Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.
Universitetlə tanışlıq zamanı rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov rəhbərlik etdiyi ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib.
Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən görüşdə rektor ali təhsil ocağının beynəlxalq əlaqələrinin sürətlə genişləndiyini bildirib. Universitetdə hazırda 500-ə yaxın xarici tələbənin təhsil aldığı vurğulanıb. Qeyd edilib ki, universitet müxtəlif ölkələrin ali təhsil ocaqları ilə tələbə və müəllim mübadiləsini həyata keçirir.
Səfir Azərbaycan və Hindistan arasında rəsmi əlaqələrin yüksək səviyyədə olduğunu və münasibətlərin təhsil sahəsində də gücləndirilməsinin vacibliyini qeyd edib. Diplomat universitetdə hər bir fakültə üçün ayrıca tədris korpusunun olmasını heyranlıqla qarşılayıb.
Görüşdə təhsil sahəsində ölkələrarası əlaqələrin inkişafı üçün gələcək perspektivlər müzakirə olunub. Sonda tələbələrin sualları cavablandırılıb.
Səadət ƏLİYEVA