Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Naxçıvan Günəş Elektrik Stansiyasında “Elektrik stansiyalarında yanğınların qarşısının alınması və söndürülməsi zamanı idarəetmə orqanları və qüvvələrin fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Təlimə nazirliyin aparatının və Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin müvafiq vəzifəli şəxsləri, Naxçıvan şəhər, Babək, Şahbuz və Kəngərli rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin yanğından mühafizə bölmələri, Böhrаn Vəziyyətlərində İdаrəеtmə Mərkəzinin “112” qaynar telefon xətti, “101” xidməti və Naxçıvan Günəş Elektrik Stansiyasının rəhbərliyi cəlb olunub.
Təlimin keçirilməsində məqsəd stansiyada ehtimal olunan yanğınlar zamanı yаrаnа biləcək vəziyyətin qiymətləndirilməsi və qərarın qəbulu üzrə təlim iştirаkçılаrınа təcrübə qаzаndırmаq, yanğınların söndürülməsi zamanı yanğından mühafizə bölmələrinin uzlaşmış fəaliyyətini təşkil etmək, həmçinin yanğınların operativ və cəld söndürülməsi üçün qüvvə və vasitələrin düzgün bölüşdürülməsinə, yanğın sahələrinin məhdudlaşdırılmasına, yanğınsöndürmə texnikalarının hərəkətinin məhdud olduğu ərazilərdə əlaltı vasitələrlə yanğının söndürülməsinə nail olmaqdan ibarət olub.
Təlim planına uyğun olaraq birinci mərhələdə Günəş Elektrik Stansiyasında ehtimal olunan yanğınlar zamanı yarana biləcək vəziyyətin qiymətləndirilməsi, yanğından mühafizə bölmələrinin təlim rayonunda yerləşdirilməsi və yanğının həlledici istiqamətlərinin müəyyənləşdirilməsi üzrə müvafiq vəzifəli şəxslərin məruzələri dinlənilib və yanğının söndürülməsi üçün qərar qəbul edilib.
İkinci mərhələdə Günəş Elektrik Stansiyasının 2, 4 və 5-ci günəş panelləri ərazisində şərti baş vermiş yanğınların söndürülməsi üzrə idarəetmə orqanlarının və qüvvələrin uzlaşmış fəaliyyəti təşkil olunub, təlim yerlərində yanğından mühafizə bölmələrinin praktik fəaliyyətinə qiymət verilib. Yanğınsöndürənlərin cəld və çevik fəaliyyəti nəticəsində yanğınların qarşısı vaxtında alınıb. Şərti yanğınların söndürülməsində Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin 20 nəfər şəxsi heyəti, 2 ədəd “Kamaz” markalı, 1 ədəd “İveco” markalı yanğın avtomobili, eləcə də Babək, Şahbuz və Kəngərli rayon şöbələrinin, ümumilikdə, 31 nəfər şəxsi heyəti, 3 ədəd “Kamaz” markalı yanğın avtomobili iştirak edib. Təlim uğurla başa çatdırılıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub, yanğınsöndürmə bölmələri təcrübə qazanıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə
Hallar Nazirliyinin mətbuat xidməti