Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu müstəqil Azərbaycanın həyata vəsiqə qazanmış və sürətlə inkişaf edən bölgələrindən biridir.
15 il bundan əvvəl – 2004-cü il martın 19-da yaradılan Kəngərli rayonunu təşkil etməkdə məqsəd idarəçilikdə təkmilləşmənin, koordinasiyanın mərkəzləşdirilməsi xarakteri daşısa da, bu tarixi hadisə həm də Naxçıvanın dövlət idarəçiliyi tarixində böyük bir nəslin – Kəngərlilərin haqqını tarix qarşısında tanımaq və gələcək nəsillərə tanıtmaq kimi uzaqgörən müdrik siyasətin təzahürü idi.
Kəngərli rayonunun ərazisi qədim tarixə malikdir. Buradakı yaşayış məntəqələri tarixən Naxçıvanın qədim oğuz-türk yurdu olması faktını sübut edən yurd yerləridir. Müstəqilliyimiz bu tarixi yurd yerlərimizin dərindən öyrənilməsinə, buradakı milli mədəniyyət nümunələrimizi qorumağa və layiqincə yaşatmağa imkan vermişdir. Digər tərəfdən, ötən 15 il tarixi mövcudluğu çox-çox qədimlərə gedib çıxan bu yaşayış məntəqələrinin sürətli inkişafını şərtləndirərək, ümumilikdə, Kəngərli rayonunun müasirliyini təmin etmişdir.
15 il tarix üçün çox qısa dövrdür. Adətən, belə zaman kəsiyi yeni yaradılan rayonun formalaşması üçün xarakterikdir. Lakin ötən dövr onu sübut etdi ki, Vətənə sevgi, dövlətçiliyə sədaqət olan yerdə ən böyük ideyaları da həyata keçirmək mümkündür. Necə ki vaxtilə boş, susuz, şoranlıq bir çöllük ərazidə lazımi infrastruktura malik müasir rayon mərkəzinin salınması çoxları üçün inandırıcı görünmürdü. Cəmi 15 illik yol qət etmiş Kəngərli rayonu isə əsl rəhbər qətiyyətinin nümunəsi, günü-gündən inkişaf edən Naxçıvanın müasir tərəqqisinin göstəricisidir.
Ötən dövrdə rayonda nə işlər görülməyib ki? Rayonun yaradılması haqqında qəbul edilən qanuna əsasən əvvəlcə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyükdüz, Çalxanqala, Xıncab, Şərur rayonunun isə Qarabağlar, Xok, Qıvraq, Şahtaxtı, Qabıllı, Yurdçu və indiki Yeni Kərki kənd inzibati ərazi dairələrini əhatə edən ərazi vahidləri yeni yaradılmış rayona daxil edildi. Qanunun digər bəndinə görə isə Qıvraq kəndinə qəsəbə statusu verilərək rayon mərkəzinə çevrildi. Yeni yaradılmış rayonda idarəçiliyin düzgün, eyni zamanda dövrün tələblərinə uyğun təşkil olunması məqsədilə əvvəlcə rayon mərkəzi üçün seçilmiş Qıvraq qəsəbəsində dövlət qurumları üçün lazımi iş şəraitinin yaradılmasına başlanıldı. Bu, zahirən çox asan görünsə də, adi bir kəndin rayon mərkəzinə çevrilməsinədək gedən böyük bir prosesin başlanğıcı idi. Buna baxmayaraq, işə kompleks yanaşma, zəhmətsevərlik qısa müddətdə Naxçıvan-Sədərək magistral avtomobil yolunun Qıvraq qəsəbəsi ərazisindən keçən hissəsinin sağ tərəfində Kəngərli Rayon İcra Hakimiyyəti, eləcə də digər idarə və təşkilatlar üçün yeni inzibati binaların inşa edilməsinə, əraziyə müasir kommunikasiya xətlərinin çəkilməsinə, yeni yaşıllıq zolaqlarının salınmasına, bir sözlə, zəruri infrastrukturun yaradılmasına imkan verdi. 2006-cı ilin iyul ayında Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu rayonun yaradılması ilə bölgədə bir çox məsələlər həll olunmuşdur. Artıq rayonun öz büdcəsi var, yeni yaradılmış idarələrdə mindən çox iş yeri açılmışdır. Beləliklə, bu rayonda yaşayan əksər ailələrin heç olmasa bir üzvü işlə təmin edilmişdir. Onların işlə təmin edilməsi ailədə də sabitliyin yaranması deməkdir. Yeni rayonun yaradılması bu bölgənin iqtisadiyyatına, gələcəkdə onun daha da möhkəmlənməsinə, ailələrin məskunlaşmasına kömək edəcəkdir. Tarixi bir adı özündə yaşadan Kəngərli rayonu qısa bir müddət ərzində muxtar respublikanın digər rayonlarının səviyyəsinə çatacaqdır”.
Bir qəsəbə və 10 kəndi özündə birləşdirən rayon mərkəzində bir-birindən gözəl inzibati binalar, mədəniyyət və istirahət parkı, mədəniyyət evi, ümummilli lider Heydər Əliyevin abidəsi, rahat yollar indi bu əraziyə məxsusi gözəllik və möhtəşəmlik bəxş edir. Əsaslı və kompleks şəkildə aparılan tikinti-quruculuq tədbirlərinin nəticəsidir ki, rayon mərkəzi sayılan Qıvraq qəsəbəsi ötən dövrdə öz simasını tamamilə dəyişib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ötən dövr ərzində Kəngərli rayonunda görülmüş işləri yüksək dəyərləndirmişdir. 2012-ci ildə Kəngərli Rayon Mədəniyyət Evinin açılış mərasimində iştirak edən dövlət başçısı demişdir: “Biz iki il əvvəl də sizinlə görüşmüşük. İki il əvvəl ulu öndərin abidəsinin açılışında bərabər idik. Mən çox şadam ki, bu iki il ərzində Kəngərli rayonunda böyük işlər görülmüşdür. Burada doğrudan da, gözəl mərkəz yaradılmış, yeni inzibati binalar tikilmişdir, indi fərdi evlər də tikilməkdədir... Bu gün gözəl mədəniyyət evinin açılışında toplaşmışıq. Bir neçə il əvvəl Naxçıvanda Heydər Əliyev adına möhtəşəm Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişdik. İndi isə Kəngərli rayonunda mədəniyyət evinin açılışında iştirak edirik. Bu, böyük rəmzi məna daşıyır. Çünki bir neçə il əvvəl Kəngərli rayonu inzibati ərazi kimi mövcud deyildi. Bir neçə il bundan əvvəl Vasif Talıbov belə təşəbbüslə çıxış etmişdi. Mən bu təşəbbüsü təkcə kağız üzərində deyil, əməldə dəstəklədim və qısa müddətdə rayon yaradıldı”.
Kəngərli rayonunun adı muxtar respublikanın quruculuq salnaməsinə bütün yaşayış məntəqələri yenidən qurulan və abadlaşdırılan ilk rayon kimi düşüb. Rayon mərkəzindən kənd yaşayış məntəqələrinə uzanan bütün avtomobil yolları yenidən qurulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına uyğun olaraq yenidən qurulan yol, yaşayış məntəqələri arasında daha tez, asan və təhlükəsiz nəqliyyat əlaqəsinin yaradılmasına öz töhfəsini verib. Uzunluğu 39 kilometr olan və 5 kənd yaşayış məntəqəsini birləşdirən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qarabağlar-Yurdçu-Qıvraq (Xıncab da əlavə yolla birləşməklə) dairəvi avtomobil yolu adıçəkilən kəndlərə gediş-gəlişi xeyli asanlaşdırıb.
Muxtar respublikanın davamlı sosial-iqtisadi tərəqqisi Kəngərli rayonunun da dinamik inkişafını təmin edib. Ötən dövrdə rayonda görülmüş işlərin miqyası o qədər böyükdür ki, bütün bunları bir yazıya sığışdırmaq mümkün deyil. Amma ümumi olaraq qeyd edək ki, ötən 15 il ərzində Kəngərli rayonunun bütün kəndləri və Qıvraq qəsəbəsi kompleks abadlaşdırılıb, inzibati binalar tikilib, 79,9 kilometr yeni yol salınıb, 6 körpü qurulub, tarixi abidələrimizə, eləcə də dünya əhəmiyyətli memarlıq nümunəsi olan Qarabağlar Türbə Kompleksinə ikinci həyat verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Şahtaxtı hamamında kompleks bərpa işlərinə başlanılıb. Kəngərli rayonu yaranandan 5382 şagird yerlik 12 məktəb, 224 yerlik uşaq bağçası tikilib, Mədəniyyət Sarayı, 2 muzey, Şahmat məktəbi, 11 tibb müəssisəsi, 2 uşaq musiqi məktəbi, 10 kənd və 10 xidmət mərkəzi istifadəyə verilib. Ümumilikdə, bəhs olunan dövrdə rayonda sənaye məhsulu 16, kənd təsərrüfatı məhsulu 7, investisiya qoyuluşu 50, rabitə xidmətlərinin həcmi 7 dəfə, əkin sahələri isə 54 faiz artıb.
Rayonun davamlı sosial-iqtisadi inkişafı, o cümlədən tikinti-quruculuq tədbirləri cari ildə də davam etdirilib. Belə ki, bu il fevralın 22-də Kəngərli rayonunun Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib. Kənd təsərrüfatı üçün yararsız ərazidə qurulan 2 meqavat gücündəki yeni Günəş Elektrik Stansiyası il ərzində 3 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək. Bununla da Naxçıvan Muxtar Respublikasında Günəş Elektrik stansiyalarının qoyuluş gücü 24 meqavata, illik istehsal gücü isə 36 milyon kilovat-saata çatdırılıb.
2019-cu il martın 7-də isə Qıvraq qəsəbəsində zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət 48 mənzilli yeni yaşayış binası istifadəyə verilib. 24-ü üçotaqlı, 24-ü isə ikiotaqlı olan binada Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlığını itirmiş şəxslərə mənzillər hədiyyə olunub.
Mayın 7-də isə Kəngərli rayonunun Yurdçu kəndində yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib. Bu suvarma şəbəkəsi 60 hektara yaxın ərazini əhatə edir ki, bunun da 56 hektara yaxını pay, 2 hektardan çoxu həyətyanı, 3 hektara yaxını isə yaşıllıqların altında olan torpaqlardır. Qeyd edək ki, bir neçə il bundan əvvəl “Kəngərli rayonunda irriqasiya sistemlərinin təkmilləşdirilməsi” layihəsinə əsasən həyata keçirilən meliorasiya tədbirləri çərçivəsində bu gün artıq rayonda 2 min hektara yaxın ərazi yeraltı şəbəkə ilə əhatə olunub. Nəticədə, aqrar sahənin inkişafı üçün geniş imkanlar açılıb.
Hazırda isə Qıvraq qəsəbəsində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin rayon filialı üçün yeni bina tikilir. İki mərtəbədən ibarət olacaq bank filialı əhalinin, o cümlədən sahibkarların, torpaq mülkiyyətçilərinin maliyyə resurslarına olan tələbatlarının yüksək səviyyədə ödənilməsinə şərait yaradacaq.
Rayon mərkəzindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni inşa olunmuş yaşayış binası isə hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir. Qeyd edək ki, 5 mərtəbədən ibarət olan binanın inşasına 2018-ci ildən başlanılıb. 44 mənzilli, tikintisi, demək olar ki, tamamlanan binanın ətrafında abadlıq işləri aparılıb, əraziyə yeni işıqlandırma sistemi və su xətti çəkilib, yaşıllıq və gülkarlıqlar salınıb.
Bundan əlavə, Qıvraq qəsəbəsində həyata keçirilən abadlıq-quruculuq tədbirlərindən biri də burada yeni istirahət parkının salınmasıdır. Qəsəbəyə məxsusi gözəllik verən bu istirahət parkı 1,6 hektar ərazini əhatə edir. Ötən dövrdə burada böyük abadlıq işləri aparılaraq sakinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Gözəlliyi ilə gözoxşayan parkda dekorativ ağaclar və gül kolları əkilib, fəvvarə qurulub, müasir işıqlandırma sistemi yaradılıb. Artıq istifadəyə verilmə ərəfəsində olan bu yeni quruculuq obyektləri Qıvraq qəsəbəsinin simasını daha da gözəlləşdirəcək.
Göründüyü kimi, Kəngərli rayonu qısa müddətdə böyük bir inkişaf yolu keçib. Bölgədə inkişaf və yüksəliş davamlı xarakter alıb. Rayon sakinlərinin əhval-ruhiyyəsi də yaradılan şərait hesabına daha da yüksəlib, insanların sabaha olan inamı artıb. Bu inamın kökündə isə Heydər Əliyev ideyalarının layiqincə davam etdirilməsini görməmək mümkün deyil. Ulu öndərin məhv olmaq təhlükəsindən xilas etdiyi müstəqilliyimizin bəhrəsi kimi həyata vəsiqə qazanan Kəngərli rayonu bu gün həm də hərtərəfli inkişaf edən Naxçıvanın bir bölgənin simasında təntənəsidir.
Səbuhi HƏSƏNOV