23 Dekabr 2024, Bazar ertəsi

Qədim diyarımız tarixən zəngin təsərrüfat ənənələri ilə seçilib. Bu ənənələr içərisində isə meyvəçilik özünəməxsus yerə malikdir. Təsadüfi deyil ki, meyvəçilikdən söz düşəndə ilk olaraq ağlımıza belə ənənələri ilə məşhur olan Ordubad rayonu gəlir. Doğma Naxçıvanımızın bu bölgəsinə üz tutan qonaqların rayona xas olan milli mətbəxə maraqları artdıqca bu yurd yerinin meyvələrindən dadmaq və özləri ilə sovqat aparmaq istəyənlərin sayı da çoxalır. Elə bu səbəbdəndir ki, bu yaxınlarda Bakıdan gələn qonağım fürsət bilib Ordubadı gəzmək, daha çox təbii məhsulları, dünyada şöhrət tapan meyvələri ilə tanış olmaq istəyirdi. Bayram günləri olduğu üçün onun bu xahişini yerinə yetirməyi özümə borc bildim. Çünki biz hamımız həm də Naxçıvanımıza gələn qonaqların bələdçisi olmalı, diyarımızı hər yerdə tanıtmalı, təbliğ etməliyik. Ertəsi gün müasir Ordubad şəhərinin çinarlı, kəhrizli qədim məhəllələrini gəzib, təmiz havasında sərinlik tapdıq.

Qədim məhəllələr qonağımızı olduqca heyrətləndirsə də, bu barədə yazıb mətləbdən uzaq düşmək istəmirəm. Bir az da yol kənarlarındakı meyvə bağlarını gəzdikdən sonra həmsöhbətimi Ordubad şəhərindəki bazara aparmaq qərarına gəldim. Çünki həmin bazar Ordubadda meyvəçilik və mətbəx ənənələrinin nə qədər zəngin olduğunu nümayiş etdirən ünvanlardandır. Təsərrüfatçılar yetişdirdikləri təzə-tər məhsulları həmin bazara satışa çıxarmaqla həm də bu diyarın meyvəçilik şöhrətini nümayiş etdirirlər. Buradakı müxtəlif sortlarda şaftalı, gavalı, alma, armud, ərik, alça, çiyələk, böyürtkən və digər meyvə, tərəvəzlər bol məhsuldan xəbər verir. Digər tərəfdən qonağımızın gələn gündən sorağına düşdüyü Ordubadın sucuğu, alanası, miyanpuru, qaxı və çırtmasından da bu bazarda ürəyin istəyən qədər tapmaq mümkün idi. Yolboyu qonağıma ordubadlıların meyvələrdən mürəbbə və qurudulmuş halda qış üçün də hər zaman tədarük görmələri haqqında həvəslə məlumat verdim. Ona qurudulmuş armud, ərik və almadan qax, şaftalının xüsusi növü olan nazlı şaftalıdan alana, miyanpur, cəvizdən sucuq, alçadan çırtma hazırlanmasından, bu məhsulların nəfis görünüşündən və qeyri-adi ləziz dadından danışdım. Bildirdim ki, uzun müddət qaldığından bu məhsulları Ordubad bazarında ilin bütün fəsillərində tapa bilərsən. Bir sözlə, bu naz-nemətlər Ordubadın zəngin mətbəx mədəniyyətinin nümunəsi kimi müasir dövrümüzdə də süfrələrin bəzəyinə çevrilib. Etiraf edim ki, qonağımız da təzə məhsullardan daha çox Ordubad süfrəsinin bu nadir inciləri ilə maraqlanırdı. Dadına baxdıqca onların necə hazırlanmasından tutmuş istifadəsinə və faydalarına qədər hər biri haqqında məlumat almaq istəyirdi.

Uzun illər bu işlə məşğul olan və özünə bununla gün-güzəran quran Ordubad rayon sakini Fəxrəddin Möhsünovla bu barədə söhbət etdik. Fəxrəddin kişi dedi ki, meyvələri qurudaraq qış üçün tədarük görürük. Özümüzə və pay tutacaq qohum-əqrəbalarımıza yetəcək qədərini ayırır, qalanını istər Ordubad, istərsə də Naxçıvan bazarında satışa çıxarırıq. Alıcısı çox olduğundan gəlirimiz də yaxşıdır.
Fəxrəddin Möhsünov onu da əlavə etdi ki, Ordubad bölgəsi qədim dövrlərdən bu sahə üzrə xüsusilə seçilib. Meyvələrin qurudulması, onlardan müxtəlif qida məhsullarının hazırlanması xüsusi qaydalara əsaslanır ki, bunu da biz ordubadlılar çox yaxşı bilirik. Çünki dədə-babadan belə görmüşük. Meyvəçilikdə əsas işlərdən biri məhsulun toplanması və saxlanmasıdır. Nə qədər sadə görünsə də, qurudulması nəzərdə tutulan meyvələr xüsusi qaydada yığılmalıdır. Əsas məsələ onların əzilməməsidir. Buna görə də ağaclardan alma, armud, nar, heyva və bu qəbildən olan digər meyvələri bir-bir yığmaq lazım gəlir. Bu üsula “dəstəçin” deyirik. Meyvələr içərisinə qıjı, yəni quru ot yığılmış qablara xüsusi qayda ilə düzülür. Armud kimi daha hündür, əlçatmaz ağacların meyvəsi isə “koqar” adlı alət vasitəsilə dərilir.
Qeyd edim ki, Ordubadda insanları xüsusi qonaqpərvərliklə qarşılamaq da qədimdən bəri qorunub saxlanılan ən gözəl adətlərdəndir. Fəxrəddin kişi alananın hazırlanması qaydası haqqında bizə məlumat verməyi ömür-gün yoldaşı Kifayət xanıma həvalə etmişdi. Və biz söhbətimizi onların evində, mürəbbəli, çərəzli çay süfrəsi ətrafında davam etdiririk. Təbii ki, xoşətirli Ordubad limonu da öz yerində.
Süfrəni naz-nemətlə bəzəyən Kifayət xanım deyir ki, Ordubad keçmiş zamanlardan bəri meyvəçilik ənənəsinə görə şöhrət qazanıb. Ta qədimdən qax, kişmiş, alana, sucuq, miyanpur, habelə qoz ləpəsi, fındıq, badam, püstə, iydə kimi çərəzlər Ordubad süfrələrinin bəzəyi olub. Əhali müxtəlif meyvə qurularından çərəz kimi istifadə edib, qonum-qonşuya, dost-tanışa pay verib. Onlar arasında Ordubad alanası da dillər əzbərinə çevrilib. Bu diyarda alana hazırlamaq üçün daha çox şaftalı qurusundan istifadə olunur. Onun dediklərindən: – Alana, əsasən, nazlı şaftalı növündən və şəkəri armuddan hazırlanır. Qabığı soyulmuş meyvəni tənzifə büküb 2-3 gün günəvər yerdə saxlayırıq. Sonra armud və ya şaftalının çəyirdəyini çıxarıb onun yerinə qoz ləpəsi və şəkər tozundan olan qarışığı doldururuq. Ağzını da elə həmin meyvənin özündən hazırladığımız “qapaq”la bağlayırıq. 15-20 gün açıq havada saxlandıqdan sonra alana tam hazır olur.
Ordubadın alanaya bənzər digər dadlı bir təamı olan miyanpur barədə də Kifayət xanımdan məlumat alırıq. O deyir ki, alana ilə miyanpuru dəyişik salanlar da var. Çünki onların hər ikisi nazlı şaftalıdan eyni qaydada hazırlanır. Lakin alanadan fərqli olaraq miyanpurun içinə hazırlanmış qarışıq deyil, sadəcə, cəviz ləpəsi qoyurlar. Miyanpuru alanaya nisbətən daha uzun müddət saxlamaq olur. Bu, ona görədir ki, içindəki cəvizin tərkibində yağ çoxdur və bu, meyvənin uzun müddət keyfiyyətini qoruyub saxlamasına səbəb olur.
Ev sahibi ilə Ordubad sucuğu barədə də söhbət etməsək, olmazdı. Çünki ana vətəni Ordubad olan sucuq muxtar respublikamızın hüdudlarından kənarda da məşhurdur. Kifayət xanım bu barədə deyir ki, sucuq, alana, miyanpur kimi quru meyvələrdən hazırlanan təamlar bizə ulu nənələrimizdən qalıb. Sucuğu hazırlamağı mənə nənəm öyrədib. Mən də onları övladlarıma, nəvələrimə öyrədərək bu ənənənin davam etdirilməsinə çalışıram. O bildirir ki, bu təamı hazırlamaq üçün yaş cəvizdən istifadə edirik. Cəvizin ləpələri yaş-yaş sapa düzülərək qurudulur. Un, şəkər tozu, ədva, doşab qarışığından bişirdiyimiz bulamac bir qədər soyudulur. Sapa düzülmüş cəviz ləpəsi bir neçə dəfə bulamaca batırılıb-çıxarılır. Sonra qurutmaq üçün ipdən asılır. Sucuq elə yerdə saxlanılmalıdır ki, həmin yerdə rütubət olsun. Çünki bu, sucuğun yumşaq qalmasına kömək edir. Onun yumşaq qalması üçün həmin qarışığı düyü unundan da hazırlamaq olar. Onu da qeyd edim ki, Ordubadın çox yerində bu ləziz təama sucuq yox, “basdıq” deyilir. Ordubadda belə bir adət də var ki, alana, miyanpur, sucuq, meyvə quruları və çərəzlər gəlin köçən qızlarımızın cehiz sandığına qoyular, həmin ­təamlar bəy xonçalarını bəzəyər.
– Quru meyvələr ilboyu əhalini faydalı vitamin və minerallarla təmin edən məhsullardandır. Onlar sağlamlıq üçün təzə meyvələr qədər xeyirlidir. Hazırda ticarət şəbəkələrində müxtəlif çeşiddə, növdə və keyfiyyətdə quru meyvələr təklif olunur. Alıcı isə bəzən hansı məhsulun daha keyfiyyətli olduğunu bilmədiyindən seçim qarşısında qalır. Bəs çərəzlərin təbii yollarla qurudulduğunu və keyfiyyətli olduğunu anlamaq üçün nəyə fikir verməliyik?
Həyatını bu işə sərf etmiş Fəxrəddin Möhsünov qonağımızın bu barədə suallarına aydınlıq gətirərək deyir ki, quru meyvələrin keyfiyyəti barədə ilk olaraq onların xarici görünüşü xəbər verir. Belə ki, yumşaq və parlaq görünüşlü quru meyvələr daha keyfiyyətli olur. Onun keyfiyyətini təsdiq edən digər cəhət budur ki, təbiiliyi qorunaraq hazırlanmış quru meyvələr həmin meyvəyə xas olan ətrə malik olur. Əgər meyvədən məhsul üçün qeyri-spesifik iy hiss edilərsə, bu, məhsulun keyfiyyətsiz və sağlamlıq üçün təhlükəli olduğunu göstərir.
Bəli, meyvəçiliyin şöhrəti ilə özünü hələ yüz illər bundan əvvəl təsdiq etmiş Ordubad həm də milli məişət mədəniyyətimizin dəyərli elementlərini özündə saxlayır. Keçmişdə olduğu kimi, müasir dövrdə də bu qədim yurdumuzun sakinləri bölgəyə xas ənənələri yaşadırlar. Sevindirici haldır ki, bu gün Ordubadda onlarla ailə təsərrüfatı bu ənənələri yaşadaraq öz dolanışıqlarını təmin edirlər. Bu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması isə belə təsərrüfatların fəaliyyətini daha da genişləndirməsinə stimul verir. Biz isə göstərdikləri xoş münasibətə, qonaq­pərvərliyə və bizdə yaratdıqları zəngin təəssüratlara görə ev sahiblərinə minnətdarlıq edib geri dönməyi qərara alırıq.
Qədim məhəllələrin dar küçələri ilə şəhərin mərkəzinə doğru irəliləyərkən düşünürdüm ki, Ordubad əbəs yerə “Azərbaycanın incisi” adlandırılmayıb. Burada müasirliklə yanaşı, keçmişdən qalanlar da qorunub yaşadılır. Adət-ənənələrdən tutmuş qədim tikililərə qədər. Qonağımızın da dediyi kimi, bu küçələrdə Azərbaycanın keçmişinin bütöv bir mənzərəsini əks etdirən maraqlı film çəkmək olar.
Doğrudan da, bu diyar, əslində, bütövlükdə bir tarixdir. Bu tarixi yaşadanlar Ordubadın doğma yurduna bağlı sakinləri, şahidi isə yaşı min illərə dayanan qocaman çinarlardır. Bu diyara gəlib, şəhəri başdan-başa əhatəsinə alan qoca çinar ağaclarının təsirinə düşməmək də mümkün deyil. Ordubad çinarları ilə bağlı təəssüratlarımızı isə siz dəyərli oxucularımızla növbəti yazıda paylaşacağıq.

Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR