Mayın 24-də Azərbaycan Tibb Universitetinin Klinik allerqologiya və immunologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Lalə Allahverdiyevanın Malayziyanın Milli Xəbər Agentliyi “BERNAMA”da “Azərbaycan Tibb Universiteti speleoterapiya sahəsində Malayziya universitetləri ilə əməkdaşlıqda maraqlıdır” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə müəllif speleoterapiya ilə müalicədə Duzdağ Fizioterapiya Mərkəzinin imkanlarından faydalanmağı məsləhət görmüş və Malayziya universitetləri ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırmışdır. Azərbaycanın bu sahədə qabaqcıl təcrübəyə malik olduğunu qeyd edən Lalə Allahverdiyeva Naxçıvan Muxtar Respublikasında yerləşən Duzdağ Fizioterapiya Mərkəzinin unikal tibbi-müalicə və reabilitasiya müəssisəsi kimi əhəmiyyətinə toxunmuşdur. Qeyd olunmuşdur ki, 1979-cu ildən fəaliyyət göstərən sözügedən tibb müəssisəsi hazırda ən müasir tələblərə cavab verən sağlamlıq mərkəzinə çevrilib və buraya gələn xəstələr, təqribən, 2-3 həftə müddətində duz mağarasında qaldıqdan sonra yenidən sağlamlıqlarına qovuşurlar. Məqalədə Duzdağ mağarasının Azərbaycanın Naxçıvan Muxtar Respublikasının rəmzlərindən biri olduğu, müalicəvi xüsusiyyətlərinə görə bənzərsiz təbii şəfa mənbəyinə çevrildiyi öz əksini tapmışdır.
Diqqətə çatdırılmışdır ki, 2015-ci ildə Sinqapurda keçirilən XXI Ümumdünya Tibdə Reabilitasiya və İmmunoreabilitasiya Konqresində, eləcə də VIII Ümumdünya Astma, Allergiya və XOAX üzrə Forumda Lalə Allahverdiyevanın “Naxçıvanın Duzdağ mağarasında bronxial-astmanın qeyri-medikamentoz müalicəsi” adlı məruzəsi birinci yerə layiq görülmüşdür.
Məqalənin sonunda müəllif bu unikal müalicə mərkəzinə gəlmək istəyən malayziyalılar üçün lazımi köməklik göstəriləcəyini bildirmişdir.
“Şərq qapısı”