Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində keçirilən tədbiri giriş sözü ilə açan xidmətin əməkdaşı Vəli Quliyev bildirib ki, belə tədbirlərin təşkili həm muxtar respublikamızda yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin miqrasiya sahəsində maariflənməsinə, həm də qədim diyarımızın turizm potensialının təbliğinə xidmət edir.
Vurğulanıb ki, yarandığı ilk gündən fəaliyyətini insan hüquq və azadlıqlarının qorunması, humanizm və qanunçuluq prinsipləri əsasında həyata keçirən Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində qazandığı uğurların təzahürü kimi muxtar respublikada əcnəbilərin hüquqi təminatçısına çevrilib. Qədim diyarımıza gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi, müvəqqəti və daimi yaşamaq, həmçinin haqqıödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi, onların olduğu yer və yaşayış yeri üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, eləcə də qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri daim diqqət mərkəzində saxlanılır. Xidmət əməkdaşı çıxışında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məqamlara toxunub, bu barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.