23 Dekabr 2024, Bazar ertəsi

Hərtərəfli və dayanıqlı iqtisadi inkişaf, sosial cəlbedicilik, məşğulluq və yoxsulluğun azaldılması, təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi, mədəni dəyərlər və təhlükəsizlik turizmdə mühüm məsələlərdən hesab edilir. Bütün bu amillər Naxçıvan Muxtar Respublikasında da turizmin inkişafında prioritet istiqamət kimi götürülüb.
Turizmin inkişaf etdirilməsi isə muxtar respublikada aparılan miqrasiya siyasəti ilə sıx bağlıdır. Bu məqsədlə də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti işini günün tələbləri səviyyəsində qurmaqla fəaliyyətini gücləndirib və bu istiqamətdə işin təşkilinə diqqəti artırıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” Dövlət Miqrasiya Xidmətinin də üzərinə bir sıra öhdəliklər qoyub, vəzifələr müəyyənləşdirib. Xidmət tərəfindən həmin vəzifələrin icrası istiqamətində silsilə tədbirlər həyata keçirilir. Belə ki, turizm sektorunun inkişafı üçün muxtar respublikada əlverişli mühitin formalaşması məqsədilə sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələrində sürətli keçidin təmin edilməsi üçün zəruri addımlar atılıb.

Fərəhli haldır ki, bu gün Dövlət Miqrasiya Xidməti üçün konkret sahələr üzrə 9 xidmət növü müəyyənləşdirilib. Artıq bu sahələr əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının istifadəsinə verilib. Həmin xidmət növləri, əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşaması, müvəqqəti olma müddətinin, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, miqrasiya orqanlarına işə qəbul, dövlət rüsumlarının və cərimələrin onlayn ödənilməsi ilə bağlı sahələri əhatə edir.
Bu gün qədim diyarımızda turizmin inkişafı və yay turizm mövsümü ilə əlaqədar turistlərin axını xüsusilə sərhəd-buraxılış məntəqələrində miqrasiya bölmələrinin məsuliyyətini daha da artırıb. Bunun nəticəsi olaraq muxtar respublikamıza gələnlərə nümunəvi miqrasiya xidməti göstərilir, turistlərə köməklik edilməklə vaxt itkisinin qarşısı alınır. Diyarımıza təşrif buyuran qonaqlar əgər muxtar respublikamızda müvəqqəti olmaları haqqında dəqiq məlumatlara sahib deyillərsə, miqrasiya bölmələrində elektron məlumat köşkləri vasitəsilə lazımi məlumatları əldə edə bilirlər. Dövlət Miqrasiya Xidmətinin əməkdaşları sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində xarici ölkə vətəndaşlarının həm sənədlərinin yoxlanılmasında, həm də onlarla dialoqda etik davranış qaydalarına ciddi əməl edirlər. Burada əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması onların əlavə məsafə qət etməsinin və xərc çəkməsinin qarşısını alır. Miqrasiya bölmələrinin fəaliyyəti muxtar respublikada yaşayan əcnəbilərin rahatlığı üçün atılmış növbəti addımın əyani göstəricisidir.
Sərhəd-buraxılış məntəqələrinin fəaliyyəti yüksək səviyyədə təşkil olunmaqla Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə xarici ölkə vətəndaşlarının Dövlət Miqrasiya Xidmətinə gəlmədən olduğu yer üzrə qeydiyyata alınma prosesinin operativliyi artırılıb. Bunun nəticəsidir ki, cari ilin I yarım ili ərzində sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələri tərəfindən 950-yə yaxın əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb.
Fərəh hissi ilə deyə bilərik ki, Naxçıvan yurdumuza üz tutan qonaqların diqqətini ildən-ilə daha çox cəlb edir. Rəsmi olaraq əldə olunan statistik rəqəmlər də bunu deməyə əsas verir. Belə ki, 2019-cu ilin I yarım ili ərzində muxtar respublikamıza 196 min 474 nəfər turist gəlib ki, bu da 2018-ci ilin birinci yarım ili ilə müqayisədə 0,3 faiz çoxdur.
Əlbəttə ki, muxtar respublikamıza gələn turistlərin rahatlığı, istirahətlərinin yaxşı təmin olunması, həmçinin asudə vaxtlarının səmərəli keçməsi nə qədər əhəmiyyət kəsb edirsə, onların hüquq və azadlıqları, vəzifələri, eyni zamanda səfər etdikləri diyarla bağlı məlumatlı olmaları da bir o qədər diqqət mərkəzindədir.
Dövlət Miqrasiya Xidmətinin qanunvericiliyə uyğun olaraq öz vəzifə səlahiyyətlərini həyata keçirməsində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi prioritet yer tutur. Ölkə vətəndaşlarına, o cümlədən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron xidmətlərin göstərilməsi zamanı 202 Miqrasiya Məlumat Mərkəzinin rolunu xüsusi vurğulmaq lazımdır. Mərkəz vətəndaş məmnunluğunun və qanunçuluğun təmin edilməsi, müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, sui-istifadə əməllərinin qarşısının alınması, xidmətin fəaliyyətinin təkmilləşdirilməsi üçün daxil olmuş müraciətlər əsasında təhlillərin aparılması məqsədilə təşkil olunub.
Bu gün muxtar respublikamızda turizmin təbliği məqsədilə görülən işlər arasında Dövlət Miqrasiya Xidmətinin rəsmi saytı xüsusi yer tutur. Belə ki, cari ilin əvvəlində tamamilə yenilənərək həm funksionallıq, həm də dizayn baxımından müasirləşdirilən və zamanın tələbinə uyğunlaşdırılan xidmətin rəsmi internet saytının daha çox əcnəbilər tərəfindən istifadəsi nəzərə alınaraq www.migration.nmr.az adı ilə də fəaliyyəti təmin edilib. Məlum olduğu kimi, əcnəbilərin ingilis dilinə üstünlük verməsi və saytın ikinci adının elə həmin dildə fəaliyyət göstərməsi istifadəçilərin işini daha da asanlaşdırıb. Bu gün muxtar respublikamıza gəlmək, qədim yurd yerini görmək arzusunda olan qonaqlar artıq buraya gəlmədən əvvəl istər miqrasiya qanunvericiliyi ilə bağlı, istərsə də diyarımızın turizm potensialını əks etdirən məlumatları ingilis dilində ala bilirlər. Həyata keçirilən bu cür maarifləndirmə işləri onu göstərir ki, elektron xidmətlər birbaşa onların rahatlığı üçün düşünülüb.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz uğurla inkişaf edir, dünyada söz sahibi olan, güclü iqtisadiyyata və qüdrətli orduya malik bir dövlət kimi tanınır. Bu qüdrətli dövlətin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da ulu öndərimizin ideyalarının dönmədən həyata keçirilməsi nəticəsində əsl inkişafa qovuşub. Ölkə Prezidenti cənab İlham Əliyev bu barədə deyib: “...Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri – quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır”.
Bu gün miqrasiya proseslərinin beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənməsi və günün tələblərinə uyğun aparılması, miqrasiya prosesləri üzərində dövlət nəzarətinin gücləndirilməsi, turistlərin rahatlığının təmin edilməsi istiqamətində görülən işlərlə Dövlət Miqrasiya Xidməti də turizm sahəsinə öz töhfəsini verməyə çalışır.

Arif BAYRAMOV
Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR