23 Dekabr 2024, Bazar ertəsi

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin tənzimlənməsi, ölkədə tolerantlıq mühitinin formalaşdırılması və milli-mənəvi dəyərlərə qayğı siyasətinin nəticəsidir ki, bu gün respublikamızda cəmiyyətin dini-mənəvi ehtiyaclarına diqqət və qayğı ilə yanaşılır. Ümummilli liderimiz həmişə dövlət-din münasibətlərinin tarixi-milli ənənəyə və müasir hüquqi prinsiplərə uyğun olaraq tənzimlənməsinə, cəmiyyətdə vicdan azadlığının maneəsiz təminatına, dini-mənəvi, əxlaqi-etik dəyərlərin təbliğ və təşviq edilməsinə böyük əhəmiyyət verib. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ulu öndərimizin bu sahədəki fəaliyyətini uğurla davam etdirir. Bu səbəbdəndir ki, Azərbaycan dünyada tolerantlıq məkanı kimi böyük nüfuz qazanıb.

Muxtar respublikada da mənəvi dəyərlərimiz qorunur, dini bayramlar yüksək səviyyədə qeyd edilir, ziyarətgahlar, məscidlər, məbədlər təmir və ya bərpa olunaraq dindarların istifadəsinə verilir.
Bu və digər məsələlərlə bağlı daha ətraflı məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agent­liyinin qeydiyyat və maarifləndirmə sektorunun aparıcı məsləhətçisi Müseyib Əlizadə ilə həmsöhbət olduq.
Müsahibim bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 28 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası Nümayəndəliyinin bazasında Dini Qurumlarla İş üzrə İdarə yaradılıb, Ali Məclis Sədrinin 2017-ci il 18 dekabr tarixli Fərmanı ilə idarənin əsasında Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi, 2017-ci il 28 dekabr tarixdə isə agentliyin tabeliyində Mənəvi dəyərlər fondu yaradılıb. Ötən dövr ərzində bu dövlət qurumu böyük inkişaf yolu keçib.

Müseyib Əlizadənin sözlərinə görə, muxtar respublika ərazisində 211 məscid fəaliyyət göstərir və bu sahəyə dövlət qayğısının ifadəsidir ki, həmin məscidlər və dini abidələr bərpa olunub. Muxtar respublikamızda milli-dini ənənələri yaşatmaq, dini maarifləndirmə işini gücləndirmək, dini abidə və ziyarətgahları qorumaq və onlardan düzgün istifadə etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura yaradılıb. Şura tərəfindən dini bayramlar, ayinlər və yas mərasimlərinin milli-mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi məqsədilə tədbirlər görülür. Bununla yanaşı, Naxçıvan şəhərində və rayonlarda cənazələrin təmənnasız daşınması məqsədilə xüsusi cənazə avtomobilləri alınaraq istifadəyə verilib, qəbir yerlərinin və qəbirüstü abadlaşma tədbirlərinin qəbul olunmuş qaydalar daxilində həyata keçirilməsi təmin edilib. Muxtar respublika ərazisində qəbiristanlıqların yaşıllaşdırılması və təmizliyi diqqətdə saxlanılır, dindarlar və yerli inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən iməciliklər keçirilir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli qərarına əsasən qəbirüstü məzarların vahid və standart formada olması təsdiq edilib.
Müsahibim diqqətə çatdırdı ki, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də icmaların fəaliyyətlərinə ciddi nəzarətin təşkil olunması məqsədilə hər ay Naxçıvan şəhərindəki Sarvanlar məscidində 15 icma rəhbərinin iştirakı ilə iclaslar təşkil olunur. Agentlik, həmçinin vaxtaşırı rayon və kənd məscidlərində olaraq oradakı dini durumu yaxından öyrənir, yas mərasimlərinin keçirilməsi, burada çıxış və təbliğatların aparılmasının qanuni çərçivəyə salınması, din xadimlərinin vahid geyim formasına riayət etmələrinə nəzarətin təşkili, dini və məzhəb ayrı-seçkiliyi zəminində baş verə biləcək halların vaxtında qarşısının alınması istiqamətində profilaktik tədbirlər həyata keçirir. Rayon və kəndlərdə fəaliyyət göstərən məscidlərin də təmizliyinə ciddi diqqət göstərilir, məscidlərdə İslam dininin əsaslarına uyğun olaraq ibadətlər təşkil olunur. Bunun nəticəsi kimi diyarımızda tolerantlıq prinsipləri ciddi şəkildə qorunur. Artıq məscidlərdə birgə ibadət təmin olunub, radikal və dini nifrət yayan cərəyanların yaranmasına qarşı müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə bölgələrdə maarifləndirmə iclasları təşkil edilib.
Müsahibimin dediyinə görə, Naxçıvanda ali dini təhsilli kadrların hazırlanması istiqamətində də ciddi addımlar atılır. 2015-ci ildən etibarən “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisası fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın icrası ilə bağlı Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş Ərəb dili və “Naxçıvan” Universitetinin Dinşünaslıq ixtisaslarında təhsil alan tələbələrlə görüşlər keçirilir. Agentlik tərəfindən Dinşünaslıq ixtisası üçün yaradılmış kitabxanaya 925-dən artıq dini təyinatlı ədəbiyyatlar verilib. Bununla yanaşı, dini fəaliyyətlə məşğul olanların biliklərinin artırılması da diqqətdə saxlanılır. Belə ki, agentlik Qazı yanında Şura ilə birlikdə dinin düzgün təbliğinə xüsusi diqqət yetirilməsi, din xadimlərinin biliklərinin artırılması, həmçinin dini təhsil almaq istəyən sakinlər üçün müvafiq məscidlərdə qadın və kişilərdən ibarət təkmilləşdirmə kursları təşkil olunub. İl ərzində 192 nəfər təkmilləşdirmə kurslarında iştirak edib və hazırda 135 nəfər kurslarda təhsil alır.
Dini Qurumlarla İş üzrə Dövlət Agent­liyinin əməkdaşı onu da qeyd etdi ki, 2018-ci ilin mart ayından etibarən agentliyin tabeliyində olan Mənəvi dəyərlər fondunun vəsaiti hesabına attestasiyadan keçmiş imamlar, imam naibləri və mütəvəlliyə aylıq maddi yardım ödənilib.
Artıq Ramazan ayı başa çatmaq üzrədir. Hər il olduğu kimi, bu il də mayın 21-də Naxçıvan şəhərində iftar süfrələri açılmışdır. Bu da muxtar respublikamızda Ramazan ayı, orucluq mərasimlərinin mənəvi dəyərlərimizə uyğun keçirilməsinin göstəricisidir.
Agentlik də İslam dinində müqəddəs sayılan bu ay üçün üzərinə düşən vəzifələri layiqincə icra etməyə çalışır. Belə ki, qurumun təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Kazım Qara­bəkir Paşa məscidində təravih namazları qılınır. Məscidlərdə bu aya məxsus əhya gecələrinin saxlanması, Ramazan bayramı münasibətilə bayram namazının qılınması və şirniyyatların paylanması da agentlik tərəfindən təşkil ediləcəkdir.
Bu gün Naxçıvanda bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində də formalaşdırılmış model özünəməxsusluğu ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında” 2019-cu il 24 may tarixli ­Sərəncamı dini dəyərlərə yüksək ehtiramın təzahürü olmaqla, muxtar respublikada da bu dəyərlərin daha geniş təbliğinə, mənəvi zənginləşməyə öz töhfəsini verəcək. Zaman keçdikcə ulu öndərimizin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, müdrik tövsiyələrin yeri və rolu istər ölkəmizdə, istərsə də muxtar respublikamızda daha aydın görünür.

 Pərviz HACILI

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR