25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
İclası Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, müasir cəmiyyətdə elektron vasitələrdən istifadə günbə­gün genişlənir. İnsanlar internet resurslarından istifadə yolu ilə geniş məlumat əldə edirlər. Bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin apardığı Hüquqi Aktların Dövlət Reyestrindən istifadə edənlərin sayı artır. Ötən il reyestrə 154 hüquqi akt daxil edilib. Daxil edilən hüquqi aktların 78-i normativ-hüquqi, 75-i qeyri-normativ-hüquqi, 1-i isə normativ xarakterli aktlardır.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq 2017-ci ilin may və noyabr aylarında Naxçıvan Dövlət Universiteti Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri nazirliyin aparatında, Penitensiar Xidmətdə, Məhkəmə Ekspertizası Mərkəzində, Naxçıvan bələdiyyəsində olublar.

Vurğulanıb ki, nazirliyin İcra xidmətinin bölmə və qruplarının icraatına ötən il 3872 icra işi daxil olub, bunlardan 952 işin icrası başa çatdırılıb, 2561 iş icraya yönəlib, 100 iş geri qaytarılıb, 185 iş ərazi aidiyyəti üzrə göndərilib, 8 işin icraatı dayandırılıb, 66 iş üzrə isə axtarış qərarı verilib.
Nazir bildirib ki, Qeydiyyat və notariat şöbəsi tərəfindən 2017-ci il ərzində 1 qeyri-kommersiya hüquqi şəxs qeydiyyata alınıb, 5 qeyri­-kommersiya hüquqi şəxs reyestrdən çıxarılıb. Qeyri-kommersiya hüquqi şəxslərin reyestrinə 3 dəyişiklik edilib. Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı təkrar şəhadətnamələrin verilməsi və sənədlərin leqallaşdırılması ilə bağlı 21 min 58 manat rüsum dövlət büdcəsinə ödənilib. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə uyğun olaraq hesabat dövründə cəzaçəkmə müəssisəsində məhkumlar müxtəlif kurslara cəlb olunublar. Məhkumların əməyə cəlb olunması məqsədilə 17 məhkum əməyi ödənilməklə təsərrüfat işlərinə, 22 məhkum “Yaradıcı­lıq və istehsalat” binasında müxtəlif əl işlərinin düzəldilməsi işinə, eləcə də 8 saylı Məntəqə Tipli Cəza­çəkmə Müəssisəsində cəzaçəkən 10 nəfər digər ödənişli işlərə cəlb edilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *   *

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin kollegiya iclasında çıxış edən vergilər naziri, baş vergi xidməti müşaviri Azər Nağıyev bildirib ki, ötən illərdə olduğu kimi, yola saldığımız ildə də muxtar respublikamızın sosial-iqtisadi həyatının bütün sahələrində davam edən yüksəliş vergilər üzrə müəyyənləşdirilmiş proqnozların icrasına da şərait yaradıb.
Qeyd olunub ki, 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə proqnoz 106,2 faiz icra edilib ki, bu da 2016-cı illə müqayisədə 2 milyon 336 min 800 manat və ya 2,7 faiz çoxdur. Eyni zamanda yerli vergi orqanlarının hər biri üzrə müəyyən olunmuş proqnoza artıqlaması ilə əməl edilib.
Vurğulanıb ki, rayonlarda kiçik və orta sahibkarlığın fəaliyyətinin genişlənməsi bu sahədə vergi daxil­olmalarının da artımına səbəb olub. Buna görədir ki, özəl sektordan vergi daxilolmaları 2016-cı illə müqayisədə Ordubad rayonu üzrə 1,8, Culfa rayonu üzrə 1,1, Kəngərli rayonu üzrə 2,4 dəfə artıb. Ümumilikdə, muxtar respublika üzrə daxil olmuş vəsaitlərin 37 faizi dövlət sektorunun, 63 faizi isə özəl sektorun payına düşür.
Nazir diqqətə çatdırıb ki, kameral vergi yoxlamalarına diqqətin daha da artırılması nəticəsində hesabat dövrü ərzində vergiödəyiciləri tərəfindən 27 min 157 bəyannamə təqdim edilib ki, bunun 27 min 140-ı, yəni 99,9 faizi elektron formada olub. 2017-ci ildə aktiv vergiödəyicilərinin sayı 7256 olmaqla, ümumi vergi­ödəyicilərinin sayında xüsusi çəkisi (kənd təsərrüfatı istisna olmaqla) 27,1 faiz olub, 2016-cı ilə nisbətən 1,5 dəfə və ya 2488 vahid artıb.
Bildirilib ki, nağdsız əməliyyatların genişləndirilməsi məqsədilə muxtar respublikada aparılmış təbliğat tədbirlərinin nəticəsi olaraq 2017-ci ildə nağdsız hesablaşmaların həcmi 30 milyon 799 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 3 milyon 97 min manat çoxdur.
Sahibkarlıq subyektləri tərəfindən vergilərin vaxtında ödənilməsinə və ödənilən əməkhaqlarının reallığı əks etdirməsi vəziyyətinə nəzarətdən də bəhs edən nazir qeyd edib ki, işəgötürən fiziki şəxslər tərəfindən əməkhaqqından ödənilən gəlir vergisi məbləği hesabat dövründə 126 min 650 manat olub. Bu da 2016-cı illə müqayisədə 12 min manatdan çox deməkdir.
Vurğulanıb ki, Vergilər Nazirliyinin və yerli vergi orqanlarının qeydiyyat strukturları tərəfindən “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə hesabat dövrü ərzində 43 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına, həmçinin 2171 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 67 faizi muxtar respublikanın rayonlarının payına düşür. Həmçinin öz əmlaklarını icarəyə verərək gəlir əldə edən 6489 fiziki şəxs tərəfindən 169 min 410 manat vergi məbləğinin və repetitorluq fəaliyyəti ilə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi ilə 166 repetitor tərəfindən 2406 manat vəsaitin büdcəyə ödənilməsi təmin edilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasını maliyyə naziri Səbuhi Məmmədov açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, 2017-ci ildə muxtar respublikada bütün dövlət pro­qramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, içməli su və kanalizasiya sistemlərinin yaradılması, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin səmərəli maliyyələşdirilməsinə nail olunub.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin 2017-ci ildə gəlirləri 71 milyon 650 min manat təyinata qarşı 79 milyon 856 min 165 manat və ya 111,5 faiz icra olunmaqla, büdcəyə 8 milyon 206 min 165 manat artıq vəsait daxil olub.
Ötən il büdcə gəlirlərinin 82,6 faizi və ya 65 milyon 985 min 695 manatı Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi, 9,5 faizi və ya 7 milyon 580 min 514 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 7,3 faizi və ya 5 milyon 803 min 298 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,6 faizi və ya 486 min 658 manatı isə digər mənbələr hesabına olunub.
Diqqətə çatdırılıb ki, ötən ilin büdcə gəlirlərinin tərkibində mərkəzləşdirilmiş büdcə gəlirləri 103,7 faiz təşkil etməklə, Avtomobil Yolları Məqsədli Büdcə Fonduna daxil olan vəsait istisna olmaqla, Naxçıvan şəhəri üzrə 110,6, Şərur rayonu üzrə 110,8, Babək rayonu üzrə 111,0, Ordubad rayonu üzrə 110,9, Culfa rayonu üzrə 110,5, Şahbuz rayonu üzrə 109,0, Kəngərli rayonu üzrə 110,5, Sədərək rayonu üzrə 110,2 faiz icra olunub. Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 2017-ci ildə 443 milyon 139 min 247 manat təyinata qarşı 439 milyon 624 min 28 manat və ya 99,2 faiz icra olunub. 2017-ci il ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
Vurğulanıb ki, 2017-ci ildə büdcə xərclərinin 74,8 faizi və ya 328 milyon 728 min 928 manatı cari xərclərə, 25,2 faizi və ya 110 milyon 895 min 100 manatı isə əsaslı xərclərə yönəldilib. 2016-cı ilin analoji rəqəmi ilə müqayisədə ötən il əsaslı xərclərə 8 milyon 119 min 833 manat, yaxud 7,9 faiz artıq vəsait xərclənib. Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada quruculuq işlərinin aparılmasına, eyni zamanda infrastrukturun yenilənməsi layihələrinin maliyyələşdirilməsinə ­yönəldilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən kollegiya iclasını nazir Elşad Əliyev açaraq məruzə edib.
Nazir bildirib ki, ötən il ərzində meliorasiya, irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların tutumunun artırılması, istixana komplekslərinin, quşçu­luq və balıqçılıq təsərrüfatlarının, meyvə­-tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının sürətli inkişafına əlverişli şərait yaradıb.
Qeyd edilib ki, 2017-ci ildə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya 273 ədəd müxtəlif adda texnika və avadanlıqlar gətirilib, ötən dövrlərdə gətirilənlər də daxil olmaqla, 233 ədəd texnika və avadanlıq lizinq yolu ilə icarəyə verilib, 8 ədədi isə nağd yolla satılıb. Bundan əlavə, məhsul istehsalçılarına 5 min 338 ton mineral gübrə verilib. Bəhs olunan dövrdə kartof əkininin mütəşəkkil həyata keçirilməsi məqsədilə muxtar respublikaya keyfiyyətli toxumluq kartof gətirilərək əkinlər həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində 3 min 183 hektar kartof sahəsindən 48 min 982 ton məhsul tədarük olunub. Bununla yanaşı, qarğıdalı əkininə də maraq xeyli artıb, 1667 hektar ərazidə əkin həyata keçirilib. Əkin sahələrindən 12 min 573 ton məhsul yığılıb ki, bu da 2016-cı illə müqayisədə 20 faiz çoxdur. Bitkiçilik məhsulları içərisində taxılçılıq öz üstün mövqeyini qoruyub, 31 min 632 hektar taxıl əkini sahəsindən 93 min 419 ton məhsul yığılıb. Ötən il ərzində əkin sahələrindən 84 min 722 tondan çox tərəvəz, meyvə bağlarından isə 53 min 69 tondan çox məhsul götürülüb.
Bildirilib ki, tütünçülüyün inkişafı məqsədilə Kəngərli rayonu ərazisində Tütünyetişdirmə Mərkəzi yaradılıb, uzunmüddətli fasilədən sonra ilk dəfə olaraq 9 hektar sahədə tütün əkini aparılaraq 11 tondan çox quru tütün istehsal olunub. Cari ildə bu istiqamətdə işlər daha da genişləndiriləcək.
Hesabat dövründə arıçılıqla məşğul olanlara 50 min manat həcmində kreditlər verilib, 3 arıçılıq təsərrüfatı və mum vərəqi istehsalı sahəsi yaradılıb. Ötən il balıqçılıq təsərrüfatlarının sayı 15-ə çatdırılıb ki, bu da əhalinin balıq ətinə olan tələbatının ödənilməsində mühüm rol oynayıb.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən kollegiya iclasını giriş sözü ilə nazir Hafiz Yaqubov açıb.
Bildirilib ki, 2017-ci ildə sosial-iqtisadi inkişafın bütün sahələrində olduğu kimi, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən əhalinin rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi sahəsində də dinamik inkişaf saxlanılıb. Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi, təbii resurslardan iqtisadi inkişaf məqsədilə səmərəli istifadə olunması və əlverişli ekoloji mühitin yaradılması üçün dövlət ekoloji siyasəti uğurla davam etdirilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial­-iqtisadi inkişafı Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda nazirliyin funksiyasına aid olan tədbirlərin icrası həyata keçirilib və müvafiq hesabatlar hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilib.
Qeyd olunub ki, muxtar respublika ərazisində torpaqların təbii və antropogen təsirlər nəticəsində çirklənməsinin öyrənilməsi üçün 21 monitorinq aparılıb və elmi əsaslarla qiymətləndirilib. Muxtar respublika ərazisində mövcud olan meşələrdə və digər təbiət ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi, xüsusilə isti yay aylarında bu tədbirlərin icrası məqsədilə nazirlik Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə tədbirlər planına uyğun olaraq fəaliyyət göstərib.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq dağlıq və orta dağlıq ərazilərdə meyvəçiliyin inkişaf etdirilməsi, həmin ərazilərin iqlim və torpaq xüsusiyyətlərinə uyğunlaşdırılmış ağacların, tinglərin yetişdirilməsi sahəsində nəzərdə tutulan tədbirlər milli park və yasaqlıq ərazilərində icra edilib, bu məqsədlə 7,5 hektar sahədə meyvə bağları salınıb.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR