“Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimləri bunu bir daha təsdiq etdi
Yüksək döyüş qabiliyyətinə malik qüdrətli ordu ölkəsini, yurdunu sevən hər bir vətənpərvər insanın fəxarət ünvanı, qürur mənbəyidir. Çünki ordumuz ölkəmizin qüdrəti, elimizin, obamızın güvən yeridir. “Hər bir uğurlu diplomatiyanın arxasında kəskin qılınc dayanır” deyimi də bu baxımdan təsadüfən yaranmayıb. Ordunun döyüş qabiliyyətini, gücünü isə yalnız iki halda müəyyənləşdirmək olar: birincisi, müharibədə, ikincisi, sülh şəraitində genişmiqyaslı hərbi təlimlərdə. Birinci məqam barədə birmənalı şəkildə onu deyə bilərik ki, son dövrlər Azərbaycan Silahlı Qüvvələri və onun tərkib hissəsi olan Əlahiddə Ümumqoşun Ordu təcavüzkar düşmənin təxribatlarına qarşı ildırımsürətli cavab zərbələrində öz gücünü, qüdrətini artıq dünyaya nümayiş etdirib. 2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə Günnüt zəfəri ölkəmizin hərbi gücünü, ordumuzun peşəkarlığını, döyüş qabiliyyətini göstərən qələbə tarixləridir.
İkinci məqam barədə danışarkən dünyanın məşhur hərb xadimlərinin fikirlərini yada salmaq yerinə düşərdi. Onlar təlimlərin keçirilməsinin və bu zaman əldə edilən nəticələrin əhəmiyyətini vurğulayaraq qeyd ediblər ki, təlimlər zabitin də, gizirin də, əsgərin də həyatında olduqca önəmlidir, çünki bu sınaq onların hərbi bacarığını, səriştəsini qiymətləndirməyə imkan verir. Kim təlimdə fərqlənirsə, deməli, müharibə meydanında qələbə onundur. Bu mənada, təlimləri “hərbçilərin akademiyası” adlandırmaq səhv olmazdı. Reallıq budur ki, ən mühüm hərbi əməliyyat tədbiri olan təlimlər şəxsi heyətin döyüş vərdişlərinin möhkəmləndirilməsində, qələbəyə olan inamın formalaşmasında başlıca rol oynayır. Bu gün Naxçıvanda müxtəlif formalı təlimlərə üstünlük verilməklə döyüş hazırlığı səviyyəsi daim yüksəldilir. Eyni zamanda təlimlərdə qoşunların döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, döyüşdə iştirakı, həmçinin maddi-texniki təminat məsələləri yoxlanılır. Bu baxımdan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 7-11-də Naxçıvanda iki ölkənin silahlı qüvvələrinin keçirdiyi “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimləri əhəmiyyətli nəticələri ilə yadda qaldı.
İyunun 11-də təlimin uğurla başa çatmasından sonra şəxsi heyətlə görüş zamanı çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Ordu quruculuğu tədbirləri sırasında hərbi təlimlərin əhəmiyyəti böyükdür. Çünki təlimlər əsgər və zabitlərdə hərbi vərdişləri formalaşdırır, onların döyüş hazırlığını artırır. Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk deyirdi ki, “Hər hansı bir ordunun dəyəri onun əsgər və komandan heyətinin dəyəri ilə ölçülür”. Azərbaycan-Türkiyə birgə hərbi təlimində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi bir daha əminlik yaratdı ki, təlimə cəlb olunmuş şəxsi heyətlərdə yüksək döyüş hazırlığı vardır”.
Düşmənlərimizi təşvişə salan, dosta qürur yaşadan həmin təlimlərdə iştirak edən Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının bölmələri qardaş ölkənin hərbçiləri ilə birlikdə təlim planında qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirməklə yüksək döyüş qabiliyyəti nümayiş etdiriblər. Fəxrlə deyə bilərik ki, hazırlanmış ssenariyə uyğun Türkiyə Respublikası Silahlı Qüvvələrinin təlimə cəlb olunan heyəti ilə Naxçıvan Qarnizonu Qoşunlarının şəxsi heyəti arasında bölmələrin birgə idarə edilməsində vahid prosedurların tətbiqinə nail olunub, hədəflərin 85, maketlərin 90 faizindən çoxu məhv edilib. Nüfuzlu hərbi ekspertlərin də vurğuladıqları kimi, bu, çox yüksək nəticədir və dünyanın yalnız ən qüdrətli orduları təlimlərdə bu nəticələri əldə edə bilirlər.
Maraqlı bir məqam da ondan ibarətdir ki, həmin ordular başqa ölkənin silahlı qüvvələri ilə birlikdə təlim keçirdikdə bu göstərici bəzən çox aşağı düşür. Bunu milli amillərlə, əməkdaşlığın, koordinasiyanın zəif olması ilə əlaqələndirənlər az deyil. Bu baxımdan “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimlərində hər iki ölkənin silahlı qüvvələrinin şəxsi heyəti verilən döyüş tapşırıqlarını peşəkarlıqla yerinə yetirməklə, eyni zamanda iki ordu arasındakı əməkdaşlığın, koordinasiyanın yüksək səviyyədə olduğunu nümayiş etdirdilər. Təlimdə qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi də diqqətçəkən əsas məqamlardandır.
Təlimə 5 minə yaxın şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 300-ə yaxın avtomobil texnikası cəlb edilib. Bu, təlimin genişmiqyaslı olduğunu bir daha göstərir. Naxçıvan Qarnizonu Qoşunları Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri ilə birgə təlimdə qarşıya qoyulmuş tapşırığı uğurla yerinə yetirərək şərti düşmən üzərində zəfər qazanması birliyimizin, həmrəyliyimizin daim yeni-yeni qələbələrə yol açacağının müjdəçisinə çevrildi. Azərbaycan və Türkiyə respublikalarının dövlət bayraqlarının “SU-25” hücum təyyarələrinin və vertolyotların müşayiəti ilə döyüş meydanında nümayiş olunması isə iki qardaş ölkə arasındakı səmimi, qarşılıqlı, faydalı əlaqələrin, strateji tərəfdaşlıq münasibətlərinin təcəssümü idi.
Həqiqətən də, Azərbaycan ilə Türkiyənin qonşuluq, dostluq münasibətləri region ölkələri üçün nümunədir. Bu əlaqələri xarakterizə edən əsas məqam isə təmənnasız qardaş köməyi, qardaş dəstəyidir. Tarixboyu bu iki ölkə qarşılıqlı olaraq bir-birinə daim dəstək olub. Azərbaycanlılar Çanaqqalada, Türk Qurtuluş Savaşında Türkiyə uğrunda canlarını fəda ediblər, türkiyəli qardaşlarımız isə həm 1918-ci ildə, həm də ötən əsrin 90-cı illərinin əvvəllərində bizə arxa-dayaq olublar. Bu gün isə iki qardaş ölkə çiyin-çiyinə verərək çox mühüm qlobal layihələri gerçəkləşdirir, regionun təhlükəsizliyi üçün əsaslı addımlar atır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri şəxsi heyətlə görüşündəki çıxışında digər bir mühüm məqama diqqət çəkib. Ali Məclisin Sədri deyib: “Ordunun gücünü və döyüş qabiliyyətini yalnız maddi-texniki baza və silah təminatı deyil, həm də şəxsi heyətin vətənpərvərliyi və birliyi artırır. O ordu güclüdür ki, onun əsgər və zabitlərində vətənpərvərlik və birlik olsun. Keçirilən təlimdən çıxan nəticə də ondan ibarətdir ki, bir millətin, iki dövlətin silahlı qüvvələrində yüksək vətənpərvərlik və birlik vardır”.
Ordumuzun aparıcı hissəsini, heç şübhəsiz, gənclər təşkil edir. Bu mənada, onların əsl vətənpərvər kimi yetişməsi və öz üzərlərinə düşən tarixi missiyanı ləyaqətlə yerinə yetirməsi müharibə şəraitində yaşayan ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Çünki vətənpərvərlik elə ali duyğudur ki, bu duyğu insanı zirvələrə yüksəldir, ona qəhrəmanlıq, fədakarlıq, məğlubedilməzlik, torpağa, xalqa, dövlətə, dövlətçiliyə bağlılıq, yurda sevgi, milli hədəflərə inam aşılayır. Vətən sevgisi, yurd təəssübü gənc nəslin milli mənlik şüurunun inkişafında əsas istiqamətləri müəyyənləşdirir. Sevindirici haldır ki, ordumuzun şəxsi heyəti müdafiə qüdrətini artırmaq və düşmənə həlledici zərbə endirmək üçün istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlıq baxımından daim ciddi irəliləyişlərə imza atır, bununla da, dövlətin və xalqın etimadını doğrultmağa çalışır. “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimlərində də bunun şahidi olduq.
Bu gün Əlahiddə Ümumqoşun Ordu özünün yüksək döyüş qabiliyyəti, nizam-intizamı və silah-sursat təchizatı ilə NATO kimi qüdrətli hərbi-siyasi təşkilatda Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdə qərarlaşan, Avropada isə analoqu olmayan Türkiyə Silahlı Qüvvələri ilə birgə keçirdiyi hərbi təlimlərdə öz gücünü nümayiş etdirə bilirsə, bu, o deməkdir ki, biz ordu quruculuğu sahəsində çox böyük nailiyyətlər qazanmışıq. Bu həm də o deməkdir ki, 30 ildir, blokada vəziyyətində yaşayan Naxçıvanın müdafiəsi yüksək səviyyədə təşkil olunub. Yəni bu gün Əlahiddə Ümumqoşun Ordu qədim diyarın sürətli yüksəlişinin, tərəqqisinin qarantına çevrilib. Dövlət başçısı cənab İlham Əliyevin dediyi kim: “Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır. Belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”. “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimləri artıq bunun reallığa çevrildiyini bir daha təsdiq etdi.
Rauf KƏNGƏRLİ