Bu günlərdə rusiyalı tarixçi, tanınmış qafqazşünas alim Oleq Kuznetsov Naxçıvanda olub. Maraqlı elmi araşdırmaları olan alim, həm də Azərbaycan həqiqətlərini dünyaya olduğu kimi çatdıran tarixçilərdəndir. Onunla müsahibəni “Şərq qapısı” qəzetinin oxucularına təqdim edirik:
– Oleq Yuryeviç, sizi yenidən Naxçıvanda görmək xoşdur. Budəfəki gəlişinizin məqsədini bilmək maraqlı olardı.
– Çox sağ olun. Budəfəki səfərimin məqsədi fərdi xarakter daşıyır. Gördüyünüz kimi, Duzdağa müalicə üçün gəlmişəm. Bu mərkəzi seçməyimi mənə yaxın dostlarım məsləhət bilmişdi. Buradakı şəraitdən, göstərilən xidmətdən çox razıyam və gündən-günə müalicənin müsbət təsirini də hiss edirəm. Digər tərəfdən Azərbaycanda, Naxçıvanda məni yaxından tanıyanlar çoxdur. Elə bunun nəticəsidir ki, bu günlərdə AMEA Naxçıvan Bölməsində, Naxçıvan Dövlət Televiziyasında olduq. Biz sözlə, Naxçıvanda olmaq hər zaman mənim üçün xoşdur.
– Sizin Naxçıvanın tarixinə maraq göstərdiyiniz haqqında məlumatım var. Hətta elmi fəaliyyətinizdən də bunu görmək mümkündür. Bu qədim diyara marağınız haradan başlayır?
– Doğrusunu desəm, uşaqlıqdan. Necə? Deməli, mənim bir qohumum, daha doğrusu, anamın əmisi oğlu II Dünya müharibəsi dövründə Qafqazda xidmət etmişdi. Xidməti hərbi kəşfiyyat sahəsi ilə bağlı idi. Hətta 1943-cü ildə Stalin, Çörçill və Ruzveltin iştirak etdiyi məşhur Tehran konfransının təşkilində də iştirak edib, bu xidmətinə görə ordenə layiq görülüb. Sonralar isə 1947-ci ilə qədər Naxçıvanda xidmət etməli olub. Onun Qafqaz haqqında, Naxçıvan haqqında parlaq xatirələri vardı. Burada yaşayan xalqlarla bağlı ətraflı məlumata malik idi. Söhbətlərində Naxçıvanın “Kəngərlilər” adlı məşhur nəslinin olduğunu demişdi. Onları döyüşkən, cəsarətli, hərb sənətinə böyük marağı olan bir nəsil kimi xarakterizə etmişdi. Bu da məndə Naxçıvanın tarixinə, mədəniyyətinə böyük maraq oyatmışdı. Sonralar mən mənbələrdə bu qədim diyarın tarixi keçmişi haqqında məlumatlarla rastlaşdım və təbii ki, həm hüquqşünas, həm də tarixçi olaraq bu maraq mənim elmi fəaliyyətimə də təsir etdi. Yeri gəlmişkən, məni tarixçi kimi ən çox Azərbaycanda, eləcə də Ermənistanda tanıyırlar. Rusiyada isə daha çox hüquqşünas kimi tanınıram.
– Sizi Azərbaycanda həmişə həqiqəti müdafiə edən tarixçi kimi qəbul edirlər. Xüsusilə mənfur ermənilərin saxta və qurama “tarixi həqiqətlərini” lazımınca ifşa etdiyinizə görə. Bu mənada, çoxları sizi Azərbaycanın dostu adlandırmaqdan çəkinmir.
– Bəli, bilirəm ki, məni Azərbaycanda çox sevirlər, hətta küçədə belə, yaxınlaşıb salamlaşanlar az deyil. Mən də, öz növbəmdə, xalqınıza qarşı simpatiyamı gizlətmirəm. Ancaq bu, haradan qaynaqlanır? Mən erməni millətçiliyi, erməni ekstremizmi haqqında kifayət qədər məlumatlıyam. Xüsusilə dünyada mövcud olan müxtəlif terror qruplaşmaları ilə müqayisədə erməni terrorizmi daha çox təhdid və hədələri özündə birləşdirir. Biz Azərbaycana qarşı törədilənlərin nümunəsində bunun çox şahidi olmuşuq. Bu mövzunu dərindən öyrənəndə məlum oldu ki, hazırda erməni ekstremizmi hətta Rusiya dövlətçiliyini də təhdid altına alır. Ancaq bu, hələ ki, Rusiyada geniş miqyasda başa düşülmür. Halbuki Rusiyanın özündə erməni terrorçularının müxtəlif vaxtlarda törətdikləri terror hadisələri ilə bağlı faktlar mövcuddur. Buna mən çoxsaylı misallar gətirə bilərəm. Erməni terrorizmi, erməni ekstremizmi haqqında faktları araşdıranda məlum oldu ki, bu ideologiya indi də davam etdirilir və mən bu hədələrin qarşısının alınmasında elmi fəaliyyətimi genişləndirəndə, təbii ki, Azərbaycanla maraqlarımız üst-üstə düşür.
– Bu istiqamətdə hazırkı fəaliyyətiniz haqqında da bilmək maraqlı olar.
– Əvvəlcə onu deyim ki, erməni terorrizminin tarixi haqqında yazdığım kitab (“XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” – S.Həsənov) 2015-ci ildə Bakıda, 2016-cı ildə Moskvada nəşr olundu. Eyni zamanda 2015-ci ildə Stokholmda, 2016-cı ildə isə ingilis dilində Berlində çap olundu. Kitablar böyük tirajla nəşr edildi. Bu mənada, artıq Avropa elmi məkanında və xüsusi dairələrdə də tanınıram. Və əlbəttə, monoqrafiya haqqında Ermənistanda da məlumatlıdırlar. Hətta buna görə ermənilərin yeni təqib dalğası ilə üz-üzə qaldım. Məqsədləri o idi ki, məni xalqlar arasında ekstremizm toxumlarını səpməkdə günahlandırsınlar. Hətta bununla bağlı Moskvada mənə qarşı cinayət işi qaldırdılar, 2017-ci ilin ortalarında. Ancaq mən bu kimi hədələrə öyrəşmişəm, düşünürəm ki, bu hədələr, terrorizmi müdafiə edənlər cəzasız qalmamalıdırlar. Ən yaxşı cavab növbəti monoqrafiyanı nəşr etdirməkdir. Bir vacib nüansı da qeyd etmək istəyirəm. Mənim kitablarımı dünyanın müxtəlif ölkələrində oxuyurlar. Bu monoqrafiya çap olunandan sonra müxtəlif ölkələrdən mənim elektron poçtuma erməni terrorizmi ilə bağlı xeyli materiallar gəlməyə başladı. Məsələn, Türkiyənin Ankara, İstanbul hava limanlarında, Fransanın Orli şəhər hava limanında, təxminən son 80 ayda baş vermiş teraktlarla bağlı kifayət qədər məlumatlar aldım. Eyni zamanda Belarusdan çoxsaylı materiallar göndərildi. Bunlar kifayət qədər əhatəli materiallar və faktlardır. Bunları yenidən işləmək, dəqiqləşdirmək bir müddət vaxt aparacaq. 2018-ci ilin ortalarından bu işlə məşğul olacam. Ümid edirəm ki, cari ilin payızında bununla bağlı hazırlayacağım monoqrafiyanın təqdimatını edə biləcəyəm. Bundan əlavə, Ermənistanın Rusiyada terrorizm ideologiyasını necə müdafiə etməsi ilə bağlı mənə xeyli sayda materiallar göndərilib, hansı ki bu faktlarla sənədli film çəkmək mümkündür. Bunu da edəcəm. Bu haqda çəkiləcək filmin ssenarisi də hazırdır, hətta müəyyən kadrlar da çəkilib. Düşünürəm ki, yanvarın sonu, fevralın əvvəllərində filmi tamamilə yekunlaşdırıb təqdim edəcəyik.
– Oleq Yuryeviç, bu mövzu ilə bağlı çox danışmaq olar. Maraqlıdır, erməni diasporu və ya Ermənistandakı hakim dairələrdən hazırda sizə qarşı təhdidlər davam edirmi və əsasən, bu hədələr hansı formada özünü göstərir?
– Faktiki olaraq son zamanlarda bu cür təhdid yoxdur. Əsasən, bu təhdidlər elektron poçtuma yazmaqla göndərilir. Bəzən bu hədələr Ermənistanın rusdilli saytlarındakı yazılarda özünü göstərir. Ancaq mən bunlara fikir vermirəm.
– Mən yenidən Naxçıvanla bağlı mövzuya qayıtmaq istərdim. Siz ilk dəfə 2014-cü ildə Naxçıvana gəlmişdiniz və aradan 3 ildən çox vaxt keçib. Burada gördüklərinizi ötən dövrlə müqayisə etmək imkanınız var. Təəssüratlarınızı bilmək bizim üçün maraqlıdır.
– Mən ilk dəfə gələndə burada yay fəsli idi. İndi isə əksinə qışdır. Havası təmiz, insanları qonaqpərvər və mehribandırlar. Ancaq burada mənim ən çox diqqətimi cəlb edən mühəndislik infrastrukturudur. Naxçıvanın çox rahat avtomobil yolları var. Əlincə qalasına gedən zaman yolboyu kəndlərdən keçirdik. Gördüyüm bütün kəndlər rahat yolları, yeni məktəb və inzibati binaları ilə göz oxşayırdı. Bundan əlavə, muxtar respublikanın enerji təhlükəsizliyi sahəsində atılan addımlar mühüm strateji xarakter daşıyır. Qazlaşdırmanı da bura əlavə etsək, həm enerji sahəsində, həm də insanların yaşayış səviyyəsinin yüksəldilməsi baxımından Naxçıvan nümunəvi bir regiondur. Bu işlər muxtar respublika rəhbərinin gərgin əməyini, böyük zəhmətini göstərir. Bundan əlavə, yeni ili burada qarşıladığımdan bir neçə dəfə şəhəri gəzmək imkanım oldu. Məsələn, diqqətimi cəlb etdi ki, sizin şəhərdə çoxlu kafelər var. İnsanlar öz ailələri ilə rahat şəkildə bu kafelərə gəlirlər. Şahidi oldum ki, qonşu İran İslam Respublikasından yeni ili burada qeyd etmək üçün xeyli gələnlər var. Bunlar nəyin göstəricisidir? İlk olaraq sabitliyin və təhlükəsizliyin. Və yaxud başqa bir misal. Sizin sərhəd ölkələrdən gələn və ya əks istiqamətdə hərəkət edən avtomobil karvanları Naxçıvandan keçirlər. Bu, o deməkdir ki, buradan keçmək onlar üçün maliyyə baxımından daha sərfəlidir və yaxud, sadəcə, təhlükəsizdir. Bütün bu parametrlərinə görə hesab edirəm ki, Naxçıvan Cənubi Qafqazın ən təhlükəsiz regionudur.
– Oleq Yuryeviç, çox sağ olun maraqlı söhbətə görə. Gələcək işlərinizdə uğurlar arzulayıram.
– Sağ olun.
Səbuhi HƏSƏNOV