Muxtar respublikada insan amili, innovasiyayönümlü inkişaf daim ön plandadır
Müasir dövrdə hər hansı bir ölkənin və ya məkanın inkişafı burada intellektual potensialın formalaşması ilə birbaşa bağlıdır. Cəmiyyətin tərəqqisinin hərəkətverici qüvvəsi olan təhsil isə intellektual potensialı formalaşdırır, hüquqi cəmiyyətin qurulmasında əvəzsiz rol oynayır, vətəndaşı cəmiyyətdə ən məhsuldar təfəkkürlü qüvvəyə çevirir, milli və mənəvi dəyərləri qoruyur və tənzimləyir, insan kapitalını yaradır. Müxtəlif dövrlərdə bir çox alimlərin, siyasətçilərin, yazıçıların böyük rəğbət bəslədikləri şahmat da intellektual bacarıqların inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikasında idmanın digər sahələri kimi, şahmatın inkişafına da böyük diqqət göstərilir. Hər il burada keçirilən ənənəvi beynəlxalq şahmat festivallarında naxçıvanlı şahmatçıların dünya və Avropa çempionları, beynəlxalq reytinqli şahmatçılarla qarşılaşması isə onlara böyük təcrübə qazandırır. Bu həm də qlobal idman arenasında özünəməxsus yer tutan, beynəlxalq yarışların keçirildiyi məkana çevrilən Naxçıvanın tanıdılması baxımından böyük əhəmiyyətə malikdir.
Mayın 1-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Naxçıvan – 2019” Beynəlxalq Şahmat Festivalının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Gülkız Tülay açılış tədbirində iştirak ediblər.
Ali Məclisin Sədri yarışların əsl idman mübarizəsi şəraitində keçəcəyinə və şahmatçıların ölkələrini layiqincə təmsil edəcəklərinə əminliklə “Naxçıvan – 2019” Beynəlxalq Şahmat Festivalını açıq elan edib, idmançıların hər birinə qələbə arzulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Şahmat Federasiyası ilə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası arasında əlaqələrin gücləndirilməsi perspektivli şahmatçıların üzə çıxarılmasına öz töhfəsini verir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbovun Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilməsi Naxçıvanda şahmatın yeni mərhələdə inkişafına yol açacaqdır.
Muxtar respublikada müasir idman infrastrukturu yaradılır, mövcud idman obyekt və qurğularından səmərəli istifadə diqqətdə saxlanılır. Görülən işlərin davamı olaraq İlham Əliyev adına Olimpiya İdman Kompleksi yenidən qurulub.
Mayın 2-də Ali Məclisin Sədri Olimpiya İdman Kompleksində görülən işlərlə tanış olub, kompleksin imkanlarından səmərəli istifadə edilməsi və yaradılan şəraitin qorunub saxlanılması barədə tapşırıqlar verib.
Bu il yaradılmasının 15 illiyini qeyd edən Kəngərli rayonu ötən dövrdə böyük inkişaf yolu keçib, bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında uğurlu nəticələr əldə edilib. Rayonda əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə qatılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, Böyükdüz və Xok kəndlərində qapalı suvarma şəbəkəsi qurulub. Mayın 7-də isə Yurdçu kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib.
Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib, qapalı suvarma şəbəkəsini işə salıb.
Muxtar respublikada əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Görülən işlərin davamı olaraq yeni angioqrafiya aparatı alınaraq Naxçıvan Diaqnostika Müalicə Mərkəzində quraşdırılıb. Mayın 8-də mərkəzdə angioqrafiya aparatının təqdimatı olub.
Ali Məclisin Sədri tədbirdə iştirak edib, yeni alınmış angioqrafiya aparatına baxıb, əhalinin sağlamlığının daim diqqətdə saxlanılması barədə tapşırıqlar verib.
Ötən ay ölkəmizdə, o cümlədən muxtar respublikamızda faşizm üzərində tarixi qələbənin növbəti ildönümü qeyd olunub. Muxtar respublikamızın əhalisi də alman faşizmi üzərində qələbənin qazanılmasında böyük qəhrəmanlıqlar göstərib. Ön cəbhəyə yola salınan 30 min igid oğul və qızımızdan 15 mini müharibədə həlak olub. 3 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb, 1 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 600 nəfər isə müxtəlif orden və medallarla təltif edilib.
Mayın 9-da Naxçıvan şəhərindəki Xatirə kompleksində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilib.
Ali Məclisin Sədri İkinci Dünya müharibəsi veteranları ilə görüşüb, onları faşizm üzərində qələbənin ildönümü münasibətilə təbrik edib. Sonra Ali Məclisin Sədri abidənin önünə gül dəstəsi qoyub, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsini ehtiramla yad edib.
Həmin gün Naxçıvan şəhərində 2 nəfər 1941-1945-ci illər müharibəsi iştirakçısına, 2 Azərbaycan Vətən Müharibəsi veteranına və 3 hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş şəxsə “NAZ-Lifan 320” markalı minik avtomobili təqdim edilib.
Bugünkü müstəqil Azərbaycan, sürətlə inkişaf edən, çiçəklənən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli lider bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib. Ona görə də bütün Azərbaycan xalqı kimi, qədirbilən naxçıvanlılar da əvəzolunmaz liderin ölkəmizin inkişafındakı xidmətlərini heç vaxt unutmurlar.
Mayın 10-da Ali Məclisin Sədri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.
Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı onun bütün bölgələri ilə yanaşı, Ordubad rayonunu da yeni inkişaf mərhələsinə çıxarıb. Bu il də rayonda geniş quruculuq işləri aparılır, yeni inzibati binalar və sosial obyektlər tikilərək istifadəyə verilir. Mayın 14-də Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binası və Ordubad şəhərində dövlət qurumları üçün yeni bina istifadəyə verilib.
Bununla əlaqədar keçirilən tədbirlərdə iştirak edən Ali Məclisin Sədri dövlət orqanlarının əməkdaşlarını və ictimaiyyət nümayəndələrini təbrik edib, qurulanlardan səmərəli istifadə olunacağına əminliyini bildirib.
Bu gün muxtar respublikada qurulan müasir yollar iqtisadiyyatın şaxələndirilməsinə, yaşayış məntəqələrinin və turizmin inkişafına töhfə verir. Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq hazırda Culfa-Ordubad magistral avtomobil yolu da yenidən qurulur.
Mayın 14-də Ali Məclisin Sədri avtomobil yolunda görülən işlərlə maraqlanıb, keyfiyyətin əsas götürülməsi, çay yataqlarında selqırıcı bəndlərin tikilməsi, eləcə də kənd yollarının təmirinə diqqət yetirilməsi barədə tapşırıqlar verib.
Muxtar respublikada Ramazan ayı, orucluq mərasimləri mənəvi dəyərlərimizə uyğun keçirilir. Bu müqəddəs ayın zənginlikləri yaşadılır, insanlar saf dini ideyalar ətrafında həmrəy olurlar. Mayın 21-də Naxçıvan şəhərində iftar süfrəsi açılıb.
Ali Məclisin Sədri əziz gündə xeyirxah niyyətlərlə həmrəy olduğunu bildirib, bütün dua və diləklərin qəbul olunmasını arzulayıb.
Bu gün ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələri uğurla davam etdirilir. Bunun nəticəsində sabitlik, inkişaf və tərəqqi davamlı xarakter alıb. Müxtəlif sahələrdə çalışan vətənpərvər insanlar isə öz əməkləri ilə dövlətçiliyimizin möhkəmlənməsinə töhfə verirlər. Onların əməyi daim yüksək qiymətləndirilir. Dövlət və xalq qarşısında xidməti olanlar o yerdə təltif olunurlar ki, həmin ölkədə dövlətçilik ənənələri, sabitlik və inkişaf olsun.
Mayın 21-də Azərbaycan Respublikası medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adının və Azərbaycan Respublikası Prezidentinin mükafatının təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikasının həyatında Duzdağ Fizioterapiya Mərkəzinin xüsusi rolu vardır. Ötən 40 ildə mərkəz uğurla fəaliyyət göstərib, kollektiv formalaşıb. Sovetlər Birliyi dövründə şəraitin olmaması həm müalicə alan xəstələr, həm də kollektiv üçün çətinliklər yaradırdı. Lakin ötən illərdə Duzdağ Fizioterapiya Mərkəzi yenidən qurularaq müasir səhiyyə müəssisəsinə çevrilib. 50 çarpayı ilə fəaliyyətə başlayan mərkəzdə hazırda 500-ə yaxın xəstə eyni vaxtda müalicə alır. Hər il 4 minə yaxın insan mərkəzə müraciət edir. Vaxtilə muxtar respublikanın Səhiyyə Nazirliyinin strukturuna daxil olan mərkəz bu gün publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Duzdağ Fizioterapiya Mərkəzi bu gün muxtar respublikanın brendinə çevrilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il mayın 16-da “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb, Tədbirlər Planı təsdiq edilib. Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflər təqdim olunub.
Mayın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb.
Qlobal, planetar xarakterli amillərin, demək olar ki, bütün sahələrdə gedən proseslərə nüfuz etdiyi bir dövrdə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər qədim diyarın gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Bu gün görülən hər bir işin uzunmüddətli strateji inkişafın tərkib hissəsi olması, elmi əsaslara söykənməsi yüksəlişin davamlı xarakter almasına yol açır. Bu da qürurverici haldır ki, Naxçıvanda bütün işlər Vətənə, xalqa, dövlətə, dövlətçiliyə xidmət meyarları çərçivəsində el birliyi ilə görülür. On ikinci əsrin görkəmli siyasətçisi Nizamül-mülkün dediyi kimi: “Xalqın iradəsi ilə rəhbərin dühası birləşdikdə ölkə möhkəmlənər, gündən-günə inkişaf edər”. Qədim və müasir Naxçıvanın inkişafında da bu amil xüsusi rol oynayır.
Rauf KƏNGƏRLİ