Bir millətik, iki dövlət,
Eyni arzu, eyni niyyət,
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.
Vətəndaş şairimiz Bəxtiyar Vahabzadənin Azərbaycan - Türkiyə qardaşlığının himninə çevrilən eyniadlı şeirində həm də türkün at üstündə yazdığı şanlı tarixi əks olunub. Bu şeir hər dəfə səslənəndə sanki Oğuzların dastanını yenidən oxuyur, dördnala çapan atlarının ayaq səsini duyur, qılınclarının qınından necə sürətlə sıyrıldığını hiss edirik...
Çanaqqalada yadellilərə qarşı son damla qanımızacan birgə döyüşürük, 1918-də Araz-Türk Cümhuriyyətini qururuq, Bakını birgə azad edirik, “Moskva” və “Qars”da Naxçıvanın ərazi bütövlüyü və toxunulmazlığı üçün yumruq kimi birləşirik, 1992-ci ildə Sədərəkdə, Araz çayı üzərində “Ümid”lənir, 70 illik həsrətə son qoyaraq ay-ulduzlu mələklərimizi qoşalaşdırıb əbədi olaraq Ana Yurdun səmalarına ucaldırıq...Bütün beynəxalq tribunalarda Türkiyənin səsi və sözünü Azərbaycandan, Azərbaycanın səsi və sözünü Türkiyədən eşidirik...
Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
O da ulu, bu da ulu,
Azərbaycan-Türkiyə.
...Tarix: 11 iyun 2019-cu il.
Məkan: Naxçıvan, Qarabağlar kəndindəki dağ-təlim mərkəzi...
İki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimləri keçirilir. Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar öz çıxışında deyir:
Birdir bizim hər halımız
Diləyimiz, amalımız,
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə...
...Əslində, bu təlimlərdə ən müasir silah və texnikaların, qırıcı təyyarə və helikopterlərin, ağır artilleriyaların döyüş atışlarını izlədikcə istər-istəməz ötən əsrin 90-cı illərini xatırlayıram. “Axırıncı aşırım” filmində Kərbəlayı İsmayılın dediyi kimi, topumuz yox, cəbbəxanamız yox idi... Amma namusumuz, qeyrətimiz vardı... Elə ulu diyar Naxçıvanı da erməni işğalından əliyalın, namusumuz, qeyrətimizlə qorumuşduq...
İndi isə zaman o zaman deyil... Ulu öndər Heydər Əliyevin Naxçıvandan başladığı ordu quruculuğu missiyası uğurla davam etdirilərək müasir mərhələdə ən yüksək həddə gəlib çatıb. Əlahiddə Ümumqoşun Ordu indi nəinki Naxçıvanın müdafiəsini uğurla təşkil edir, hətta ən mürəkkəb hücum və döyüş əməliyyatlarını reallaşdırmağa qadir və hazırdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov da “Sarsılmaz qardaşlıq – 2019” təlimində çıxışı zamanı bu məqamı önə çəkərək dedi: “Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirmiş, müasir silah və texnika ilə təminat gücləndirilmiş, bunların nəticəsi olaraq Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır. Bu gün muxtar respublikadakı ordu, hissə və birləşmələr güclü maddi-texniki təminata, müasir silahlara və peşəkar şəxsi heyətə malikdir. Naxçıvanda ordu quruculuğu sahəsində görülən işlərdə Türkiyə Silahlı Qüvvələrinin dəstəyi də qeyd olunmalıdır. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında hərbi sahədəki əməkdaşlığın səviyyəsi məmnunluq doğurur. Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi də bu əməkdaşlığın davamı, eyni zamanda ordularımız arasındakı birliyin göstəricisidir”.
Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, budəfəki təlimi önəmli edən ən mühüm cəhətlərdən biri də məhz qardaş ölkənin Milli Müdafiə naziri Hulusi Akarın şəxsən Naxçıvana rəsmi səfər etməsi və döyüş atışlı taktiki təlimi izləməsi idi. Yüksək səviyyəli rəsmi şəxslər tərəfindən Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanan Hulusi Akar xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət etməklə ulu öndərə özünün, eləcə də Türkiyə dövləti və xalqının böyük hörmət və ehtiramını ifadə etdi. Ali Məclisin Sədri ilə görüşdə Naxçıvana səfərini və göstərilən qonaqpərvərliyi yüksək dəyərləndirərək dedi ki, Naxçıvan qədim tarixi və müasir inkişafı ilə tamamilə fərqli bir məkandır. Burada olmaqdan böyük məmnunluq duyur və özümüzü doğma vətənimizdəki kimi hiss edirik. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də dediyi kimi, Naxçıvanda “Bir millət, iki dövlət” olduğumuzun bir daha şahidi olduq.
Hulusi Akarın Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Ali Məclisin Sədrinə çatdırması bir daha göstərdi ki, Naxçıvan Muxtar Respublikası ilə ötən illərdə qurulub uğurla inkişaf etdirilən qarşılıqlı faydalı əməkdaşlıq ölkələrimiz arasındakı strateji tərəfdaşlığın ən mükəmməl nümunəsi kimi yüksək siyasi dairələrdə də böyük məmnunluq doğurur. Ona görə də Hulusi Akar dedi: “Naxçıvanın inkişafı qardaş ölkədə məmnunluqla qarşılanır”.
Əlbəttə, heç bir təlim və ya vəzifənin icrası göstəri və yaxud süni reytinq xatirinə yerinə yetirilmir. Kifayət qədər maddi-texniki gücün sərf edildiyi, vəsait və canlı qüvvənin cəlbi ilə həyata keçirilən bu cür təlimlər konkret məqsədlərə hesablanır. “Sarsılmaz qardaşlıq – 2019” təliminin də keçirilməsində əsas məqsəd qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətini koordinasiya etməkdən ibarət idi.
Əvvəlcədən peşəkar formada hazırlanmış təlim-əməliyyat planı, dağ-təlim mərkəzlərində bundan əvvəl dəfələrlə keçirilən əsgəri döyüş atışları və məşğələlər Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətini bu cür məsulliyyətli tapşırıqların icrasında müntəzir dayanmağa sövq edib. Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən təlimdə 5 minə yaxın şəxsi heyət iştirak edirdi. 200-dən artıq tank və digər zirehli texnikanın, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusunun, yaylım atəşli reaktiv sistemləri və minaatanların, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələrinin, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 300-ə yaxın avtomobil texnikasının təlimə cəlb edilməsi də çox mətləblərdən xəbər verir...
Təbii ki, söhbət təkcə sadalanan ən müasir silah və texnikaların Naxçıvan ordusunun arsenalında cəmləşməsindən getmir. Ən önəmli cəhət odur ki, ötən bu illər ərzində Ali Məclis Sədrinin gündəlik diqqət və tələbkarlığı, birbaşa tapşırıq və tövsiyələri ilə ən müasir hərbi texnikaları, döyüş maşınlarını və hərbi aviasiya vasitələrini idarə edən, onları döyüşə hazırlayan personal, peşəkar zabit-gizirlər hazırlanıb. Ona görə də Naxçıvanda keçirilən bütün taktiki və döyüş əməliyyatlarının icrası ilə müşayiət edilən təlimlər uğurla başa çatır. Bu təlimlərin nəticəsini isə biz real müharibə və döyüş şəraitində də əyani görürük. Necə ki bir il bundan əvvəl Əlahiddə Ümumqoşun Ordu uğurla hazırlanmış əməliyyat planını peşəkarlıqla icra edərək Şərur rayonunun 1992-ci ildən işğal altına düşən Günnüt kəndini və ümumilikdə, 11 min hektar ərazini nəzarətə götürdü və Şərur-Sədərək istiqamətindəki birinci eşalon bölmələrində öz mövqelərini xeyli möhkəmləndirdi.
Əldə edilən bu mühüm hərbi nəticələrdən yola çıxaraq deyə bilərik ki, heç şübhəsiz, bu dəfə keçirilən təlimlərin də real nəticələrini biz qarşıdakı dönəmlərdə görəcəyik. Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın təbirincə desək: “Regional təhdidlərin artdığı bir dövrdə ölkələrimizin və xalqlarımızın təhlükəsizliyini təmin etməyin yolu güclü və mübariz orduya sahib olmaqdan keçir. Güclü ordu üçünsə müasir silah və texnika, həmçinin peşəkar hərbçilər lazımdır. Peşəkar hərbçilərin yetişdirilməsinin ən optimal yolu təlimlərin keçirilməsidir. Təlimlərdə əsgər və zabitlərin ərazi və hava şərtləri ilə tanış olması döyüşə hazırlıq baxımından çox əhəmiyyətlidir. Çünki şəxsi heyət döyüş həmlələrini təlimlərdə öyrənir. Xüsusilə müştərək və birləşmiş təlimlər bir-birimizi tanımamıza, çiyin-çiyinə mübarizə aparmağımıza böyük dəstək verir. Dostluq və birgə əməkdaşlıq çərçivəsində icra etdiyimiz “Sarsılmaz qardaşlıq – 2019” təliminin layiqli şəkildə məqsədinə çatdığının və böyük müvəffəqiyyətlə yerinə yetirildiyinin şahidi olduq. İki dövlətin bir millət, bir ordu olduğunda nələr edə biləcəyinə bu təlim bir nümunədir. Mustafa Kamal Atatürkün də dediyi kimi: “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir”. Qardaş ölkə Azərbaycan və Türkiyə hər cür təhdid və təhlükəyə qarşı kədərdə və sevincdə bərabərdir”.
“Ordunun gücünü və döyüş qabiliyyətini yalnız maddi-texniki baza və silah təminatı deyil, həm də şəxsi heyətin vətənpərvərliyi və birliyi artırır. O ordu güclüdür ki, onun əsgər və zabitlərində vətənpərvərlik və birlik olsun. Keçirilən təlimdən çıxan nəticə də ondan ibarətdir ki, bir millətin, iki dövlətin silahlı qüvvələrində yüksək vətənpərvərlik və birlik vardır”, – deyən Ali Məclisin Sədri cənab Vasif Talıbov hərbi təlimin uğurla başa çatması münasibətilə şəxsi heyətləri təbrik etdi, hərbi təlimin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirdi.
Qısaca demək olar ki, hazırlanmış ssenariyə uyğun Türkiyə Respublikası Silahlı Qüvvələrinin təlimə cəlb olunan heyəti ilə Naxçıvan Qarnizonu Qoşunlarının şəxsi heyəti arasında bölmələrin birgə idarə edilməsində vahid prosedurların tətbiqinə nail olundu və hədəflərin 85, maketlərin 90 faizindən çoxu məhv edildi. Nəticədə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırdılar və yenə də əsgərlərimiz “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarının sədaları altında birlik və qardaşlıq mesajı verdilər.
Bu günlər Naxçıvanda təşkil edilən bu cür mötəbər tədbirlər bir daha təsdiq etdi ki, qədim diyarın quruculuq və inkişafında hərbi quruculuq da müstəsna yer tutur. Məhz Hulusi Akarın iştirakı ilə Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binasının, hərbçi ailələri və sakinlər üçün yeni istirahət parkının istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən ardıcıl və sistemli tədbirlərin nəticəsi idi.
Təlimin və keçirilən açılış tədbirlərinin ümumi nəticəsini isə belə səciyyələndirmək olar:
Birincisi, blokada şəraitində yaşayan Naxçıvan 90-cı illərin Naxçıvanı deyil. İndi modern və güclüdür. Həm iqtisadiyyatı, həm də ordusu ilə;
İkincisi, Xalq-Dövlət-Ordu birliyinin ən real nümunəsini bu diyarın timsalında aydın görmək olar: Hamı bir nəfər, bir nəfər hamı üçündür;
Üçüncüsü, peşəkarlıq və ondan da vacib olan vətənpərvərlik ruhu ordumuzun şəxsi heyətində vardır;
Dördüncüsü, Azərbaycan-Türkiyə dostluq və qardaşlığının sərhədi yoxdur! Anca bərabərik, qanca da həmişə bərabər olacağıq! Bu təlim dostlarımıza sevgimiz, düşmənlərimizə ortaq mesajımızdır.
Beşinci məqamı, elə yazını da Xalq şairimiz Bəxtiyar Vahabzadə tamamlasın:
Ana yurdda yuva qurdum
Ata yurda könül verdim
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə!!!
P.S. Yeri gəlmişkən, Türkiyə Milli Müdafiə nazirinin Naxçıvana səfərinə və burada keçirilən “Sarsılmaz qardaşlıq – 2019” təliminə Azərbaycan, eləcə də Türkiyə və bir sıra dünya ölkələrinin mediası geniş yer verib. Təlimlərin uğurla başa çatdığı qeyd olunub, Naxçıvan televiziyasının təlimlərdən hazırladığı videomateriallar sosial şəbəkələrdə geniş paylaşılıb.
Sahil Tahirli
jurnalist
“Nuhçıxan” İnformasiya Agentliyi
12 iyun 2019-cu il