilib. Partiya sıralarına qəbul zamanı keyfiyyətə ciddi nəzarət olunub, qadınların və gənclərin qəbuluna üstünlük verilib. 2017-ci ildə partiya sıralarına 111 nəfər üzvlüyə qəbul olunub. Onlardan 85-i gənc, 53-ü isə qadındır.
Sonra məruzə ətrafında çıxışlar olub. Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Qadınlar Şurasının sədri Turan Məmmədlinin, təşkilatın Gənclər Birliyinin sədri, şura üzvü Elnur Abbasovun və başqalarının çıxışları dinlənilib.
Muxtar RZAZADƏ