23 Dekabr 2024, Bazar ertəsi

Düz bir il bundan əvvəl, mayın 20-27-si tarixləri arasında Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər işğaldan azad edildi. Bununla da ordumuz daha əlverişli mövqelərə sahibləndi, Xunut dağı və Ağbulaq yüksəkliyi, daha sonra isə Qızılqaya dağı və Mehridağ, Dərələyəz mahalının Arpa kəndi işğaldan azad edildi. Ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alındı. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. 

Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin düşməndən azad edilməsinin ən böyük strateji əhəmiy­yəti ordumuza Şərur rayonunun Günnüt kəndi ilə yanaşı, İrəvan-Yexeq­nadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna da nəzarət etməyə imkan verməsi oldu. Həmin vaxt ərazinin etibarlı müdafiəsi və təminat məqsədilə 50 kilometr yeni yol çəkildi, 60 kilometrdən artıq yararsız yollar isə bərpa edildi. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri quruldu.

Ötən il iyulun 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Günnüt kəndinə gedərək ön xətdə yerləşən postlarda şəxsi heyətlə görüşdü, göstərdikləri şücaətə görə əsgər və zabitləri təbrik edərək onlara hədiyyələr təqdim etdi. Ali Məclisin Sədri dayaq məntəqələrində xidmət aparan hərbi qulluqçularla görüşündə demişdir: “Vaxtilə bu ərazilər ermənilər tərəfindən işğal olunmuş, Günnüt kəndində yaşayış yerləri dağıdılmışdır. Lakin uğurlu əməliyyatlardan sonra 10 min hektardan artıq əkinəyararlı torpaqlar nəzarət altına keçmişdir. Bu, Azərbaycan Ordusunun gücünün və şəxsi heyət arasındakı ruh yüksəkliyinin göstəricisidir. O ordu güclü deyil ki, onun çoxlu silah-sursatı vardır. O ordu güclüdür ki, onun əsgərlərinin döyüş ruhu yüksəkdir. Keçirilən əməliyyatlar Azərbaycan Ordusunun döyüş ruhunu göstərdi. İtki verilmədən torpaqlarımız geri alındı”.
2018-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrin yaranmasının 100 illiyi ərəfəsində Günnüt zəfərinin qazanılması milli ordumuzun xalqımıza ən böyük hədiyyəsi oldu. Silahlı Qüvvələrin 100 illiyi münasibətilə keçirilən hərbi paradda Ali Baş Komandan, cənab İlham Əliyev demişdir: “Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkar­lıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur”.
Bəli, Günnüt əməliyyatı illərdir, “qüdrətli” erməni ordusu haqqında aparılmış təbliğatı yerə vurdu. 2016-cı ilin Aprel döyüşlərindən sonra ordumuzun Naxçıvan istiqamətində belə bir uğurlu əməliyyata imza atması Azərbaycan əsgərinin gücünü bir daha göstərdi. Ali Məclis Sədrinin dediyi kimi, keçirilən hərbi əməliyyatlar onu deməyə əsas verir ki, muxtar respublikada torpaqlarımızı etibarlı müdafiə edən və hər an işğal altındakı torpaqlarımızı azad etməyə qadir olan güclü ordu formalaşıb. Bu yaxınlarda Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir.
Xatırladaq ki, ötən əsrin sonlarına doğru ölkəmizin digər bölgələri kimi, muxtar respublikamızın Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri də mütəmadi olaraq atəşə tutulur, düşmən hücumlarına məruz qalırdı. Şərur rayonunun mərkəzindən 22 kilometr uzaqda yerləşən Günnüt kəndi də elə həmin vaxt – 1992-ci ildə işğala məruz qalmışdı. Erməni vandalları kəndi xarabalığa çevirərək yaşayış evlərini, məktəbi, tibb məntəqəsini, hətta xalqımıza məxsus izləri itirmək üçün qəbiristanlığı və məscidi də dağıdıb yerləyeksan etmişdilər. Həmin vaxt Günnüt kəndinin sakinləri rayonun digər yaşayış məntəqələrinə, əsasən də, Mahmudkəndə köçməyə məcbur olmuşdular. Kəndin azad edilməsindən sonra günnütlülər doğma kəndlərinə gedərək burada ata-babalarının məzarlarını ziyarət etmişlər.
Günnüt kəndində tarixən kənd təsərrüfatı inkişaf etdirilib. Yaşayış məntəqəsi işğaldan azad edildikdən sonra arıçılığın inkişafı üçün də burada zəruri şərait yaradılıb.
Bu yurd yerində, həmçinin milli dəyərlərimiz də qorunub saxlanılıb. Vaxtı ilə bu kənddə xalçatoxuma işi geniş yayılıb. Ötən il iyulun 18-də Naxçıvan Dövlət Xalça Muzeyində “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən vaxtilə Günnüt kəndində toxunmuş xalçaların təqdimatı oldu. 19-cu əsrin sonlarına və 20-ci əsrin əvvəllərinə aid olan bu xalçaların üzərində qədim oğuz türklərinə məxsus naxışlar bir daha Günnütdə bu xalq sənəti nümunələrinin uzun müddət yaşadıldığını göstərir. Bundan əlavə, ötən il Azərbaycanın “Buta Airways” aviaşirkəti tərəfindən alınmış “Embraer E-190” təyyarəsinə də “Günnüt” adı verildi. Dünya təcrübəsində təyyarələrin böyük şəhərlərin və şəxsiyyətlərin adı ilə adlandırılması ənənəsi mövcud olsa da, ilk dəfə Azərbaycanda yeni alınan təyyarəyə kənd adı verilmişdir. Bunları xatırlamaqda məqsəd odur ki, ötən il ordumuzun əldə etdiyi Günnüt zəfəri “Günnüt” adının yaddaşlarımızda uğur, qalibiyyət rəmzi kimi xarakterizə olunmasına imkan vermişdir. Günnüt, eyni zamanda Azərbaycanımızın hələlik digər işğal altında qalan torpaqlarına gedən yolun başlanğıcıdır. İnanırıq ki, Silahlı Qüvvələrimiz qısa müddətdə bu sevinci də bizə yaşadacaq.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR