Ağaclara balta vurularsa...
Həmişə insan hisslərinin paklığı təbiətin gözəlliyinə, bulaq saflığına bənzədilib. Təbiətə bağlılıq daim ucalıq sayılıb. Əgər biz saf havanı, əsrarəngiz təbiəti bilə-bilə korlayırıqsa, qollu-budaqlı ağacların ömrünə balta çalırıqsa, deməli, özümüzə qənim kəsilirik: hava korlanır, təbiət çılpaqlaşır, mühafizə rolunu oynayan yaşıllıqlar seyrəldikcə torpağı da yaman günə qoyur. Təbiətin yaratdığı gözəlliyi insan yarada bilmir. Amma onu qoruyub mühafizə edəndə, yaşıllıq zolaqlarını genişləndirəndə təbiət daha da zənginləşir. Heç təsadüfi deyildir ki, həmişə “Təbiət anadır, onu qoruyaq!” – sözləri bir deviz kimi səslənir. Axı bütün dəyərlərin indi qiymətdən düşdüyü bir vaxtda təbiətə amansız hücum edilməsi gələcək nəsillər üçün sağalmaz izlər qoyur. Heç uzağa getməyək. Doğma Naxçıvanımızda bu sahədə görülən yarıtmaz işlərin bəzilərinə nəzər salaq.
Muxtar respublikamızın paytaxtı Naxçıvan şəhəri yaşıllıq və gözəllik sarıdan yaman kasıblayıb. İndi ümumi evlərin həyətlərində tüstülənən ocaqlarda yığılmış beş-altı quru budağın oduna qollu-budaqlı ağaclar da yanır. Elektrik enerjisi qıtlığı, qazın olmaması, adicə neftin tapılmaması adamları çox çətin vəziyyətə salmışdır. Elə buna görə də bağ və parklarda, prospekt və küçələrdə, meydanlarda gövdəli ağacların indi kötükləri cərgələnir. Adam ehtiyac içərisində qalanları da bəzən qınamır. Axı körpə uşaq ağlaya-ağlaya iki ayağını bir başmağa dirəyib bir stəkan çay tələb edəndə yazıq valideyn əlacsız qalır. O da ocaq yandırmaq üçün əl atır ağacları kəsməyə. Bunlar olsaydı, dərd yarı idi. Ancaq ən ağırı odur ki, şəhərin başçılarının razılığı ilə neçə-neçə komissiyon, kooperativ mağazalar düzəldənlər bağ və parklarda tikinti meydanı üçün ağacları, bəzək kollarını kütləvi surətdə kəsib-doğrayırlar. Şəhər kinoteatrının arxa tərəfindəki bağçada, Böyük bağda, dəmiryol vağzalına gedən yolun kənarlarında onlarla ağac kəsilib. Yalnız dəmir köşklər qoymaq, beton bloklardan, mişar və çay daşlarından dükancıqlar tikmək üçün. Bunlara dözmək olmaz. Qəribə burasıdır ki, özü, dədə-babası, hətta tayfası şəhərdə bir ağac, bir kol əkməyənlər indi öz qolbəyləri vasitəsilə şəhərə cavabdeh olanların, inzibati orqan işçilərinin gözü qarşısında özbaşınalıq edərək ağacları sıradan çıxarırlar. Qəribə burasıdır ki, belə yaramaz əməllərlə məşğul olanlara “Gözün üstə qaşın var”, – deyən yoxdur. Hər rayonda iki-üç təbiəti mühafizə işçisi var ki, onların da yazdıqları aktlara baxan yoxdur. Mühafizə işçiləri təbiətin qəsdinə duranları cərimə etməklə öz işlərini bitmiş hesab edirlər.
“Şərq qapısı”
1992-ci il
Uğurlu ekoloji siyasətin əsasını insan amili təşkil edir
Bu sətirlər qələmə alındığı illərdə sərhədlərimizdə döyüş gedirdi, hər yerdən ümidi üzülən əhali günün çoxunu neft, daş kömür növbələrində keçirirdi. Elə bil təbiət də öz şıltaqlığını həmin qışa saxlamışdı. 90-cı illərin sərt qışı qazı, elektriki kəsilən sakinləri bağlara, bağçalara üz tutub ağaclara balta vurmağa məcbur edirdi, – desək, yanılmarıq. Elə bir vaxtda bütün naxçıvanlıların ümidi gəlişi ilə ömrümüzün hər gününə Günəş kimi həm aydınlıq, həm də hərarət gətirən xalqının mərd, vətənsevər oğlu dahi rəhbər Heydər Əliyev idi.
Bəli, naxçıvanlılar ulu öndərə o qədər inanırdılar ki, qaldırdıqları hər bir problem kimi, bu da yaxın zamanda həll olunacaq. Ümummilli lider Heydər Əliyev yaşıllıqların qorunmasından danışarkən deyirdi: “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir”. Bu müdrik tövsiyələr təbiətə, o cümlədən meşələrə qayğının bir nümunəsi kimi çox ibrətamizdir. Dahi rəhbər yaşıllıqların salınmasına, ağacların qorunmasına xüsusi diqqət yetirib, özü ağac əkilməsində iştirak etməklə hər kəsə nümunə göstərib.