23 Dekabr 2024, Bazar ertəsi

Odlar yurdu Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvan olduqca əlverişli coğrafi şəraitdə yerləşir. Bu il muxtariyyət əldə etməsinin 95 illiyini qeyd edən bu qədim torpaq təcavüzkar və xain qonşularımız ermənilərin blokadası şəraitində yaşamasına baxmayaraq, sürətlə inkişaf edir, şəhər və kənd­lərimiz müasirləşərək gözəlləşir, insanların doğma yurda bağlılığı artır.
Bu gün muxtar respublikamızın bölgələrində aparılan tikinti-qurucu­luq işləri həyat ritminə çevrilib. Bu mənada, Culfa rayonunda da son illər xeyli quruculuq, abadlıq işləri həyata keçirilib, parklar salınıb, yollar çəkilib, tarixi-memarlıq abidələrimiz bərpa olunub, yaşıllıq zolaqları yaradılıb və həmin tədbirlər sürətlə davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bölgələrin inkişafına, abadlaşdırılmasına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, son illər Culfa şəhərində köhnə binaların əsaslı təmir olunması, yaradılan yeni infrastruktur, bir-birindən gözəl istehsal və xidmət sahələri insanların rahat yaşamasına xidmət edir.
Diqqətçəkən amillərdən biri də budur ki, Culfa şəhəri ilə yanaşı, onun ucqar kəndləri də günü-gündən müasirləşir, abad və yaraşıqlı ünvanlara çevrilir. Rayonun abad yaşayış məntəqələri sırasına ucqar dağ kəndi Ərəfsə də daxildir. Yaşıllıqlar qoynunda yerləşən, qədimliyi müasirliyə qovuşan Ərəfsə kəndinin gözəlliklərini, həyat ahəngini qələmə almaq arzusu ilə yolumuzu bu qədim yurd yerinə saldıq. Aran yerlərdə isti olmasına baxmayaraq, yuxarılara qalxdıqca sərin meh qəlbimizə dolur, könlümüzü oxşayırdı. Əlincə çayı boyunca sıralanan palıd, söyüd, armud, cəviz, badam ağacları bir-birini arxada qoyur. Gül-çiçəyin ətrində gözəlliyə qərq olmuş Ərəfsəyə çatırıq.

Günəşin işığında gümüş kimi parıldayan Əlincə çayı həzin-həzin oxuyur, sanki kəndə layla çalır. Gözyaşıtək dumduru, üzük qaşıtək şəffaf, parlaq suyu buz kimidir.
Bu torpağın gözəlliyindən ilham alan qaynar təbli şair övladları mərhum Əhliman Ərəfsəli, Təbəssüm Hacıyeva ruhlarından süzülüb gələn sözləri cilalayıb ilmə-ilmə misralara düzəndə çox güman ki, bu gözəlliklərdən bəhrələniblər:

Gömgöy meşəli, yaşıl bağları,
Uca çinarları, gözəl şamları,
Dərdlərə dərmandır bütün otları
Yurduma gözəllik verəndi kəndim,
Güllü-gülüstana dönəndi kəndim.

Gözəl bağlarının dadlı meyvəsi,
Axar çaylarının o həzin səsi,
Şirin sularının öz zümzüməsi
Yurduma gözəllik verəndi kəndim,
Güllü-gülüstana dönəndi kəndim.

Ərəfsə münbit torpağı, əlverişli iqlimi, bağlı-bağatlı meyvə bağları, dadlı-bərəkətli tərəvəz bitkiləri, özünün nadir dərman otları, gül-çiçək ətirli balı ilə tanınır. 177 hektar ərazini əhatə edən bu dağ kəndində 250 təsərrüfat var, əhalinin sayı isə 890 nəfərdir.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş aqrar islahatlar bu kənddə də uğurla həyata keçirilib və öz bəhrəsini verməkdədir. Dövlət qayğısı artdıqca Ərəfsənin təsərrüfat adamları daha çox torpağa bağlanır, öhdəliklərinə düşən həyətyanı və pay torpaqlarının qədrini bilir, təsərrüfatlarını genişləndirir, torpağı əkib-becərməklə özlərinə xoş gün-güzəran qururlar. Torpağa əyilən, yaxşı rifahı təsərrüfatda tapan Ərəfsənin zəhmətkeş insanları torpaqdan dürlü-dürlü bol nemətlər əldə edirlər.
Kənddə hər tərəfdən aydın görünən və xüsusi görkəmi ilə seçilən, müasir memarlıq üslubunda tikilmiş ikimərtəbəli məktəb binası diqqətimi cəlb edir. 2001-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə tikilib istifadəyə verilmiş geniş idman zalı, fənn kabinələri, laboratoriyası, elektron lövhəli sinfi, zəngin kitabxanası olan 225 şagird yerlik məktəb binası bu yurd yerində təhsilimizin in­kişafına dövlət qayğısının bariz ­nümunəsidir.
2008-ci ildə kənd əhalisinin sağlamlığının qayğısına qalmaq, ana və uşaqların müayinə olunması, uşaqlarda peyvəndlərin vaxtında aparılması üçün ambulatoriya binası da tikilib, burada hərtərəfli şərait yaradılıb.
Kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zamiq Əliyevlə söhbətimizdən aydın oldu ki, kənd əhalisinin əsas məşğuliyyəti tərəvəzçilik, bağçılıq, heyvandarlıq və arıçılıqdır. Heyvandarlığa gəlirli sahə kimi baxan kəndin təsərrüfat adamlarından Rafiq Nəcəfov, Məhərrəm Əliyev, Cəlil Hacıyev qoyunçuluqla, Elxan Kərimov, Şahsuvar Bayramov, Hicran Hacıyev və başqaları isə maldarlıqla məşğuldurlar. Burada ilin bütün fəsillərində pendir, qaymaq, xama, nehrə yağı, şor, qatıq tapmaq olar.
Bu yerlərin yaşıllığı, gül-çiçəyi və bolsulu bulaqları arıçılıq üçün çox əlverişlidir. Bu da kənddə arıçılıq təsərrüfatlarını genişləndirməyə imkan verir. Kənd sakinlərindən Vidadi Hacıyev, Füzuli Quliyev, Elxan Musayev, Telman Sadiqov və başqaları həmin gəlirli sahəni özlərinin daimi iş yerinə çeviriblər. Arıçılıqla məşğul olan təsərrüfat adamları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Pro­qramı”nın icrası istiqamətində görülən işlərdən bəhrələnərək var-qüvvələri ilə çalışır, əldə etdikləri qazancla öz ailələrinin gün-güzəranını daha da yaxşılaşdırırlar.
Ərəfsədə bağçılığa da önəm verən təsərrüfat adamları az deyil. Kənd sakinlərindən Adil Qələndərov və Nadir Əliyevin həyətyanı sahələrində saldıqları müxtəlif meyvə bağları göz oxşayır.
Bu yaşayış məntəqəsində bir sıra meyvələrlə yanaşı, cəviz ağacları diqqəti daha çox cəlb edir. Dağ yamaclarına tala-tala, topa-topa səpələnən cəviz ağacları kəndə xüsusi gözəllik bəxş edir. Dünyagörmüş ağsaqqallardan yaşı səksəni haqlamış Nəcəf Qələndərovla söhbət zamanı bildirdi ki, kənddə bu meyvəni yetişdirməyə maraq ildən-ilə artır. Çünki becərilməsi çox zəhmət tələb etmir və xeyli gəlirlidir.
Ərəfsə həm də öz Xəzinədərə və Gədik adlı meşələri ilə diqqəti cəlb edir. Meşəbəyi Cavad Cavadov vurğulayır ki, meşə təbiətin möcüzəsi, könül xoşluğudur. Meşə iqlimi tənzim edən, havanı təmizləyən, saflaşdıran bir dünyadır. Meşə yaşıllıqdır, məğrurluqdur, zümzüməsi kəsilməyən mahnı, heç vaxt söylənməmiş nağıl, su mənbəyi, sağlamlıqdır.
Meşəbəyi Cavad Cavadov onu da əlavə etdi ki, Xəzinədərə və Gədik meşələrində bu yer üçün xarakterik olan palıd ağacları çoxluq təşkil edir. Xatırladaq ki, 1990-cı illərin şaxtalı qış günlərində, qaz və işığın olmadığı çətin zamanlarda belə, ərəfsəlilər meşələri göz bəbəyi kimi qoruyub saxlaya biliblər.
Ucqar dağ kəndi Ərəfsədə gördüklərimiz qəlbimizi qürur hissi ilə doldurdu. Sevinirik ki, göstərilən dövlət qayğısının nəticəsində başqa kəndlərimiz kimi, bu yaşayış məntəqəsi də müasir Azərbaycan kəndinə çevrilib, insanların yaşayış tərzi yüksəlib.

Ədalət CƏFƏROĞLU

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR