23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində artıq bir neçə ildir ki, aqrar sahədə daxili istehsal hesabına əhalinin əksər kənd təsərrüfatı məhsulları ilə təmin edilməsinə nail olunub. Kənd təsərrüfatı bitkilərinin əkin strukturunda əhəmiyyətli dəyişikliklər baş verib, dənli və dənli-paxlalıların, xüsusən buğdanın istehsalına diqqət artırılıb.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən aqrar islahatlar muxtar respublikamızda kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, taxılçılığın da inkişafına etibarlı zəmin yaradıb. Naxçıvanda 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması, bu sahənin inkişaf etdirilməsi üçün Tədbirlər Planının qəbul edilməsi və uğurla icra olunması isə aqrar sahənin inkişafına yeni stimul verib.
Taxıl strateji əhəmiyyətli bitkidir. Hər zaman bu sahəyə xüsusi qayğı göstərilib və göstərilir. Bunun ifadəsidir ki, mülkiyyətçilərin və sahibkar­ların taxılçılığa olan marağı getdikcə daha da artır, əkin sahələri genişləndirilir. Məlumat üçün bildirək ki, 2018-ci ilin payızında və 2019-cu ilin yazında muxtar respublikada 33308 hektar taxıl sahələrindən 24729 hektarı buğda, 8579 hektarı arpa olmaqla, əkin aparılıb və sahələrdən 102984 ton məhsul əldə olunub. Orta məhsuldarlıq 30,9 sentner təşkil edib.
Artıq payızlıq taxıl əkinlərinə hazırlıq işləri görülür. Taxılçılıqla məşğul olan fermerlər yadda saxlamalıdırlar ki, taxıldan yüksək məhsul əldə etmək üçün bütün aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir.

Hava şəraitinin qeyri-sabit keçməsi nəticəsində taxıl sahələrində pas xəstəlikləri müşahidə olunubsa, həmin sahələrdə təkrar taxıl əkini keçirilməməlidir. Taxılın əsasən kartof, tərəvəz, bostan və sair bitkilərdən sonra əkilməsi daha məqsədə­uyğundur. Taxıl əkiləcək sahə sələf bitkilərdən boşalan kimi hər hektar sahəyə imkan daxilində 20-30 ton üzvi və 250-300 kiloqram fosfor və 100-150 kiloqram kalium gübrələri verilərək 28-30 santimetr dərinlikdə şumlanmalıdır.Bitkilərin güclü böyüməsini, inkişafını və qışdan salamat çıxmasını təmin etmək, eləcə də əlverişsiz şəraitə müqavimətini artırmaq üçün torpağa fosfor gübrəsinin verilməsinin böyük əhəmiyyəti vardır. Haqlı olaraq el arasında ona “bar gübrəsi” də deyirlər.
Əldə olunmuş təcrübə onu göstərir ki, fosfor və kalium gübrələrinin illik normasının şum altına verilməsi məsləhətdir. Bundan başqa, azmünbitli torpaqlarda bitkiləri azotla normal təmin etmək üçün səpin zamanı toxumla birlikdə sahəyə azot gübrəsi də verilməsi məqsədəuyğundur.
Taxıl əkiləcək sahənin şumunu keyfiyyətli və səpindən 1-2 ay tez aparılması məhsuldarlığın 2-3 sentnerə qədər artırılmasına təsir göstərə bilir. Səpin optimal müddətdə aparılmalıdır. Təcrübələr göstərir ki, payızda bitkilərin güclü və mərhələli inkişafı toxumların vaxtında səpilməsindən asılıdır. Payızda bitkilərin xəstəliklərə tutulması, zərərvericilərlə zədələnməsi və dənin yetişmə vaxtı da səpin müddətindən asılıdır. Bütün bunlar bitkilərin sıxlığına, dənin keyfiyyətinə və məhsuldarlığına təsir göstərir. Ona görə də səpin optimal vaxtda başa çatdırılmalıdır. Optimal müddətdə səpilmiş sahələrdə bitkilər şaxtalar düşənə kimi kifayət qədər güclü yan köklər əmələ gətirir, möhkəmlənir və kollanır. Belə bitkilər qışın əlverişsiz şəraitinə davam gətirə bilir. Gecikmiş səpinlərdə isə cücərtilər payızda kollana bilmir və zəif halda qışlamaya başlayır. Payızda zəif kök almış bitkilər isə qışa az davamlı olur, onların çoxunu şaxta tələf edir və nəticədə əkinlərdə seyrəklik əmələ gəlir.
Muxtar respublika şəraitində əkinin aran zonalar üçün oktyabrın 1-dən 30-dək dağətəyi zonalar üçün sentyabrın 20-dən oktyabrın 25-dək aparılması məsləhətdir. Havalar səpin üçün əlverişli keçdikdə məhsulları gec toplanan bitkilərin yerində noyabr ayında da səpin aparmaq mümkündür.
Yüksək məhsul götürmək üçün tətbiq olunan aqrotexniki tədbirlər içərisində toxumun keyfiyyəti əsas yer tutur. Səpin üçün yüksəkkeyfiyyətli toxum materialının hazır­lanması mühüm şərtdir. Taxıl bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə etmək üçün bu bitkilərin toxumlarının sağlam və yüksək kondisiyalı olması təmin edilməlidir. Qeyd olunmalıdır ki, bu gün muxtar respublikada mülkiyyətçiləri toxumla təmin etmək üçün 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Taxıl­çılıqla məşğul olan torpaq mülkiyyətçiləri keyfiyyətli toxum materialı əldə etmək üçün həmin təşkilatlara müraciət edə bilərlər. Bundan əlavə, sahibkarların, torpaq mülkiyyətçilərinin özlərində olan toxumluq taxılın təmizlənməsində “Araz” Elm-İstehsalat Birliyinin toxumçuluq təsərrüfatında, “Bərəkət” toxumçuluq təsərrüfatında, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin yerli təşkilatlarında və “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin Taxıl Terminalında yaradılmış şəraitdən istifadə etmək olar.
Qeyd edək ki, toxum materialı bir çox xəstəliklərin törədiciləri ilə yoluxa bilər. Bu xəstəliklərin təsiri nəticəsində səpin normasına düzgün əməl edilsə də, sahədə sağlam cücərti alınması mümkün olmur. Toxumla yayılan, taxıl üçün qorxulu sayılan bir çox xəstəliklərin qarşısını almaq və ona qarşı mübarizə aparmaq üçün səpiləcək toxum materialının dərmanlanması ən vacib tədbirlərdən biridir. Bu xəstəliklərə qarşı mübarizə məqsədilə toxum tubazol (1,5 kiloqram ton), rubin (1,5 kiloqram ton), saneb (1,6 kiloqram ton) preparatlarının biri ilə səpinqabağı dərmanlanmalıdır.
Taxılın səpin norması sələflərindən, torpağın münbitliyindən, səpin müddətindən və üsulundan, əkiləcək sortun bioloji xüsusiyyətlərindən, toxumun təmizliyindən və mütləq çəkisindən və digər amillərdən asılı olaraq dəyişə bilər. Gecikmiş səpinlərdə səpin norması 10-15 faiz artırılmalıdır. Səpin aşağı norma ilə aparılarsa, bitkilər seyrək olur, alaqların inkişafı üçün əlverişli şərait yaranır. Ona görə də belə əkinlər az məhsul verir. Səpin norması çox olduqda isə sahədə bitkilər sıx olur, bir-birlərini kölgələndirir, torpaqda su və qida maddələri çatışmır. Nəticədə, bitkilər seyrək və cılız dənli kiçik sünbüllər əmələ gətirir.
Səpin norması bir hektara orta hesabla 230-250 kiloqram buğda, 180-200 kiloqram arpa toxumudur. Səpin zamanı respublikanın torpaq-iqlim şəraitinə uyğun gələn “Qobustan”, “Bezostaya-1”, “Fatimə”, “Quality” və “Renan” sortlarından, arpa sortlarından isə “Naxçıvan dəni” və “Cəlilabad-19” sortlarının əkilməsi məqsədəuyğundur. Səpin zamanı toxumlar torpağa elə basdırılmalıdır ki, onlar rütubət, istilik və hava ilə normal təmin oluna bilsinlər. Normal rütubətli və yaxşı becərilmiş torpaqlarda toxumun 5-6 santimetr dərinlikdə basdırılması məsləhətdir. Nəzərə almaq lazımdır ki, toxum dayaz basdırılarsa, taxılın kök sistemi torpaqla zəif əlaqədə olur və taxıllarda kök yatması baş verir. Bu, gələcəkdə məhsul itkisinə səbəb olur.
Səpin qurtaran kimi həmin sahəni mora və ya şırım açaraq suvarmaq lazımdır. Taxıl bitkilərinin suvarılmasında əsas üsullardan biri şırımlarla suvarmadır. Bu üsul tətbiq edildikdə torpaq yaxşı rütubətlənir, qaysaq əmələ gəlmir, torpağın strukturu yaxşı saxlanılır, su itkisi olmur, əl əməyindən az istifadə edilir, mora üsuluna nisbətən torpaq tam doyduğundan quraqlığa qarşı davamlı olur.
Göstərilən aqrotexniki tədbirlərə əməl edilərsə, yüksək məhsuldarlığın əsası qoyular.

Xaliq ABBASOV
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR