23 Dekabr 2024, Bazar ertəsi

(esse) 

Şair-publisist İbrahim Yusifoğlunun böyük qürur hissi ilə qələmə aldığı bu sətirlər hər birimizin ürəyindən soraq verir:

Salam, Oğuz eli, Vətən torpağı,
Salam, Dədə Qorqud gəzən Günnütüm.
Salam, Naxçıvanın əzəl torpağı,
Salam, Xan çinarın solmaz yarpağı,
Ən uca zirvəndə Vətən bayrağı –
Düşməni köksündən əzən Günnütüm,
Qeyrəti dillərdə gəzən Günnütüm.

Artıq sənin düşmən tapdağından azad olunmağının bir yaşıdır, qəhrəmanlar yurdu, qədim Naxçıvanımın bir parçası, tariximizin şanlı səhifələrindən birinin yazıldığı Günnütüm! Bu, həmin gündür – sənin yenidən dünyaya gəldiyin gün... Qeyrətli oğullarının qazandığı zəfərlə illərin həsrətinin sonlandığı gün...

Xalqımızın bir an belə, düşünmədən candan öncə Vətən, – deyən oğullarının sayəsində səni yenidən görmək, cənnət ətirli havanı hiss etmək qismət oldu bizə. Doğma yurdumuzda qələbə sevinci yaşandı. Üfüqlərdə aylı-ulduzlu bayrağımız dalğalandı. İllərdir, imdad diləyən torpağına, yollarda qalan gözlərinə can qurban, – deyən igid oğulların sayəsində azad oldun. ­Tarixboyu qəhrəman bir yer kimi tanınan Naxçıvan həmin gün də zəfər tarixi yazdı. Günnüt zəfəri dünyaya səs saldı.
Əsrin dörddəbiri qədər ayrı qalsaq da, sən yenidən əsl sahibinə – öz anana, Azərbaycanına qovuşdun. İllər sonra səni görmək, müqəddəs torpağına qədəm qoymaq qismət oldu həsrətini çəkənlərə. Bu illər bir sınaq idi bəlkə də! Sən xalqımızın gələcək gözəl günlərinin müjdəçisi, Şuşada, Laçında qurulacaq toy-büsatımızın növbəti xəbərçisinə çevrildin.
Sənin zəfərin Aprel döyüşlərinin ikinci ilində qazandığımız daha bir parlaq qələbə oldu. Sən Azərbaycanın bir qaranlıq yaz gecəsinin nurlu sabahı, igid oğulların Günəş kimi parlayan qəhrəmanlığının şəfəqləri, varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə də ən gözəl hədiyyəsi, ən qiymətli muxtariyyət töhfəsisən!
Deyirlər ki, doğma el-obanın intizarı təkcə insanları göynətmir, sakinlərinin nəvazişinə, nəfəsinə həsrət qalmış ağacı, gülü-çiçəyi də qurudur. Torpaqlarımız işğala məruz qalandan, camaatımız ata-baba yurd yerlərindən didərgin düşəndən dağlarında, düzlərində bitən güllər, ağaclar insanların getdikləri səmtə boylana-boylana qalmışdı. Onlar da doğmalarını axtarır, mehriban hənirtisini gözləyirdilər. Həsrət idik qoynunda açan lalələrin gözəlliyini seyr etməyə. Artıq torpağın, daşın da sevincdən çiçək açıb.
Torpağını ovuclayıb doyunca iylədim. Əsirlik dövrü keçdi, gözəl yurdumun bir parçası. Bu gün torpağın üzərində Azərbaycan əsgəri addımlayır. Qızılqaya zirvəsində dalğalanan üçrəngli bayraq, keşiyini çəkən mərd oğulların düşmənin qorxulu röyasına çevrilib.
Neçə sevgiləri, neçə toyları, neçə sevincləri yarımçıq qoyur müharibələr. Ancaq müharibələrin sonunda qələbə olanda insanları o qədər yandırmır. Çünki bilirlər ki, o qanlar, o canlar hədər yerə qurban getməyiblər. 2-5 aprel,18-27 may döyüşlərində həlak olan qəhrəman oğullarımız dünyaya səs saldı. Azərbaycan əsgərlərinin qəhrəmanlığından dünya danışdı.
Düşmənlərimiz gec də olsa, anlayırlar ki, Azərbaycan əsgəri zəfər yürüşünü torpaqlarımız azad olana kimi davam etdirəcək. Düşmən öz qanında boğulacaq, igidlərimiz səni azad etdiyi kimi, işğal altında olan kəndlərimizi, rayonlarımızı, gözəllər gözəli Qarabağımızı geri alacaq. Və düşmən bir daha görəcək ki, hər addımı şəhid qanı ilə sulanan bu torpağın bir qarışı belə, güzəştə gedilmədi... Bu gün Qızılqayada dalğalanan bayraq sabah da Xankəndində, Şuşada dalğalanacaq. Nə qədər ki əzəli-əbədi torpaqlarımız düşmən işğalı altındadır, Azərbaycan əsgəri silahını yerə qoymayacaq! Hər evimiz səngər, hər vətəndaşımız əsgər olacaq. Qoynundan illərdir, uzaq düşən insanların ata-baba torpaqları əsl sahiblərinə qaytarılacaq.
Azərbaycan əsgərinin dilində Vətən nəğməsi, könlündə Qarabağ yanğısı, ürəyində düşmənə nifrət hissiylə döyüşə atılacağı, Şuşanın, Laçının, Ağdamın azad ediləcəyi, müqəddəs torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanacağı gün uzaqda deyil.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR