23 Dekabr 2024, Bazar ertəsi

Müqəddəs Ramazan ayı Allahı dərk etmək, ruhən təmizlənmək və Ulu Yaradana yaxınlaşmaq ayıdır. “On bir ayın sultanı” da adlandırılan bu ayda müsəlmanlar Uca Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olunduğu Ramazan ayı insanlar arasında birliyin, bərabərliyin, xeyirxahlıq və şəfqətin, ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir. Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”.

Ramazan bayramı hicrətin ikinci ilindən etibarən qeyd edilməkdədir. Bu bayram hicri-qəməri təqviminin doqquzuncu – Ramazan ayının ardınca şəvval ayının ilk üç günü boyunca qeyd olunur. Müsəlmanlar oruc ibadətlərini bitirdikdən sonra bir yerə yığılır, bayram namazı qılırlar. Bayramın fəzilətlərindən biri müsəlmanların bir-birini ziyarət etməsi, qohum-əqrəbalarla görüşməsi, əgər arada inciklik varsa, bu incikliyin aradan qaldırılmasıdır.

Bayram günləri oruc tutmaq günahdır. Bayram namazı oruc halında qılınmaz. Müsəlman bayram namazından öncə mütləq yemək yeməlidir.
Bu müqəddəs bayram bütün ­İslam aləminin həmrəylik və qardaşlıq timsalına çevrilib. Bayram günlərində insanlar arasında Allaha inam, Vətənə, torpağa, xalqa bağlılıq hissindən doğan bir nikbinlik əhval­-ruhiyyəsi yaşanır.
Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Ramazan bayramı dövlət səviyyəsində qeyd olunmağa başlanılıb. Ümummilli ­liderimizin bu istiqamətdə müəyyənləşdirdiyi siyasət indi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkə başçısının Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrikində də qeyd edildiyi kimi, Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini verib, böyük alimlər və mütəfəkkirlər yetişdirib. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər ölkəmizdə tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynayıb.
Təbrikdə bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayının dünya müsəlmanlarının ən əziz ayı olduğu bildirilir. Vurğulanır ki, Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar.
Muxtar respublikamızda da milli­-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlarımız yüksək səviyyədə qeyd edilir, ziyarətgahlarımız, məscid­lərimiz təmir və ya bərpa olunur. Hər il Ramazan ayının fəzilətlərinin həyata keçirilməsi, iftar süfrələrinin açılması və bu bayramın həmrəyliklə qeyd edilməsi ənənə halını alıb. Mayın 21-də Naxçıvan şəhərində təşkil edilmiş iftar mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müqəddəs kitabımız olan “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayı insanların qəlbini nurlandıran, onları sülhə, həmrəyliyə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda xeyirxah əməllərin, mərhəmət duyğularının fərəhini, mənəvi­-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Mübarək Ramazan günlərində gözəl ənənəyə çevrilən iftar süfrəsinin təşkil edilməsi də cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir”.
Qeyd edək ki, bayramdan öncə imkanı olan hər bir müsəlmanın fitrə verməsi vacibdir. “Fitr” oruclu olmama halını ifadə edir. Ramazan ayı boyunca oructutan müsəlmanlar bu ay sona çatıb şəvval ayı girincə oruca son verirlər və bayram edirlər.
Fitr sədəqəsinin miqdarı bir nəfər üçün 5-10 manatdır. Fitrə zəkatı maddi vəziyyəti çətin olan adamlara (fəqirlərə) verilməlidir. Hər kəs öz kasıb qohumuna və ya qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır. Bununla bağlı “Qurani-Kərim”in “Tövbə” surəsinin 60-cı ayəsində bildirilir.
Qəlbləri ilahi hikmətlə nurlandıran Ramazan bayramı insanları sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır. Allah orucunuzu və dualarınızı qəbul etsin! Ramazan bayramınız mübarək olsun!

Vüqar BABAYEV
Naxçıvan Muxtar Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR