23 Dekabr 2024, Bazar ertəsi

Füzuli rayonunun ərazisi Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Əsası 1827-ci ildə qoyulan, ilkin adı Qarabulaq olan rayon böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılıb. Ərazisindəki Qaraköpəktəpədə, Qara­bulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə müxtəlif dövrlərdə tədqiqatlar aparılıb, Azərbaycan xalqının qədim köklərə sahib olduğu sübut edilib. 1968-ci ildə aşkar olunan Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 kilometr aralı məsafədə yerləşən Azıx mağarasında tapılıb. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə rayon ərazisində vaxtilə qədim Paleolit dövrünün mövcudluğunu aşkarlamaqdadır. Bununla yanaşı, Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri də var idi. Çox təəssüf ki, tarixi əhəmiyyət daşıyan bu abidələrimiz erməni vandalizminə məruz qalıb, məhv edilib, yandırılıb. İşğalçı ermənilər bununla Azərbaycan tarixini hər vasitə ilə saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışıblar. Zəbt edilmiş torpaqlarımızın hər daşının külə döndərilməsi, viran edilməsi erməni vandalizminin daha bir sübutudur.

Füzuli rayonunun ərazisi təbii sərvətləri ilə də seçilir, kənd təsərrüfatı üçün də olduqca yararlıdır.
Cəbrayıl rayonunun ərazisi isə 1050 kvadratkilometrdir. Erməni işğalı nəticəsində rayonda 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı düşmən tapdağı altında qalıb. Cəbrayıldan olan 60 mindən çox məcburi köçkün respublikamızın 58 rayonunda məskunlaşıb. İşğal olunmazdan əvvəl rayonda üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq inkişaf etdirilib. Bu rayonun ərazisi də tarixi-memarlıq və dini abidələrlə zəngindir. Onlardan XII əsrə aid məşhur Xudafərin körpülərini, Sultan Məcid hamamını, Diri dağındakı Qız qalasını, bölgə əhalisinin and yeri olan Hacı Qaraman ziyarətgahını qeyd etmək olar. Yeraltı sərvətlərə və ecazkar gözəlliyə malik Cəbrayıl rayonu təbii ehtiyatlar və faydalı qazıntılarla da zəngin bir ərazidir. Rayonun Dağtumas kəndində isə “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu. Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi-memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.
Heç şübhəsiz ki, hər iki rayonun işğal edilməsi ermənilər üçün böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ilin avqustunda cəbhənin bütün istiqamətlərində əks-hücuma keçən düşmənlər Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizədən yararlanıb ilk olaraq Füzuli şəhərini işğal etdilər. Bundan sonra düşmən qüvvələri bir neçə istiqamətdə Arazboyu yaşayış məntəqələrinə doğru irəlilədilər. Məqsəd regionda strateji cəhətdən ən əhəmiyyətli, regional kommunikasiyaların kəsişdiyi Horadiz qəsəbəsinin ələ keçirilməsi idi. Horadizin işğalı ilə, eləcə də Əhmədbəyli kəndi istiqamətində “Dörd yol” deyilən əraziyə çıxmaqla düşmən o zaman işğal olunmamış Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını faktiki olaraq blokadaya salırdı. Horadiz qəsəbəsinin müdafiəsini Sərhəd Qoşunlarının burada yerləşən komendantlığı təşkil etmişdi. Bir neçə gün ərzində gedən gərgin döyüşlərdən sonra qüvvələrin qeyri-bərabər olması səbəbindən sərhəd zastavası mövqelərini tərk edərək geri çəkilir. Ermənilər Horadiz qəsəbəsini və İranla sərhəddə yerləşən su anbarı üzərindəki körpünü tutur. Qəsəbədəki bütün inzibati və yaşayış binaları, neft bazası, dəmir yolu vağzalı yandırılır və qeyd etdiyimiz kimi, Horadizin işğalı ilə digər rayonlar faktiki olaraq blokadaya düşür. Araz boyunca Beyləqana doğru irəliləyən düşmən qüvvələri Arayatlı, Babı, Əhmədalılar, Kərimbəyli, Araz Yağlıvənd kəndlərini işğal edirlər. 1993-cü il noyabrın 7-də ermənilər 400 nəfər canlı qüvvə, 30-a yaxın tank və zirehli transportyorun iştirakı ilə rayonun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndinə hücuma keçir. Kəndin bir hissəsini işğal edən düşmən qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin ciddi müqaviməti ilə qarşılaşır. Bu kənddə yerləşən sərhəd zastavasının 30 nəfər şəxsi heyəti böyük qəhrəmanlıq və şücaətlə 2 gün ərzində düşmənin bütün hücumlarını dəf edir. Ermənilər xeyli sayda canlı qüvvəsini bu döyüşlərdə itirir. Sərhədçilər də bir neçə şəhid verir. İki aya yaxın müddətdə gedən qanlı döyüşlər zamanı ermənilər Böyük Bəhmənli kəndinin bir hissəsini işğal etsələr də, kəndi tam ələ keçirə bilmirlər. Dekabr ayında yenidən hücum edən düşmən bu dəfə Daxili Qoşunların müqaviməti ilə qarşılaşır. Daxili Qoşunların 5 əsgəri düşmən tankı ilə qeyri-bərabər döyüşdə geri çəkilməyərək həlak olur. Düşmən də bir neçə texnikasını itirərək yenidən geri çəkilir. 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Azərbaycan Silahlı Qüvvələri Araz çayı boyunca və Əhmədbəyli-Kürdmahmudlu-Alxanlı kəndləri istiqamətində əks-hücuma keçir. İki gün davam edən döyüşlərdə Azərbaycan Ordusu Horadiz qəsəbəsini və ətraf kəndləri düşməndən təmizləyir. Ermənilər bir neçə yüz nəfər canlı qüvvə itirir. Alxanlı istiqamətində hücum edən qüvvələrimiz isə Qaraxanbəyli, Qorqan kəndlərinədək irəliləməyə nail olur. Bu uğursuzluqdan sonra düşmən atəşkəs sazişini imzalamağa məcbur olur və 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalanır.
Bunu da qeyd etmək lazımdır ki, 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə sakin şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli Qarabağ müharibəsində ən çox itki və şəhid verən rayondur. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində 36 min 361 nəfər uşaq zərər çəkib, onlardan 155 nəfəri atasız-anasız qalıb.
Erməni təcavüzünə qarşı mübarizədə cəbrayıllılar da böyük qəhrəmanlıqlar göstəriblər. Bu mübarizədə 246 Cəbrayıl sakini şəhid olub, 91 nəfər əsir və itkin düşüb. Həmçinin erməni vəhşiliyi 177 nəfəri ömürlük əlil edib, şəhidlik zirvəsinə ucalan 6 rayon sakini isə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Hazırda cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonunda məskunlaşıb.
Uzun illərdən sonra, 2016-cı ilin aprelində Azərbaycan Ordusunun düşmən üzərində növbəti böyük qələbə qazanması hər bir azərbaycanlıda fəxarət hissləri yaratdı. Həmin döyüşlərdə ordumuz öz gücünün kiçik bir hissəsindən istifadə etməklə düşməni yerində oturtdu və onlara məğlubiyyətin acısını yaşatdı. 2016-cı il aprelin 2-də Azərbaycan Silahlı Qüvvələrinin əks-həmləsi ilə Lələtəpə yüksəkliyi, o cümlədən ətraf ərazilər işğalçılardan təmizləndi. Məlumat üçün bildirək ki, Lələtəpə Füzuli və Cəbrayıl rayonlarını nəzarətdə saxlamağa imkan verən çox mühüm strateji əhəmiyyət daşıyan yüksəklikdir. Erməni hərbçiləri bu yüksəkliyin verdiyi imkanlardan istifadə edərək ötən illər ərzində Qazaxlar, Mirzənağılı və Əhmədalılar kəndlərini, demək olar ki, daim atəş altında saxlayırdılar. Bu illər ərzində erməni gülləsindən ölənlər, yaralanan dinc sakinlər də az olmayıb. Ancaq onlar bir addım da olsun, geri çəkilməyiblər. Əksinə, kəndlər bir az da böyüyüb, yeni fərdi və ictimai binalar tikilib.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 1994-cü ilin yanvar ayında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilmişdi. Lakin Lələtəpə yüksəkliyində Ermənistan ordusunun mövqe tutması kəndin ərazisini faktiki olaraq təhlükə altında saxlayırdı. Yüksəkliyin azad edilməsi ermənilərin kəndə, oradakı mövqelərimizə yaratdığı təhlükəni aradan qaldırıb. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 24 yanvar tarixli “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə kənddə quruculuq işlərinə başlanılıb və qısa müddətdə kənd sakinlərinin bura qayıdaraq asayiş içində yaşaması təmin edilib. Cocuq Mərcanlının yenidən qurulması, ermənilərə və onların havadarlarına bir xəbərdarlıq olmaqla yanaşı, həm də hazırda işğal altında olan digər torpaqlarımıza da Böyük Qayıdış Proqramının başlanğıcı kimi qəbul edilib. Həmçinin 2018-ci il mayın 20-27-də Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji yüksəkliklərin işğaldan azad edilməsi və nəticədə, 11 min hektara yaxın ərazinin nəzarət altına alınması onu göstərdi ki, ordumuz müharibə deyil, elə kiçikmiqyaslı əməliyyatlarla da torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu isə o deməkdir ki, dövlətimiz təcavüzkar ölkənin işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq, ərazilərinin tapdaq altında qalması ilə razılaşmayacaq, torpaqlarının azad edilməsi üçün bütün vasitələrdən istifadə edəcək.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR