Xəbər verdiyimiz kimi, dekabrın 15-17-də Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Diplomat əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Daha sonra səfir Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetində olub, muxtar respublikada ali təhsil strukturu, tədrisin səviyyəsi ilə maraqlanıb.
Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq zamanı səfirə məlumat verilib ki, hazırda burada muxtar respublikanın 96 istehsal və xidmət müəssisəsi tərəfindən istehsal olunan məhsullar nümayiş olunur.
Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dövlət Bayrağı Meydanı və Muzeyində, Bəhruz Kəngərli Muzeyində, muxtar respublikanın Rəssamlar Birliyində və digər mədəniyyət və istehsalat müəssisələrində olub.
Dekabrın 17-də yunanıstanlı diplomatın Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
Səfər təəssüratlarını “Şərq qapısı” qəzetinin müxbiri ilə bölüşən Nikolaos Kanellos deyib: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğulub boya-başa çatdığı diyar ilə tanış olmaqdan çox məmnunam. Muxtar respublikanın tarixi və mədəniyyət abidələri ilə tanışlıq məndə zəngin təəssürat yaratdı. Naxçıvan çox gözəl və qədim şəhərdir”.
Naxçıvan Muxtar Respublikasına səfərinin nəticələri barədə də danışan səfir qeyd edib ki, muxtar respublikada bir sıra yüksək səviyyəli görüşlər keçirib, əməkdaşlıq imkanlarını müzakirə edib: “Mənim xüsusilə diqqətimi cəlb edən həm də kənd təsərrüfatı sahəsi oldu. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Yunanıstan arasında iqtisadiyyat, mədəniyyət və təhsil sahəsində geniş əməkdaşlıq imkanları var”.
Nikolaos Kanellos müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Xəbərlər şöbəsi