25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 2017-ci ildə öz işini təsdiq edilmiş tədbirlər planına uyğun qurub, gənclər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması üçün məqsədyönlü tədbirlər həyata keçirib. Ümumilikdə, il ərzində nazirlik tərəfindən dövlət gənclər siyasəti və idman sahəsində 394 tədbir keçirilib ki, bunlardan 140-ı gənclərlə iş, 254-ü isə kütləvi bədən tərbiyəsi və idman sahələrini əhatə edib.
Bu fikirləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollegiya iclasında nazir Azad Cabbarov səsləndirib. Bildirilib ki, nazirlik tərəfindən 2 fevral – Gənclər Günü və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı gənc­lərin mükafatlandırılması məqsədilə tədbirlər keçirilib. Bundan başqa, 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü, 15 İyun – Milli Qurtuluş Günü, 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənc­lər Həftəsi, həmçinin Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb və icra olunub. Bu il ilk dəfə olaraq “Azərbaycan İntellektual Birincisi” layihəsinin muxtar respublika mərhələsi keçirilib, layihənin final mərhələsində muxtar respublikanı təmsil edən komandalar “Nə? Harda? Nə zaman?” və “Vətəni tanı” intellektual oyunlarında III yerin sahibi olublar.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Naxçıvan Şahmat Mərkəzində Beynəlxalq Şahmat Festivalı, İlham Əliyev adına Olimpiya-İdman Kompleksində pauerlif­tinq və bench-press idman növü üzrə beynəlxalq turnir, yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” Beynəlxalq boks turniri, Şərur Olimpiya-İdman Kompleksində kikboksinq üzrə peşəkarlararası kəmər müdafiəsi uğrunda döyüşlər, Naxçıvan Muxtar Respublika Stadionunda “Azərbaycan kuboku”nun final oyunu, futbol üzrə “Heydər Əliyev kuboku” turniri keçirilib, turnirdə “Araz-Naxçıvan” komandası III yerə layiq görülüb.
Ötən il ərzində ayrı-ayrı idman növləri üzrə muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, idmançılarımız dünya çempionatlarında 5, Avropa çempionatlarında 1, beynəlxalq turnirlərdə 89, IV İslam Həmrəyliyi Oyunlarında 1, Asiya çempionatlarında 2, Avrasiya çempionatlarında 13, Azərbaycan birinciliklərində 129 medal olmaqla, 240 medal qazanıblar. Ümumilikdə, Naxçıvan Muxtar Respublikasında 40 minə yaxın yeniyetmə və gənc idmanla məşğul olur. Ötən il ərzində nazirlik tərəfindən keçirilən idman tədbirlərində 9 minə yaxın idmançı iştirak edib.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Şərur və Culfa Rayon Gənclər və İdman idarələrinin rəisləri Ramil Dadaşov və Ümüd Həsənlinin çıxışları olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə komissiyada keçirilən kollegiya iclasını komissiyanın sədri İsmayıl Qəribli açaraq bildirib ki, 2017-ci ildə Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə və şəffaflıq əsasında həyata keçirilməsi təşkil edilib. Dövlət orqanlarında 642 vakant vəzifənin tutulması məqsədilə elan olunmuş müsabiqənin test imtahanında iştirak etmiş 722 namizəddən 389-u müvəffəqiyyət qazanıb, onlardan 167-si vakant vəzifələrə təyin olunub. Ötən il komissiyada 64 namizəd tərəfindən vakant aparat rəhbəri, şöbə müdiri və sektor müdiri vəzifələrinin tutulması üçün test imtahanları keçirilib, onlardan 22 nəfəri müvəffəqiyyət qazanıb.
Qanunvericiliyə uyğun olaraq test imtahanlarında uğur qazanmış 394 nəfərə sertifikatlar verilib. Həmçinin müvafiq dövlət orqanlarında 25 dövlət qulluqçusu tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən daxili müsahibələrdə komissiyanın nümayəndəsinin iştirakı təmin edilib.
2017-ci ildə ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılıb, ehtiyat kadrlar siyahısında olan 5 namizəddən 1-i vakant vəzifəyə təyin edilib.
Vurğulanıb ki, ötən ildə də muxtar respublikada fəaliyyət göstərən dövlət qulluqçularının Dövlət Qulluqçuları Reyestrinə daxil edilməsi işləri davam etdirilib. Hazırda dövlət orqanlarında 60 nəfər siyasi, 1936 nəfər inzibati və 525 nəfər yardımçı vəzifə tutur. Dövlət qulluqçularının 28,5 faizini gənclər, 22,6 faizini isə qadınlar təşkil edir. 2017-ci il ərzində 14 dövlət qulluqçusu fəxri ad və medallarla təltif edilib. 25 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.
Ötən il ərzində test imtahanlarında iştirak etmiş 866 nəfərə komissiya tərəfindən elektron xidmətlər göstərilib. İl ərzində komissiyanın test bazasının yeni suallarla zənginləşdirilməsi və testlərin ekspertizasının davam etdirilməsi diqqətdə saxlanılıb.
Yeni Əsasnaməyə uyğun olaraq komissiyada 56 nəfərin iştirakı ilə dövlət qulluğu və miqrasiya orqanlarında xidmətə qəbul üçün hazırlıq kursları təşkil edilib.
2017-ci ildə muxtar respublikanın 53 dövlət orqanı üzrə inzibati vəzifə tutan 1522 dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

*   *   *

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasını komitənin sədri Ramilə Seyidova açıb. Bildirilib ki, ötən il ərzində gənclər arasında ailə institutunun möhkəmləndirilməsi, reproduktiv sağlamlığın qorunması, ailə dəyərlərinin təbliği və digər məsələlərlə əlaqədar muxtar respublikanın kənd mərkəzlərində maarifləndirici tədbirlər keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrası ilə əlaqədar aztəminatlı ailələrin üzvü olan 56 qadın müvafiq peşə kurslarına cəlb olunmaq üçün aidiyyəti orqanlara göndərilib.
Qadınların özünüməşğulluğunun təmin edilməsi və istedadlarının üzə çıxarılması məqsədilə muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində təşkil olunan istedadlı qadınların əl işlərinin 8 sərgi-satışında 298 istedadlı qadının 9251 manat dəyərində 1403 əl işi satılaraq dəyəri iş sahiblərinə ödənilib.
Hesabat ilində dövlətimiz qarşısında xidmətləri olan qadınlarımızın yubileyləri, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaranmasının 10 illiyi, 8 Mart Beynəlxalq Qadınlar bayramı, Beynəlxalq Ailə Günü və 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü geniş şəkildə qeyd olunub.
Vurğulanıb ki, 1998 sağlamlıq imkanları məhdud olan uşaqların təhlili aparılıb, onlardan 113-ü məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisələrinə göndərilib.
Sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi də diqqət mərkəzində saxlanılıb, 87 uşağa məktəbli paltarı və dərs ləvazimatları, eləcə də qış geyimləri verilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qay­dası”na uyğun olaraq komitə tərəfindən monitorinq keçirilib, elektron məlumat bankına 11400 uşaq haqqında fərdi məlumatlar daxil edilib.
2017-ci ildə valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 6 və övladlığa götürülmüş 6 uşağın ümumi uçotları aparılıb, monitorinqlər təşkil edilib.
Ümumilikdə, 2017-ci il ərzində komitə tərəfindən 56 tədbir, o cümlədən 5 müsabiqə və 8 sərgi-satış keçirilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR