Ukraynanın “Kanal-5” televiziyası Naxçıvanla bağlı çəkilmiş verilişin ikinci hissəsini də efirdə yayımlayıb. Ukrayna dilində təqdim edilən videomaterialda Naxçıvan şəhərinin yaxınlığından keçən Araz çayı, qədim diyardakı tarixi abidələr, mədəniyyət və səhiyyə müəssisələri, həmçinin muxtar respublikanın iqtisadi potensialı barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, Duzdağ Fizioterapiya Mərkəzində təkcə yerli sakinlər deyil, həmçinin əcnəbi ölkələrdən gələn insanlar da müalicə olunurlar. Burada yaradılan infrastruktur haqqında ukraynalı tamaşaçılar geniş informasiya əldə ediblər. Aparıcı Qarabağlar türbəsinin memarlıq üslubu, burada saxlanılan əşyalar haqqında ətraflı məlumat verib, xalqımızın zəngin mədəni irsindən söhbət açıb.
Verilişdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində 5 minillik şəhərsalma mədəniyyəti, Naxçıvanın tarixi haqqında tarixçi-alim Vəli Baxşəliyevlə müsahibə təqdim edilib. Naxçıvan Biznes Mərkəzində isə muxtar respublikada istehsal edilən keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsullar, sənaye və kənd təsərrüfatı sahəsində qazanılan uğurlar diqqətə çatdırılıb. Aparıcı Nadya Bazivin müğənni Vəli Səfərovla birlikdə ifa etdikləri “Naxçıvan” mahnısı da televiziya tamaşaçılarına təqdim olunub. Sonda isə verilişin aparıcısının Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində qonaq olduğu “Gün aydın” verilişindən bir hissə təqdim edilib. Müəllif televiziyanın texniki imkanları və əməkdaşların peşəkarlığını xüsusi olaraq vurğulayıb.
“Nuhçıxan” İnformasiya Agentliyi