23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 28 May – Respublika Gününə həsr olunmuş tədbir ­keçirilib.
Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qeyd edib ki, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini göstərib. Ölkəmizin çoxəsrlik sosial-­iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çətin tarixi şəraitdə üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirib, Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı, milli ordusu təşkil edilib, müstəqil dövlətçilik atributları – bayraq, himn və gerb yaradılıb, Azərbaycan dili dövlət dili elan edilib, pul və poçt markaları dövriyyəyə buraxılıb. Milli iqtisadiyyatın, təhsil, səhiyyə və mədəniyyətin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunub.

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri çıxışında vurğulayıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimiz daha da möhkəmlənib. Azərbaycan sübut edib ki, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir, onun davamçısıdır.
Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yeri və rolundan bəhs edən Bəxtiyar Əsgərov Naxçıvanın odövrkü vəziyyətinə də xüsusi diqqət yetirib. Bildirib ki, həmin dövrdə Naxçıvan həm daxildə, həm də beynəlxalq aləmdə müxtəlif maraqların toqquşduğu ərazilərdən birinə çevrilmişdi. Ermənilərin Naxçıvana hücumları isə vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Belə bir ictimai­-siyasi şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvan məsələsində tutduğu mövqe və ərazinin qorunması ilə bağlı Naxçıvan sakinlərinin mütəşəkkil siyasi iradəsi sonrakı dövrdə bu diyarın Azərbaycanın tərkibində muxtariyyət statusu qazanmasında mühüm əhəmiyyət kəsb edib.
Nümayəndəliyin rəhbəri qeyd edib ki, ­xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətini yaradıb. Azərbaycan Respublikası Xalq Cümhuriyyətindən fərqli olaraq mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacarıb, dövlətçiliyin gələcəyi naminə qətiyyətli tədbirlər görülüb. Dahi şəxsiyyət Heydər ­Əliyevin böyük siyasi təcrübəsi, qətiyyəti və misilsiz xidmətləri nəticəsində Azərbaycan ­nəinki öz müstəqilliyini qoruyub, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti ilə müstəqil Azərbaycan Respublikası arasında varislik əlaqəsini təmin edib. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müasir Azərbaycanın dövlətçilik yolunu bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir.

AZƏRTAC

*  *  *

Naxçıvan Dövlət Universitetində bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışıb.
Vurğulanıb ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər ­Əliyevin hakimiyyətə qayıdışından sonra onun cəsarəti sayəsində Azərbaycanın müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, xalqımızın firavanlığına və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsinə başlanılıb. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymət verilib, ilk müstəqil dövlətimizin rəmzləri bərpa olunub. Rektor tarixi gün münasibətilə konfrans iştirakçılarını təbrik edib və tariximizi tanıtmaq istiqamətində gəncləri daha da fəal olmağa səsləyib.
“Azərbaycan Xalq Cümhuriyyəti – şərəf və ləyaqət tariximiz” adlı çıxışında tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayev Azərbaycan Xalq Cümhuriyyəti tarixini xalqımızın şərəf salnaməsi adlandıraraq ilk demokratik respublikamızın yaradılmasından süqutuna qədər olan tarixi mərhələlər, cümhuriyyət qurucularının fəaliyyətləri barədə ətraflı məlumat verib.
Tədbir İncəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı ilə davam edib.

Səadət Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR