Avqustun 16-da Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində muxtar respublikada əhalinin siyahıyaalınması üzrə görülmüş hazırlıq işləri və qarşıda duran vəzifələr barədə iclas keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini, əhalinin siyahıyaalınmasına yardım komissiyasının sədri Azər Zeynalov çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahələrdə qazanılan uğurlar əhalinin rifah halının, o cümlədən demoqrafik göstəricilərin yaxşılaşmasına mühüm təsir göstərməkdədir. Əhali haqqında demoqrafik, iqtisadi və sosial məzmunlu daha geniş məlumatların əldə edilməsi məqsədilə həyata keçirilən siyahıyaalma dövlətin milli statistikasının əsasını təşkil etməklə ən vacib məlumat mənbələrindən biri hesab edilir. Respublikada əhalinin növbəti dəfə siyahıyaalınması Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən 2019-cu il oktyabrın 1-dən 10-dək keçiriləcəkdir. Siyahıyaalma vahid prinsiplər və proqram əsasında bütün ərazidə, eyni zamanda adbaad, mərkəzləşdirilmiş qaydada sorğu yolu ilə aparılacaqdır.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıyaalınması üzrə hazırlıq işlərinin görülməsi, həyata keçirilməsi, bu sahədə müvafiq nazirlik, komitə, idarə və təşkilatların, şəhər və rayon icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək məqsədilə 2016-cı il 26 dekabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıyaalınmasına yardım komissiyasının yaradılması haqqında” Sərəncam imzalanmışdır. Müvafiq sərəncamın icrası istiqamətində Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıyaalınmasına yardım komissiyasının iş planı təsdiq edilmişdir. İş planında yerinə yetiriləcək işlər müəyyənləşdirilmiş, şəhər və rayon icra hakimiyyətlərində əhalinin siyahıyaalınmasına yardım komissiyaları yaradılmış, icraya məsul orqanlara konkret tapşırıqlar verilmiş, müvafiq tədbirlər həyata keçirilmişdir. Təqvim üzrə digər işlər hazırda davam etdirilir. Muxtar respublikada bu günədək siyahıyaalmanın mütəşəkkil təşkili üçün 42 adda müxtəlif materiallar, sorğu vərəqələri, sayıcı çantaları alınmış, şəhər və rayonlar üzrə ümumi bölgüsü aparılmışdır. Müəyyənləşdirilmiş say həcmində dəftərxana və digər yardımcı ləvazimatların alınması isə yaxın zamanda həyata keçiriləcəkdir. Naxçıvan Muxtar Respublikasında bu mühüm dövlət tədbirinin vaxtında, operativ və yüksək keyfiyyətlə həyata keçirilməsi qarşıda duran ən önəmli vəzifələrdən biridir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov çıxış edərək demişdir ki, mühüm dövlət tədbirinin əsas icraçısı kimi əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə olunmuşdur. Muxtar respublikanın şəhər və rayonlarında siyahıyaalma ilə əlaqədar hazırlıq işlərinin və nəzərdə tutulmuş digər tədbirlərin vaxtında yerinə yetirilməsi, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılması və onun mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə şəhər və rayon icra hakimiyyəti başçıları müavinlərinin sədrliyi ilə əhalinin siyahıyaalınmasına yardım komissiyaları yaradılmışdır. Bununla yanaşı, Dövlət Statistika Komitəsi tərəfindən əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsini, yekunlarının işlənilməsini təmin etmək məqsədilə siyahıyaalma qrupu yaradılmışdır. İş planına əsasən təqvim üzrə nəzərdə tutulan tədbirlər həyata keçirilmiş, o cümlədən muxtar respublikanın şəhər və rayonlarının yaşayış məntəqələri üzrə sxematik plan və xəritələrin hazırlanması təmin edilmiş, hər bir inzibati ərazi vahidi üzrə təşkilati planlar hazırlanmışdır. Təşkilati plana əsasən şəhər, qəsəbə və kənd yerləri üzrə siyahıyaalma məntəqələrinin, təlimatçı və sayıcı məntəqələrinin tərkibləri müəyyənləşdirilərək siyahıyaalmanın rayonlaşdırılması başa çatdırılmışdır. Mövcud qanunvericiliyə uyğun olaraq muxtar respublika üzrə 9 şəhər, 24 kənd siyahıyaalma məntəqəsi, 91 şəhər, 218 kənd təlimatçı məntəqəsi, 455 şəhər, 1088 kənd sayıcı məntəqəsi yaradılmışdır. Ötən dövrdə aidiyyəti strukturlarla birlikdə komissiyanın iş planında nəzərdə tutulmuş tədbirlərin təqvim üzrə həyata keçirilməsi təmin olunmuş və bu istiqamətdə işlər davam etdirilir.
Sonra şəhər və rayon icra hakimiyyətlərində yaradılmış əhalinin siyahıyaalınmasına yardım komissiyalarının sədrləri görülmüş işlər barədə məlumat vermişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini, əhalinin siyahıyaalınmasına yardım komissiyasının sədri Azər Zeynalov iş planına uyğun olaraq bundan sonra da qarşıda duran vəzifələri diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, 2019-cu il sentyabr ayının 1-dək Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi yerli icra hakimiyyəti orqanları ilə birlikdə rayon (şəhər) üzrə siyahıyaalma məntəqələrinin işinə cəlb ediləcək şəxslərin seçilməsini və müvafiq siyahıların yerli icra hakimiyyəti ilə razılaşdırılaraq təsdiq edilməsini təmin etməli, siyahıyaalma məntəqələrinin işinə cəlb ediləcək şəxslərlə mülki-hüquqi müqavilələr bağlamalıdır. Həmçinin sentyabr ayında Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi yerli icra hakimiyyəti orqanları ilə birlikdə əhalinin siyahıyaalınmasına cəlb edilmiş işçilərin təlimatlandırılması üçün təlimlər keçirməli, şəhər və rayon icra hakimiyyətləri əhalinin siyahıyaalınmasına hazırlıq, onun keçirilməsi və siyahıyaalma materiallarının qəbul edilib saxlanması üçün siyahıyaalma məntəqələrini telefon və digər zəruri avadanlıqla təchiz olunmuş binalarla təmin etməlidirlər. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, “Şərq qapısı” qəzetinin redaksiyası əhalini məlumatlandırmaq məqsədilə siyahıyaalmanın hazırlıq işlərinin gedişi, əhəmiyyəti və məqsədi barədə materiallar verməlidirlər. Bundan əlavə, siyahıyaalmaya çağırış üzrə təbliğat materialları Naxçıvan şəhərində, rayon və kənd mərkəzlərində əvvəlcədən müəyyənləşdirilmiş elan guşələrində yerləşdirilərək əhali məlumatlandırılmalıdır.
Azər Zeynalov qeyd etmişdir ki, 2019-cu ilin 1-10 oktyabr tarixlərində muxtar respublika üzrə əhalinin ümumi siyahıyaalınması həyata keçirildikdən sonra cari ilin sonunadək siyahıyaalmanın ilkin yekunları hesablanmalı və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə təhvil verilməlidir. İş planına uyğun olaraq növbəti ilin sonunadək siyahıyaalma materialları elektron məlumat sisteminə daxil edilməli və müxtəlif göstəricilər üzrə yekun nəticə hazırlanmalıdır.
Sonra iclas iştirakçıları əhalinin siyahıyaalınması ilə bağlı istifadə olunacaq ləvazimatlara baxmışlar.
“Şərq qapısı”