Mayın 30-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqədar “Naxçıvan qadınlarının sahibkarlıq fəaliyyəti: əzmkarlıqdan nailiyyətə” mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında vurğulayıb ki, yaradılan şərait nəticəsində bu gün muxtar respublikada fəal əməklə məşğul olan və iqtisadiyyatın müxtəlif sahələrində işləyən əhalinin 33 faizini qadınlar təşkil edir.
Qeyd olunub ki, muxtar respublikada qadınların ilkin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində keçirilən çoxsaylı tədbirlərin nəticəsində hazırda muxtar respublikada, ümumilikdə, 5527 qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bu gün qadınların, xüsusən aztəminatlı, sağlamlıq imkanları məhdud qadınların da sahibkarlıq fəaliyyətinə təşviq edilməsi üçün muxtar respublikada müxtəlif beynəlxalq layihələr həyata keçirilir. Növbəti layihə çərçivəsində yaradıcılığa və ya istehsala meyilli 250-dən çox sahibkar qadın keçirilən təlimlərə cəlb olunub.
Komitə sədri bildirib ki, ailə təsərrüfatlarının inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində hazırda 1022 ailə təsərrüfatı başçısından 177-si qadındır.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında qadınlarımızın iqtisadi hüquqlarının daha da güclənməsinə mühüm töhfə olan bugünkü konfransın keçirilməsinə yaratdığı şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib. O vurğulayıb ki, Azərbaycanda siyasi, iqtisadi, sosial-mədəni və humanitar sahələrdə görülən işlər Naxçıvan Muxtar Respublikasında da öz əksini tapmaqdadır. Əldə edilən nailiyyətlər isə, hər şeydən əvvəl, sakinlərin rifahının yaxşılaşdırılmasına xidmət edir.
Hicran Hüseynova deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı nəticəsində muxtar respublikada hər bir vətəndaşın sosial müdafiəsi güclənib və onlar üçün bərabər şərait yaradılıb.
Vurğulanıb ki, bu gün Naxçıvan qadınlarının sosial və iqtisadi həyatda çox aktiv iştirak etməsi bizi sevindirir. Xüsusilə də aztəminatlı və sağlamlıq imkanları məhdud ailələrin üzvü olan qadınlar arasında özünüməşğulluğun təmin edilməsi sahəsində görülən işlər təqdirəlayiqdir.
Komitə sədri qeyd edib ki, ölkə üzrə fərdi sahibkarlığın artan dinamikasını muxtar respublikada da görürük. Naxçıvanda işgüzar, aktiv qadınların sayı ildən-ilə artır. Onlar gələcəkdə daha böyük uğurlara nail olacaqlar.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti qadınların cəmiyyətdəki statusunun və rolunun yüksəldilməsi ilə nəticələnib. Bu siyasət muxtar respublikada da uğurla davam etdirilir. Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada qadınların fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Diqqətə çatdırılıb ki, müasirləşən və inkişaf edən muxtar respublikamızda qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunması iqtisadiyyatın və sahibkarlığın da inkişafına təkan verir. Qadınlara hüquqi, texniki və maliyyə yardımlarının göstərilməsi, güzəştli kreditlərin verilməsi istiqamətində mühüm addımlar atılır, əlverişli hüquqi baza qurulur. Nəticə etibarilə, qadınların iqtisadi təşəbbüskarlığının artması, mikro, kiçik və orta biznesdə geniş təmsil olunması məşğulluğun təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Qadın sahibkarlığın inkişafı, bunun üçün stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması Naxçıvanda qadınların öz potensiallarının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
Bildirilib ki, bu gün ölkəmizdə formalaşan müasir ailə institutu milli dəyərlər sisteminin daşıyıcısı kimi cəmiyyətin inkişafında da əvəzsiz rol oynayır. Ailə biznesinin bir forması olan ailə təsərrüfatlarının yaradılması yeni dövrün iqtisadi mexanizmi kimi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Naxçıvanda hər il ənənə halını almış “Ailə təsərrüfatı məhsulları” festivalının keçirilməsi, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi ailələrin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən, özünüməşğulluğun və sahibkarlığın inkişafına yönəlmiş mühüm addımlardan biridir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid bildirib ki, “Ailə təsərrüfatları ili”ndə həyata keçirilən tədbirlər muxtar respublikamızda ailə biznesinin inkişafına, qadınların iqtisadi potensialının artmasına, diyarımızın gələcək iqtisadi tərəqqisinə öz töhfəsini verəcəkdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova, “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mehrəngiz Əkbərova, ailə təsərrüfatçısı Sürəyya Quliyeva çıxış ediblər.
Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovaya ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsindəki fəaliyyətinə görə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xatirə medalı təqdim olunub. Muxtar respublikanın bir qrup fəal qadın sahibkarına isə komitənin diplomları təqdim edilib.
Naxçıvan televiziyasının hazırladığı “Dünənimizdən bu günə: iqtisadiyyatımız və qadınlar” mövzusunda filmin nümayişindən sonra tədbir iştirakçıları Naxçıvan Biznes Mərkəzində yerli istehsal məhsullarının sərgisi ilə tanış olublar.
Rauf KƏNGƏRLİ